Rauf Arifoğlunun Müsavatı tərk edərək "Ümid"ə qoşulmaq qərarı vəziyyəti dəyişəcək
"Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında uzun müddətdir ki, davam edən kəskin qarşıdurmalardan, təhqir və müxalifətə xəyanət ittihamlarından sonra sözügedən prosesdə yeni məqamlar üzə çıxmağa başlayıb. Belə ki, artıq Rauf Arifoğlunun "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə müəyyən razılığa gələrək, onun sədrlik etdiyi siyasi təşkilat sıralarına keçəcəyi məlum olmaqdadır. Əgər nəzərə alsaq ki, Rauf Arifoğlu bir müddət öncə Müsavat sıralarından istefa verəcəyini mətbuata açıqlamışdı, bu zaman nəyin necə inkişaf edəcəyini də proqnozlaşdırmaq mümkündür.
Məsələn, ilk öncə qeyd edə bilərik ki, əslində, "Yeni Müsavat"-"Azadlıq" çarpışmasının əsasında Müsavat partiyası ilə AXCP-nin arasındakı düşmənçilik mövqeyi dayanır. 2013-cü ilin prezident seçkilərindən sonra AXCP-nin də təmsil olunduğu, eləcə də idarəçiliyində əsas rol aldğı "Milli Şura"nın sıralarından Müsavatın çıxması sözügedən düşmənçiliyin qızışmasına daha kəskin rəvac verdi. Hansı ki, onsuz da həm AXCP, həm də Müsavat arasında yarandıqları dövrdən indiyə qədər çoxsaylı savaşlar baş verib. Ancaq budəfəki savaş hər iki siyasi təşkilat arasında barışıq üçün, necə deyərlər, "barmaqyeri" qoymayıb.
Rauf Arifoğluna Müsavat rəhbərliyi tərəfindən ən azından təskinlik belə verilmir
Söz yox ki, partiyalararası savaşda onlara yaxın olan medialar da fəal hərəkətə keçirlər. Bu xüsusda da "Yeni Müsavat"la "Azadlıq" arasındakı savaş öz sözünü deməkdədir. Lakin onu qeyd edək ki, əgər "Azadlıq" qəzeti "Yeni Müsavat" tərəfindən hər hansı bir kəskin, sərt yazıya görə hücuma məruz qalırsa, dərhal AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənli qarşı tərəfin cavabını verir, müəyyən arqumentlərini ortaya qoyaraq, Rauf Arifoğlunu ittiham edirdilər.
Ancaq əksinə olduqda, yəni "Azadlıq" qəzeti "Yeni Müsavat"ı hədəfə götürdükdə, nədənsə Müsavat üzvü olan, bu partiyaya çoxsaylı töhfələrini verən, həbslərdə yatan Rauf Arifoğluna partiya rəhbərliyi tərəfindən ən azından təskinlik belə verilmir. O ki qala AXCP və "Milli Şura" rəhbərliyinə, "Azadlıq" qəzetinə tərəf daha sərt ittihamlar səsləndirmələrinə.
Rauf Arifoğlu "Ümid" sıralarında parlament seçkilərinə qatılacaq
Təbii ki, belə olan məqamda Rauf Arifoğlu mövcud vəziyyətilə barışmayaraq, o cümlədən, Arif Hacılının başqanlığını qəbul etmədiyini etiraf edərək, Müsavat sıralarından çıxacağını bəyan edib. Onun növbəti siyasi təşkilat dayanacağı isə "Ümid" partiyasıdır. Belə ki, Rauf Arifoğlunun İqbal Ağazadənin partiyasında vəzifə tutacağı, parlament seçkilərində isə namizədliyini irəli sürəcəyi də artıq indidən məlum ola bilər.
Əslində, hər iki adıçəkilən şəxs arasında çoxdan bəri müəyyən yaxınlıq münasibətlərinin mövcud olması da kimsəyə sirr deyil. Məsələn, dəfələrlə "Yeni Müsavat" qəzetinin buraxılışlarında "Ümid" partiyasının bülletenləri üçün səhifələrlə yer ayrılıb. Xüsusilə, seçkilər ərəfəsində "Ümid"in təbliğatında "Yeni Müsavat" təşəbbüslər göstərib. Bu isə Rauf Arifoğlunun, həqiqətən də, "Ümid" sıralarına keçəcəyini təsdiq edəcək bir proqnozdur. O cümlədən, əgər "Yeni Müsavat" qəzeti bundan sonra Müsavata deyil, "Ümid" partiyasına yaxınlığı ilə seçiləcəksə, onda İqbal Ağazadənin AXCP və "Milli Şura"ya qarşı mövqeyini də nəzərə ala bilərik. Çünki o da Əli Kərimli-Cəmil Həsənli cütlüyünə qarşı düşmənçilik mövqeyi ilə seçilir. Eyni zamanda, Ağazadəyə Arifoğlu dəstəyi indi hava və su kimi lazımdır. Əgər Rauf Arifoğlu İqbal Ağazadə cinahına keçərsə, hazırda onun tərəfdarlarının da "Ümid" sıralarına keçəcəyini istisna etmək olmaz.
Belə olan vəziyyətdə, yəni Rauf Arifoğlunun Müsavat partiyasının sıralarını tərk edib, "Ümid"ə qoşulacağı zaman siyasi müxalifətdə daha gərgin və kəskin qarşıdurmaların şahidlərinə çevriləcəyik.
R.RƏSULOV