"Bu gün Azərbaycan xalqı, idmansevərlər, ölkəmizə təşrif buyuran Avropa ölkələrinin nümayəndələri, ümumiyyətlə oyunları izləyən hər bir kəs I Avropa Oyunlarının həm Azərbaycan, həm də Avropa üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edərək obyektiv qiymətləndirir. Çünki idman dövlətləri, millətləri, xalqları bir-birinə yaxınlaşdıran sülhə, qardaşlığa xidmət edən ən gözəl vasitədir". BunuSİA-ya Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova İlk Avropa Oyunlarının nəticələri haqqında fikirlərini bildirərkən deyib.
Bahar Muradova qeyd edib ki, artıq neçə gündür bütün ictimaiyyət oyunların açılış və bağlanış mərasiminlərinin möhtəşəmliyindən danışır: "Yerli media ilə yanaşı, xarici medialarda da oyunlara geniş yer verilməsi bir daha onu göstərdi ki, Azərbaycan bu kimi beynəlxalq layihələrin təşkilatçısı, təşəbbüskarı rolunda çıxış edərkən bu layihələrin uğuruna öncədən rəvac verir. Dövlətimiz başlatdığı bütün layihələri uğurla həyata keçirdiyi, qarşısına qoyduğu hədəflərə məqsədyönlü şəkildə yetişdiyi kimi, bu məqsədinə də yetişdi və əsl idman bayramını ölkəsinə yaşatdı. Bununla da hər bir vətəndaşımız idman sevincini duydu, idman həyəcanını yaşadı. Bütünlükdə Azərbaycan xalqı oyunların keçirilməsində, təşkilatında bir komanda şəklində çıxış etdi ki, onun da nəticəsi göz önündədir. Biz öz qalibiyyətimizi İlk Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyinə dair qərar verildiyi andan qazanmışdıq. Amma buna baxmayaraq, idmançılarımız öz yüksək nailiyyətyləri ilə seçildilər və medal sıralamasında ikinci yeri tutdular. Bununla da Azərbaycan idmanının nə qədər yüksək pillədə dayandığını sübut etmiş olduq. Ölkə Prezidenti cənab İlham Əliyevin həm Prezident, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkənin ən prioritet istiqamətlərindən biri seçməsinin, idmançılara göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan dünyada ən yüksək standartlara və idman infrastrukturuna malik ölkə kimi tanınır. Xalqımıza bir inam daha aşılandı. Belə ki, məqsədyönlü bir işin araxasınca getdikdə bu işin sonu mütləq uğurla nəticələnir. Hazırda Azərbaycan bir uğur simvolu kimi çıxış etməkdədir. Bu, həm dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, həm də dünya ölkələri sırasında yerimizin, mövqeyimizin, nüfuzumuzun güclənməsində, əhalinin sosial imkanlarının genişlənməsində, hərbi gücümüzün və iqtisadi imkanlarımızın artmasında özünü göstərir".
Vitse-spiker Oyunların açılış və bağlanış mərasimlərində iştirak etdiyini və bundan qürur duyduğunu bildirərək qeyd edib ki, bu qürur hissi bizi daha artıq nailiyyətlər əldə etməyə sövq edəcək: "Müstəqil siyasi iradə sahibi olan ölkənin öz xalqını və millətini daha da irəliyə aparacağına dair inamımız hər gün daha çox artır. Azərbaycan onu hədəf seçən qara qüvvələrin qarşısında ləyaqətlə, cəsarətlə, mətinliklə dayanmağı bacaran dövlətdir. Bu gün Azərbaycan Prezidenti ölkəsinin hər bir vətəndaşının qarantı kimi, xalqa bütün fəaliyyəti dönəmində qürur və şərəf yaşadan bir azərbaycanlı qismində çıxış edir. Bu keyfiyyətlər gələcək üçün bizlərə geniş planlar cızmağa stimul verir".
Bahar Muradova həmçinin Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsinə də münasibətini bildirərək qeyd edib ki, sözün həqiqi mənasında Azərbaycanın birinci xanımı yarışların təşkilində mühüm xidmətlər göstərdi: "Məhz onun nəticəsidir ki, bizimlə yanaşı, bütün beynəlxalq ictimaiyyət Oyunlar barədə yüksək fikirlər səsləndirirlər. Hesab edirəm ki, əgər cənab Prezidentin cəsarəti, qətiyyəti oyunların keçirilməsində böyük rol oynadısa, birinci xanım Mehriban Əliyevanın da gərgin əməyi, zəhməti və yüksək zövqü nəticəsində bu Oyunlar hələ uzun illər yaddaşlardan silinməyəcək izlər qoydu. Heç də təsadüfü deyil ki, Mehriban Əliyeva Azərbaycanın ən ali mükafatı ilə təltif edildi. O, Heydər Əliyev irsinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində böyük fədakarlıq və qətiyyət nümayiş etdirməklə yanaşı, gənc nəslin sağlamlığının hamisi olaraq da bu mötəbər idman tədbirinin təşkilində çox yüksək səviyyədə əzm və bacarıq sərgilədi. Mən Azərbaycanın birinci xanımının fəaliyyəti ilə bir daha qürur duydum. Ölkə Prezidentinə isə Onun əməyini bu cür qiymətləndirdiyi üçün öz təşəkkürümü bildirirəm".
sia.az