Zahid Oruc: "Qərb Azərbaycana qarşı sanki cəza qanununu ona görə işə salıb ki, ..."
"Bəzi beynəlxalq təşkilatların qərəzli hesabatları konkret yürüdülən siyasətin tərkib hissəsidir. Yəni konkret olaraq cızılmış bir ssenari var və bunun səbəbləri də sırf Azərbaycanın daxili həyatına bağlı deyil". Bu fikirləriSİA-ya millət vəkili Zahid Oruc bəzi beynəlxalq təşkilatların qərəzli bəyanatlarına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, son günlər xüsusi olaraq Azərbaycanla Rusiyanın yaxınlaşmasından dolayı ABŞ və Qərb sanki cəza qanununu işə salıb: "Qərb dairələri gözləyirdi ki, neft və qaz sektorunda Avropanın tərəfdaşına çevrilmiş Azərbaycan Ukrayna hadisələri üzərindən bu dairələrlə koalisiyada Rusiya əleyhinə çıxacaq. Çünki yaxın qonşuluq siyasətində iştirak edən 6 dövləti buraya qatmaqda əsas niyyət bu ölkələri Rusiyanın təsir dairəsindən çıxarmaq idi. Bunlar baş vermədi. Azərbaycan öz müstəqil iradəsini ifadə edərək Rusiya əleyhinə planlara qoşulmadı. Bundan sonrakı mənzərə isə ortadadır. Avropa Oyunları öncəsi keçirilən dinləmələr, Avropa Şurasında qəbul edilən qətnamələr və ABŞ Dövlət Departamentinin verdiyi bəyanat hamısı vahid planın tərkib hissəsidir".
Zahid Oruc eyni zamanda onu da deyib ki, nə qədər ki, Azərbaycan öz iradəsi ilə hərəkət etməyə çalışacaq, kənar qüvvələrin planlarına qoşulmaq istəməyəcək o zamana qədər bizə qarşı təzyiqlər davam edəcək: "Əgər Avropa Şurası anti-erməni qətnamələrindən geri çəkilərək, Dağlıq Qarabağla bağlı müddəanı qətnamədən çıxarırsa bu o deməkdir ki, Ermənistan vasitəsi ilə Azərbaycandan intiqam almağa çalışır. Sanki belə bir mesaj verirlər ki, Dağlıq Qarabağ məsələsində sizi deyil, Ermənistanı müdafiə etməklə, erməniləri öz tərifimizə çəkməklə Azərbaycanın Rusiya ilə münasibətlərinə zərbə vurmağa çalışacağıq. Onlar şahidi oldular ki, Azərbaycan Ukraynanın bütövlüyünü tanısa da, Rusiya ilə heç bir konfliktə girmədi və ikitərəfli münasibətlərini qoruyub saxlaya bildi. Bütün bunlara baxmayaraq düşünürəm ki, biz Qərbdən üz çevirəsi deyilik. Bu gün ABŞ da Barak Obama iqtidarı və yaxud da Almaniyada Angela Merkel siyasəti bir sıra problemlər meydana çıxarırsa bunu Azərbaycan yaratmır. Bu qüvvələrə görə dövlətimiz balanslı siyasətdən imtina edərək Avropa mövqeyini, Avropa postunu tamamilə qapamayacaq. Qərblə münasibətlərimizin üstündən xətt çəkərək, neft-qaz müqavilələrini dayandırmaq mövqeyinə gəlib çıxmamışıq. Düşünürəm ki, yaxın gələcəkdə anti-Azərbaycan dairələri özləri özlərini tənqid edəcək, yalnış siyasət yürütdüklərinin fərqinə varacaqlar".
sia.az