"Çox təəssüf ki, Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) müəyyən dairələr də qoşuldu". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Yay sessiyasında Azərbaycan əleyhinə qəbul olunan qətnaməyə münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, Azərbaycanla bağlı qəbul edilən qətnamə bir çox ədalətsizliklərlə zəngin idi: "Azərbaycanı məhbus məsələsinə görə ittiham etmək, eləcə də ölkəmizdə demokratik prinsiplərin pozulduğunu iddia etmək gülüncdür. Başqası bilməsə belə, AŞPA-nın məruzəçiləri Azərbaycana gəldikləri zaman ölkəmizdəki real şəraitlə yaxından tanışdırlar. Onlar müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşür, azad mətbuatla tanış olurlar. Beləcə, onlar Azərbaycanın açıq cəmiyyət olduğunun fərqinə varırlar. Bütün bunların fövqündə yenidən Azərbaycanı ittiham etmək ikili standartlardan cavab verir. Bu gün qonşu Ermənistanda insanların haqları pozulub və onlar polis zorakılığına məruz qalır. Eləcə də Azərbaycanın ərazisinin bir hissəsi işğal olunub, amma nədənsə AŞPA bütün bunlara göz yumur. Yəni birmənalı şəkildə ikili standart və qeyri-obyektivlik halları baş verir. Təbii ki, bunun arxasında Avropada fəaliyyət göstərən müəyyən anti Azərbaycan mərkəzləri durur".A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın müasir, sivil bir dövlət olmaq arzusu onlarda qıcıq doğurur: "I Avropa Oyunlarının açılış mərasimində və sonrakı gedişatında Avropanın müəyyən dairələrinin susmaq siyasəti və Azərbaycana qarşı qəbul edilən qətnamə onlarda yaranan qıcığın bariz göstəricisi idi. Bəlkə də kimlərsə bununla Azərbaycanı tutduğu demokratiya yolundan çəkindirməyə çalışır. Amma birmənalı şəkildə bunun ədalətsiz olduğunu nəinki ölkəmiz, eyni zamanda digər ölkələrin nümayəndələri də etiraf edirlər".
sia.az