PDF Oxu

Siyasət

  • 5

Seymur Orucov: “Azərbaycan gələcəkdə idman oyunları paytaxtına çevriləcək” AÇIQLAMA

Seymur Orucov: “Azərbaycan gələcəkdə idman oyunları paytaxtına çevriləcək” AÇIQLAMA

"Biz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini bir bayram hesab edirik. Sözün həqiqi mənasında, bəlkə də heç bir Avropa ölkəsi, onların olimpiya komitələri, bir çox beynəlxalq təşkilatlar düşünmürdü ki, ölkəmiz qısa müddət ərzində beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə keçirə bilər. Hətta deyərdim ki, "G-20"nin üzvü olan ölkələrin bir çoxu bu cür tədbirə qısa müddətdə hazır ola bilməzdi". BunuSİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, oyunların keçirilməsi üçün seçilən ölkə mütləq şəkildə iqtisadi cəhətdən inkişaf etmiş, siyasi mühitin qənaətbəxş, demokratik ab-havanın bərqərar olduğu məkan olmalıdır: "İdman oyunlarının keçirilməsi ondan xəbər verir ki, yəni bu cəmiyyətin özünün bütün sferalarında inkişaf var. İqtisadi inkişafla idman düz mütənasibdir. Yəni inkişaf olmayan yerdə idmana diqqətdən, qayğıdan danışmaq mümkün deyil. Azərbaycan dünyaya bunu isbat etdi. 24 il müstəqillik tarixi baxımından çox qısa, kiçik bir zərrəcik kimi görünsə də, Azərbaycan artıq 24 il ərzində böyük nailiyyətlər əldə edib. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin qurmuş olduğu Azərbaycan dövləti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi, startının ölkəmizdən götürülməsi Azərbaycanın böyük uğurudur. Bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının adı çəkiləndə ilk olaraq Yunanıstan dövləti yada düşür. İndi də ilk Avropa Oyunları deyiləndə Azərbaycan yada düşəcək. Təbiidir ki, burada Azərbaycanın dövlət, hökumət təsisatlarının hamısı, cəmiyyətimiz, qeyri-hökumət təşkilatları (QHT) və s. birlikdə bir yumruq halında oyunlara səfərbər oldular. Azərbaycanda tikilən idman arenalarının hamısı beynəlxalq standartlara cavab verən ən son müasir idman kompleksləri, arenalarıdır. Hətta onların bir çoxu rekonstruksiya olundu, bəziləri yenidən inşa olundu".

S.Orucov bildirib ki, artıq Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia edə bilər: "Avropa Oyunlarının keçirilməsi üçün tək idman arenaları kifayət etmir. Azərbaycan bütün sahələrdə - İKT, yol infrastrukturu, təhlükəsizlik və s., o qədər inkişaf edib ki, artıq biz bunu dünyaya nümayiş etdirdik. Avropa Oyunlarının bizim üçün ən böyük vacib şərtlərindən biri o oldu ki, biz Azərbaycanı, ölkəni tanıtmaq, gələcək hədəflərə çatmaq üçün əlimizə başqa imkan, fürsət düşə bilməzdi. Cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva minnətdarlığımızı bildiririk ki, bu cür şansı bizə yaratdılar. Təbii ki, biz də bu şansdan ölkəmizin tanınması üçün istifadə etdik. Qurulan idman arenaları, yeni ifrastruktur, işlərin hər biri Azərbaycan dövlətinə qalacaq. Biz həmin idman arenalarında gələcək Avropa, Olimpiya Oyunları çempionlarını tam professional şəkildə yetişdirəcəyik. Bununla da biz sağlam gənclik əldə etmiş olacağıq. Təbii ki, bunların hamısı heç də bizə asan başa gəlməyib. Bütün bunlar ölkə başçısının zəhməti ilə başa gələn işlərdir".

Azərbaycanın gələcəkdə idman oyunları paytaxtına çevriləcəyini deyən S.Orucov əlavə edib ki, 2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək: "O da miqyasına görə çox böyük bir tədbirdir. Bu gün İslam dünyası heç də yaxşı vəziyyətdə deyil. Misirdə "siyasi məhbus" məsələsi var. Orada cəmiyyət iki yerə bölünüb. Hətta bəzi Qərb dairələrinin istifadəsindədir. Eləcə də Yəmən dövləti iki yerə parçalanıb. Suriyanın aqibəti isə hər kəsə bəllidir. Hətta Şərqi Avropa ölkələrinin bir çoxu tənəzzül dövrünü yaşayır. Dünya cəmiyyətinin bu formada olduğu bir yerdə Azərbaycan günü-gündən inkişaf edir. Hətta biz artıq İslam ölkəsinin paytaxtına, mərkəzinə çevrilmişik ki, bu oyunları keçiririk. Gələn il Azərbaycanda üç böyük idman yarışı keçiriləcək. Dünya Şahmat çempionatı, Olimpiya çempionatı, "F-1" Dünya çempionatı. Hətta biz Avropa Oyunları zamanı şahidi olduq ki, arenalara gələn azarkeşlərin sayı o qədər çox idi ki, bilet tapmaq mümkün deyildi. Bunların hamısı xalqımızın oyunlara olan rəğbətidir. Oyunların "Azərspace"peyki vasitəsilə HD formatında yayımlanması isə Azərbaycanın növbəti uğurudur. Biz artıq 2017-ci ildə ikinci peykimizi orbitə buraxacayıq. Bu onu göstərir ki, Azərbaycan hər sahədə inkişaf edir. Məhz bu sahələrdəki inkişafın nəticəsidir ki, biz artıq idman, beynəlxalq konfransları həyata keçiririk".

sia.az

Digər xəbərlər