PDF Oxu

Siyasət

  • 8

Hikmət Babaoğlu: “140 illik yubileyimizi qürurla, fəxarətlə qeyd edirik”

Hikmət Babaoğlu: “140 illik yubileyimizi qürurla, fəxarətlə qeyd edirik”

"Bu il Azərbaycan mətbuatının yaranmasının 140 illiyidir. Hər bir azərbaycanlı, hər bir mətbu icmanın nümayəndəsi kimi biz də çox sevincliyik. Azərbaycan mətbuatı indiki mərhələdə tarixində heç vaxt olmadığı qədər dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Bu, bizə qürur və fəxarət hissi yaşadır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bölüşərkən deyib.Baş redaktor qeyd edib ki, mətbuata göstərilən diqqət və qayğı özülüyündə mətbuatımızın inkişafı, jurnalist peşəsinin ictimai nüfuzunun artması üçün xüsusi bir mühit formalaşdırıb: "Əlbəttə ki, hər bir xalqın mətbuatının keyfiyyəti onun mənsub olduğu xalqın, mənsub olduğu cəmiyyətin intellektual keyfiyyəti ilə ekvivalentlilik təşkil edir. Son 20 ildə Azərbaycan mətbuatının inkişafı məhz Azərbaycan cəmiyyətinin inkişaf tendesyalarına uyğun olaraq baş tutub. Yəni, cəmiyyətin özünün daxili dinamizmlərinin təşəbbüskarlığı artıqca, cəmiyyətdaxili münasibətlərdə intellektual keyfiyyətlər önə keçdikcə heç şübhəsiz bu, Azərbaycan mediasında özünü biruzə verir. Media elə bir institutdur ki, onu xüsusi vasitələrlə lokal mühitdə inkişaf etdirmək mümkün deyil. Medianın inkişafı üçün bütövlükdə cəmiyyət daxilində şərtlər olmalıdır ki, bu şərtləri də Azərbaycan mediası üçün dövlətimiz yaradıb. Hələ 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuat üzərindəki senzuranın ləğvi bu prosesdə çox radikal addım olmaqla bərabər yeni bir keyfiyyət yaratdı. Bundan sonra Azərbaycan mediası yeni intellektual əsaslarda formalaşmağa başladı. Hər bir peşənin cəmiyyətdə nüfuzu və aktuallığı onnan şərtlənir ki, ilk növbədə bu peşə həmin peşə sahiblərinə ictimai nüfuz gətirməklə yanaşı, onların sosial problemlərini həll etmiş olsun və sərbəst fəaliyyət mühiti yaratsın. Əslində peşənin bu cür cazibədar xüsusiyyətləri onu nüfuzlu edir".Hikmət Babaoğlu eyni zamanda onu da qeyd edib ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasət, media mənsublarının sosial problemlərinin həll edilməsi, onlara evlərin verilməsi, onların cəmiyyətin xüsusi aparıcı təbəqəsi kimi dövlət tərəfindən himayə edilməsi məhz Azərbaycan milli mətbuatına, jurnalistikasına yeni intellektlərin axınını təmin etdi: "Bu özünü bir çox məqamlarda göstərdi. Buna misal olaraq ölkəmizdə keçirilən ilk Avropa Oyunları çərçivəsində media nümayəndələrimizin fəaliyyətini göstərə bilərik. Onlar bir daha sübut etdilər ki, sözün həqiqi mənasında milli media adını daşımağa layiqdirlər. Çox az istisnalar olmaqla Azərbaycan mediasının bu imtahandan da alnıaçıq çıxdığını deyə bilərik. Qlobal media məkanında mediamız bütün parametrlər üzrə öz xalının, dövlətinin maraqları ətrafında birləşə bildi. Bu, bizlər olduqca mühüm hadisə idi. Bununla da media özünün 140 illiyinə böyük hədiyyə vermiş oldu. Hesab edirəm ki, bütün hallarda medianın cazibə mərkəzi dövlətçilik maraqları olmalıdır. Əgər bunun əksi varsa, deməli artıq bu media məkanı sizin deyil, cəmiyyətin beyni tərəfindən idarə olunmur. Bütün bunları nəzərə alaraq qeyd edirəm ki, bu gün bizlər 140 illik yubileyimizi qürurla, fəxarətlə qeyd edirik".

sia.az

Digər xəbərlər