Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:
- Seymur müəllim, artıq ilk Avropa Oyunlarına yekun vurulub. Bu oyunların ölkəmiz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Biz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini bir bayram hesab edirik. Sözün həqiqi mənasında, bəlkə də heç bir Avropa ölkəsi, onların olimpiya komitələri, bir çox beynəlxalq təşkilatlar düşünmürdü ki, ölkəmiz qısa müddət ərzində beynəlxalq miqyaslı tədbiri yüksək səviyyədə keçirə bilər. Hətta deyərdim ki, "G-20"nin üzvü olan ölkələrin bir çoxu bu cür tədbirə qısa müddətdə hazır ola bilməzdi. Oyunların keçirilməsi üçün seçilən ölkə mütləq şəkildə iqtisadi cəhətdən inkişaf etmiş, siyasi mühitin qənaətbəxş, demokratik ab-havanın bərqərar olduğu məkan olmalıdır. İdman oyunlarının keçirilməsi ondan xəbər verir ki, yəni bu cəmiyyətin özünün bütün sferalarında inkişaf var. İqtisadi inkişafla idman düz mütənasibdir. Yəni inkişaf olmayan yerdə idmana diqqətdən, qayğıdan danışmaq mümkün deyil. Azərbaycan dünyaya bunu isbat etdi. 24 il müstəqillik tarixi baxımından çox qısa, kiçik bir zərrəcik kimi görünsə də, Azərbaycan artıq 24 il ərzində böyük nailiyyətlər əldə edib. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin qurmuş olduğu Azərbaycan dövləti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi, startının ölkəmizdən götürülməsi Azərbaycanın böyük uğurudur. Bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının adı çəkiləndə ilk olaraq Yunanıstan dövləti yada düşür. İndi də ilk Avropa Oyunları deyiləndə Azərbaycan yada düşəcək. Təbiidir ki, burada Azərbaycanın dövlət, hökumət təsisatlarının hamısı, cəmiyyətimiz, qeyri-hökumət təşkilatları (QHT) və s. birlikdə bir yumruq halında oyunlara səfərbər oldular. Azərbaycanda tikilən idman arenalarının hamısı beynəlxalq standartlara cavab verən ən son müasir idman kompleksləri, arenalarıdır. Hətta onların bir çoxu rekonstruksiya olundu, bəziləri yenidən inşa olundu.
Artıq Azərbaycan Yay Olimpiya Oyunlarının keçirilməsinə iddia edə bilər. Avropa Oyunlarının keçirilməsi üçün tək idman arenaları kifayət etmir. Azərbaycan bütün sahələrdə - İKT, yol infrastrukturu, təhlükəsizlik və s., o qədər inkişaf edib ki, artıq biz bunu dünyaya nümayiş etdirdik. Avropa Oyunlarının bizim üçün ən böyük vacib şərtlərindən biri o oldu ki, biz Azərbaycanı, ölkəni tanıtmaq, gələcək hədəflərə çatmaq üçün əlimizə başqa imkan, fürsət düşə bilməzdi. Cənab Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva minnətdarlığımızı bildiririk ki, bu cür şansı bizə yaratdılar. Təbii ki, biz də bu şansdan ölkəmizin tanınması üçün istifadə etdik. Qurulan idman arenaları, yeni ifrastruktur, işlərin hər biri Azərbaycan dövlətinə qalacaq. Biz həmin idman arenalarında gələcək Avropa, Olimpiya Oyunları çempionlarını tam professional şəkildə yetişdirəcəyik. Bununla da biz sağlam gənclik əldə etmiş olacağıq. Təbii ki, bunların hamısı heç də bizə asan başa gəlməyib. Bütün bunlar ölkə başçısının zəhməti ilə başa gələn işlərdir.
Azərbaycan artıq gələcəkdə idman oyunları paytaxtına çevriləcək. 2017-ci ildə ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. O da miqyasına görə çox böyük bir tədbirdir. Bu gün İslam dünyası heç də yaxşı vəziyyətdə deyil. Misirdə "siyasi məhbus" məsələsi var. Orada cəmiyyət iki yerə bölünüb. Hətta bəzi Qərb dairələrinin istifadəsindədir. Eləcə də Yəmən dövləti iki yerə parçalanıb. Suriyanın aqibəti isə hər kəsə bəllidir. Hətta Şərqi Avropa ölkələrinin bir çoxu tənəzzül dövrünü yaşayır. Dünya cəmiyyətinin bu formada olduğu bir yerdə Azərbaycan günü-gündən inkişaf edir. Hətta biz artıq İslam ölkəsinin paytaxtına, mərkəzinə çevrilmişik ki, bu oyunları keçiririk. Gələn il Azərbaycanda üç böyük idman yarışı keçiriləcək. Dünya Şahmat çempionatı, Olimpiya çempionatı, "F-1" Dünya çempionatı. Hətta biz Avropa Oyunları zamanı şahidi olduq ki, arenalara gələn azarkeşlərin sayı o qədər çox idi ki, bilet tapmaq mümkün deyildi. Bunların hamısı xalqımızın oyunlara olan rəğbətidir. Oyunların "Azərspace"peyki vasitəsilə HD formatında yayımlanması isə Azərbaycanın növbəti uğurudur. Biz artıq 2017-ci ildə ikinci peykimizi orbitə buraxacayıq. Bu onu göstərir ki, Azərbaycan hər sahədə inkişaf edir. Məhz bu sahələrdəki inkişafın nəticəsidir ki, biz artıq idman, beynəlxalq konfransları həyata keçiririk.
- I Avropa Oyunları zamanı könüllülər dəstəsi yaradılmışdı. Onların işlərini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə könüllü odur ki, o, heç bir maddi qazanc gözləmədən öz əməyini hər hansı bir xidmət üçün hansısa tədbirdə istifadəyə verir. Təbii ki, bunun qarşılığında mənəvi nəticədən başqa heç bir maddiyyat yoxdur. Azərbaycan gəncliyi burada da öz fərqliliyini, seçimliliyini göstərdi. Ölkə gəncliyi 30 min seçilmiş könüllüdən 18 mini ilə kurslar, təlimlər təşkil etdi. Hətta dünyada belə bir tendensiya var ki, könüllülər seçilərkən onların hazırlanmasına bir və yaxud iki ilə vaxt lazım olur. Azərbaycanda isə bu proses 4-6 ay müddətində başa çatdı. Mən hər bir Azərbaycan gəncini gördüyü işlərə görə təbrik edirəm və onlara öz təşəkkürümü bildirirəm ki, onlar Vətənini belə sevirlər. Xeyli sayda turist ölkəmizdə oldu və buradakı inkişafı öz gözləri ilə gördü. Heç şübhəsiz ki, onlar yenidən Azərbaycana gələcək. Təbii ki, bu da ölkəmizdə turizm sektoruna əlavə gəlir gətirəcək.
- Azərbaycanda keçirilən I Avropa Oyunları ərəfəsində, eyni zamanda Avropada da Azərbaycan oyunları davam edirdi. Yəni, Avropada ölkəmizə qarşı qarayaxma kampaniyasına start verilmişdi. Bu haqda nə deyərdiniz?
- Bu gün dünyada ən böyük problem liderlik problemidir. Avropa dövlətlərinin bir çoxunun - 95 faizinin lider problemi var. Təbiidir ki, onlar da Azərbaycandakı bu inkişafı görürlər və ölkəmizdən "maşa" kimi istifadə edə bilmirlər. Eləcə də biz onların biznes maraqlarını öz xeyirlərinə dəyişməsinə imkan vermirik. Azərbaycanın öz daxili qanunları var. Biz bu qanunlara tabe olmağı onlara xatırladırıq. Bununla belə, biz onlara ölkəmizin müstəqil dövlət olduğunu, heç bir xarici dövlətdən qarşılıqlı münasibətlərdən başqa asılacağı olmadığını, heç bir beynəlxalq təşkilat qarşısında öhdəliyi olmadığını göstərmişik. Birincisi, Avropalılar gedib öz problemlərini həll etsinlər. Bu gün dini zəmində ən böyük problemlər Avropadadır. Artıq avropalı siyasətçilər özləri Avropa Birliyini tənqid edirlər. 100 milyonlarla avropalının yaşadığı bir qitədə onlar cəmisi 40 minlik miqrantın yerləşdirilməsini həyata keçirə bilmirlər. Amma Azərbaycan erməni hərbiçilərinin torpaqlarımızı işğal etməsi nəticəsində öz yurdlarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünü neçə illərdir ki, yaşadır. Bu məsələni həll edə bilməyən bir cəmiyyət insan haqqından, hüququndan danışa bilməz. Türkiyədə Suriyadan gəlmiş 2 milyona yaxın qaçqın və məcburi köçkün var. Rəsmi Ankara bunları hərtərəfli təmin edir. Hətta yeri gələndə Suriya ərazisində yaşayan insanlara da xeyriyyəçilik edir. Amma Avropa bu işlərin qabağında Azərbaycanda durub insan haqları adı altında oyunlar qurmaqla, "biz nə deyiriksə, onu etməlisən" mifini ortaya atıb. Bu gün baxsanız görəsiniz ki, Ukrayna kimi bir dövlət hansı gündədir. Məsələn, Yunanıstan Avropa birliyinə daxil olmamışdan öncə onun iqtisadiyyatı son 60 ildə 400 faiz (4 dəfə) böyüyüb. O Avropa birliyinə üzv olduqdan sonra iqtisadiyyatı 20 faiz geriləyib. Almaniya dövləti hər il 3-5 faiz inkişaf etdiyi halda, AB-ə üzv olduqdan sonra ölkənin iqtisadiyyatı 25 faiz artıb. Bəs bu nə deməkdir? Burada qeyri-ədalətsiz bölgü var. Hətta burada da onlar bir-birinə qarşı səmimi deyillər. Belə bir məsələ var ki, Almaniya özünü AB-nin böyüyü, hegemonu kimi göstərməyə çalışır. Sözügedən dövlət istəyir ki, digər Qərb dövlətlərini də özünə tabe etdirsin. Əgər insan haqqı Leyla Yunusun, Xədicə İsmayılovanın haqqı ilə ölüçülürsə, qoy onda onların hesabatları düzgün çıxsın. Azərbaycan hər zaman inkişaf edib və bundan sonra da inkişaf edəcək. Gələcəkdə bizləri bundan da böyük nailiyyətlər gözləyir.
- Son olaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gələcək planları nədən ibarətdir?
- I Avropa Oyunları ərəfəsində bizim gənclərimiz, xüsusilə də könüllü kimi öz fəaliyyətlərini göstərdi. Hətta onlardan bəziləri regionlarda Avropa Oyunlarının məşəldarı kimi öz işlərini nümayiş etdirdilər. Biz regional çərçivədə də Oyunlara tam dəstəyimizi verdik. Xüsusilə də sosial şəbəkələrdə bizim gənclərimiz Oyunların təbliği ilə bağlı və bizə qarşı haqsız hücumlarla mübarizədə çox yaxşı nəticələr əldə etdilər. Bu gün sosial şəbəkələrdə ən güclü gənclər YAP-ın üzvləridir.
Gələcək planlarımıza gəldikdə isə deyərdim ki, avqust ayından başlayaraq partiyamızın tövsiyyə və tapşırıqlarına uyğun olaraq Fəaliyyət Proqramımız var və onu həyata keçirəcəyik. Regionlarda dini tolerantlıqla, narkomaniya, narkobizneslə, erkən nigahlarla bağlı Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təbirlər həyata keçirməyi planlaşdırırıq. Nəzərdə tutmuşuq ki, regionlarımızda bir çox gənclərə müəyyən layihə yazılışları, sosial şəbəkələrdə onların aktivliyi ilə bağlı seminarlar, treninqlər həyata keçirək. Hətta regional toplantılarımızın sayını daha da artıraq. Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilərdə də bizim partiya rəhbərliyi nə tapşırıq verəcəksə, gənclərimiz də o istiqamətdə öz fəaliyyətlərini həyata keçirəcək".
sia.az