İnsan yarandığı dövrdən başlayaraq əlçatmaz səmalara baxıb, öz xəyallarında asimanın dərin gözəlliklərini canalandırıb. Bax, beləcə nağıl və əfsanələrdə yaranan uçan xalçalar, uçan süpürgələr, Simurq quşu, qanadlı at və sairə bənzərliklər həmin xəyalların yaşanmasını bir anlıq reallaşdırır, təsəvvürlər oyadırdı. Ancaq illər, əsrlər keçdikcə bəşər övladı bilik və bacarıqlarından istifadə edəcək qədər həm də ağıllı bir ixtiraçı olduğunu göstərəcəkdi. Hava şarları, dirijabllar və nəhayət, təyyarələr! Beləliklə, zaman ötdükcə reallaşan xəyallar, nağıllar, əfsanə və rəvayətlər artıq müasir dövrün gerçəkliyinə çevrilib. Və inanın ki, gec ya da tez "Marsa üçmaq mümkün deyil, xəyaldır" deyən insanların özləri olamsa da, onların övladları həmin xəyalların həyata keçməsinin şahidləri, hətta iştirakçıları olacaqlar. Bəli, bu gün təyyarələr ilə səyahət edən insanlar, sabah kosmik gəmilər vasitəsilə, yəni mülki kosmik aviasiyalar vasitəsilə turist səfərlərini gerçəkləşdirəcəklər. Hətta bunun üçün bir sıra ölkələrdə bilet satışlarına belə başlanılıb.
Ölkəmizdə də milli aviasiya tarixinin özəllikləri və tarixi həqiqətləri mövcuddur. İstər aviasiya, istərsə də kosmik sahədə adlarını tarixə yazmış şəxsiyyətlər. Eyni zamanda, tarix də yazan milli və mülki aviasiyamız keçdiyi keşməkeşli yollarla müasir zamanlarımıza qədər inkişaf edib.
Milli mülki aviasiya tarixinə qısa ekskurs
Azərbaycanın mülki aviasiya sistemi çox böyük tarixi inkişaf yolunu keçib. Tarixi sənədlərə istinad etsək, görərik ki, ölkədə mülki aviasiyanın, tarixi ötən əsrin birinci onilliyinə təsadüf edir. Hələ 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən "Farman-4" sistemli Fransa istehsallı kiçik biplan bir neçə dairə vurmuş, sonra isə yerə enmişdi və bu tarix milli aviasiyamızın tarixi kimi yaddaşlara yazıldı.
Lakin qarşıda keçiləcək uzun yollar dayanmışdı. Artıq 1923-cü ildə "ZAKAVİA" Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradıldı. Cəmiyyətin təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" olub. "ZAKAVİA"nın əsas iş fəaliyyəti təyyarələr vasitəsilə aerofotoçəkiliş işləri aparılmaq, təcili yüklərin çatdırılmasından və poçtun daşınmasından ibarət olub. Qısa zaman ərzində iş fəaliyyətinin artması aviasiyada insanların daşınmasına da şərait yaratdı. Bu, 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuşun həyata keçirilməsindən sonra başlanmışdı və iki il sonra Keşlədə aerodrom tikilərək, mülki "Hava stansiyası" yaradılmışdı. Artıq 1926-cı ildə Mineralnıye Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıldı. Bakıda, Şəkidə və Yevlaxda "Dornye-Kometa-3" və "Dornye-Merkur" tipli təyyarələrin yerləşdirildiyi hava limanları da işə düşdü ki, bununla milli aviasiyanın əhatə dairəsi genişlənməyə başladı. 1929-cu ildən beynəlxalq reyslər işə düşdü. Xarkov-Bakı-Pəhləvi beynəlxalq xətti insanları öz ünvanlarına çatdırmağa başladı.1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə 1100 kilometr hava yolu ilə qısaldılmış uçuş yerinə yetirildi. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli "XAİ-1" və "Stal-3" təyyarələrinin xidmət göstərdiyi Bakı-Moskva istiqamətində müntəzəm marşrut açıldı. Beləliklə, milli aviasiya inkişaf edərək, indiki dövrümüzə qədər tarixi və şərəfli yollar keçdi.
Bu sahədə inkişaf Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrlərində də vüsət almağa başlayıb. 1980-ci ildə Onun təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanıb. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı da məhz Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə olub. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır. Bu iş Onun layiqli davamçısı Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilib. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları istifadəyə verildi.
Müasirliyə, inkişafa dorğu - nümunəyə və brendə çevrilmiş AZAL
Mülki aviasiyanın müasir dövrümüzə qədər inkişaf mərhələləri bu gün özünü ən yüksək səviyyədə sərgiləməkdədir. Azərbaycanın mülki aviasiyasının flaqmanı olan "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti qeyd edilən fikirləri özündə kifayət qədər təsdiqləyib. Artıq özünün inkişaf səviyyəsini beynəlxalq arenada da təsdiq etmiş AZAL bir brendə, bir nümunəyə çevrilmişdir. Hətta deyə bilərik ki, AZAL haraya uçursa, oraya bir Azərbaycan nəfəsi, Azərbaycan özəlliyi və xüsusiyyəti aparmaqdadır. On minlərlə insanları Azərbaycana gətirən, onları öz vətənlərinə sağ-salamat şəkildə çatdıran AZAL həm də müstəqil Azərbaycanın təbliğatçısı rolunu da öz üzərinə götürmüşdür.
İlk Avropa Oyunlarında AZAL-ın fəaliyyəti xüsusilə seçildi
Bu il ölkəmizdə baş tutmuş I Avropa Oyunları Azərbaycanın adını qitə tarixinə qızıl hərflərlə yazdı. Bu xüsusda deyə bilərik ki, 17 gün davam edən möhtəşəm idman hadisəsi milyonlarla insanın qəlbindən silinməyəcək bir xatirəyə çevrildi. Bu günlər ərzində Avropanın, bütün dünyanın gözləri Azərbaycana tərəf baxdı. Söz yox ki, belə bir möhtəşəm tədbirin keçirilməsində başda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və iradəsi, ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın gündəlik qayğısı ilə yanaşı minlərlə insanın zəhməti olmuşdur. Belə bir məqamda AZAL-ın göstərdiyi yüksək səviyyəli peşəkarlıq ölkəmizə təşrif buyuran xarici qonaqları da heyrətə gətirmiş oldu. Çünki ölkəmizə səfər edən hər bir xarici vətəndaş üçün Azərbaycan ilk məkan olaraq hava limanından başlayır-Heydər Əliyev adına beynəlxalq hava limanı. Ulu Öndərimizin adını daşıyan Beynəlxalq Aeroport, mülki aviasiya heyəti Avropa Oyunları dövründə idmançıları və qonaqları yüksək səviyyədə qarşılayıb yola saldı. Bu sırada xüsusi reyslərin, eləcə də aerovağzal kompleksində, VİP salonlarda və biznes-terminalda xidmətin nümunəvi təşkilini, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qrupların, təyyarələrin, nəqliyyat xidmətinin, uçuş heyətinin və təyyarə bələdçilərinin hazırlanmasını, aviasiya təhlükəsizliyinin, gömrük və viza xidmətinin təmin edilməsini, habelə müvafiq reklamların yerləşdirilməsi və s. işləri göstərmək mümkündür.
İlk Avropa Oyunlarının iştirakçı və qonaqlarını Azərbaycan torpağına gətirən də, oyunlar başa çatandan sonra onları vətənlərinə aparan, yol yoldaşlığı edən də AZAL-ın gülərüz və mehriban personalı oldu. Və bəlkə də ömründə bir də heç vaxt yolu Azərbaycana düşməyəcək bu adamların ölkəmiz, xalqımız haqqında ürəklərinin bir guşəsində bəsləyib yaşatdıqları xatirələrin içində, heç şübhəsiz, milli aviasiya işçilərinin də öz yeri, öz payı olacaq.
Zəngin təcrübə, uğurlu statistikalar
AZAL müstəqil Azərbaycanın mülki aviasiyasının öncülü olmaqla fəaliyyət göstərdiyi ötən illər ərzində əldə etdiyi zəngin təcrübə və peşəkarlıq sayəsində daxili və xarici aviadaşımaların həyata keçirilməsində özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Ölkə iqtisadiyyatının son illərdəki dinamik inkişafı, Azərbaycanın Qafqaz regionunun lider dövlətinə, böyük bir siyasi-iqtisadi coğrafiyada əsas söz və şəriksiz nüfuz sahibinə çevrilməsi hava nəqliyyatı infrastrukturunun da diversifikasiyası və inkişafını şərtləndirməsi ilə nəticəsini tapıb. Məhz ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının keyfiyyət və miqyası etibarı ilə yeni bir mərhələsinə qədəm qoydu. AZAL-ın həm professional-texniki baxımdan, həm də imic olaraq qarşısında duran ən böyük məqsədlərdən birini reallaşdırmaqdadır. Məsələn, uzaq məsafə olaraq ABŞ-a uçuşlar həyata keçirməkdədir. Beləliklə, qanadlarında Azərbaycanın üçrəngli bayrağını gəzdirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla ölkəsinə, yüzlərlə şəhərlərinə uçuşlar həyata keçirir. Artıq bu gün Azərbaycanın mülki aviasiyası ölkənin ümumi inkişafının, qüdrətli iqtisadi potensialının güzgüsüdür desək yanılmarıq.
Milli Aviasiya Akademiyasından milli aviasiya tarixini yazmağa doğru!
Hələ Ulu Öndər Heydər Əliyev deyirdi ki: "Mən xoşbəxtəm ki, Azərbaycan mülki aviasiyasının öz milli kadrları - təyyarəçiləri, mühəndis və mütəxəssisləri var və onlar bizim aviasiyamızı gələcəkdə də inkişaf etdirəcəklər".
Bu gün ölkəmizdə fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA), həqiqətən, Azərbaycanın müstəqilliyinin nailiyyətlərindən biridir. Milli Aviasiya Akademiyasına 1996-cı ildən etibarən dünya şöhrətli alim, görkəmli elm təşkilatçısı, akademik Arif Paşayevin rəhbərlik etməsi bu gün həmin ali məktəbdəki təhsilin, elmi potensialın və maddi bazanın vəziyyəti barədə ən dürüst məlumatı verir. Akademiyada 2500-ə yaxın tələbə bir çox ixtisas üzrə aviasiyanın sirlərinə yiyələnirlər. Ötən illər ərzində akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının infrastrukturu və maddi-texniki bazası sürətlə inkişaf etmiş, yeni tədris korpusları və inzibati binalar inşa edilmiş, tədris prosesi müasir tələblərə uyğun təkmilləşdirilmiş, yeni ixtisaslar, kafedra və fakültələr açılmış, müxtəlif ixtisaslar üzrə ingilis dilində tədrislər təşkil edilmişdir. Bəli, bu gün orada təhsil alanlar gələcəkdə AZAL-ın şanlı tarixini yazacaq Azərbaycan gəncləridirlər!
Beləliklə, artıq tam əminliklə deyə bilərik ki, bu gün ölkəmizin inkişafında AZAL-ın da yeri öz əsrarəngizliyi ilə seçilməkdədir. Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur və AZAL dövlətin göstərdiyi dəstək nəticəsində çox yaxın zamanlarda daha nəhəng uğurlara imza atacaq. Artıq bütün bunlar öz nəticəsini verməkdə, reallıqlar isə öz təsdiqini tapmaqdadır.
Rövşən NURƏDDİNOĞLU
Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir