"Azərbayan Prezidenti cənab İlham Əliyev tərəfindən milli mətbuatımızın yaranmasının 140 illiyi ilə bağlı imzalanmış Sərəncam mətbuata, mətbuat işçilərinə, bütövlükdə bu sahədə çalışan insanlara böyük diqqətin nümunəsidir". BunuSİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.
Əməkdar jurnalistin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu: "Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq Ulu Öndər 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür".
V.Rəhimzadə bildirib ki, Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu: "Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Ümummilli Lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir".
Baş redaktor əlavə edib ki, bu gün müstəqil Azərbaycan mətbuatı çox uğurla inkişaf etdirilir: "Möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. 2005-ci ildə əməkdar jurnalist adının bərpa olunması, qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və sadalanması mümkün olan yüzlərlə hadisəni göstərmək olar ki, həmin hadisələr söz və mətbuat azadlığının inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycanda müstəqil mətbuat formalaşıb. Azərbaycanda mətbuat orqanları sərbəst fəaliyyət göstərirlər. Azərbaycanda azad söz sahəsində digər ölkələrə nümunə göstəriləcək bir model formalaşıb. Bu davamlı şəkildə daha da inkişaf etdirilir. Bu gün Azərbaycanda söz azadlığı, fikir azadlığı tam şəkildə mövcuddur".
V.Rəhimzadə KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı atılan addımlara da diqqət yetirməyin vacib olduğunu qeyd edib: "KİV-in inkişafına dövlət dəstəyi fondunun yaradılması və layihələrin maliyyələşdirilməsi də bu baxımdan çox əhəmiyyətlidir".
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı möhtərəm İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi: "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiqi buna əyani sübutdur. 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi".
O qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir: "Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir".
Baş redaktor deyib ki, bu il də milli mətbuatımızın 140 illiyi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan Sərəncam Azərbaycan mətbuat tarixinə, müasir mətbuatımızın inkişafı yönümündə dövlətin lazımi dəstək göstərildiyini bir daha ortaya qoyur: "Artıq regionlarda bu sərəncamdan sonra Milli Mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən Tədbirlər Planı təsdiq olunub. Həmin planan uyğun olaraq regionlarda milli mətbuatımızın yaranmasının yubiley tədbirləri keçirilir. Ötən gün "Əkinçi" qəzetinin redaktoru, milli mətbuatımının banisi Həsən bəy Zərdabinin anadan olduğu Zərdab şəhərində ilk olaraq bu tədbir baş tutdu. Burada çox möhtəşəm bir konfrans həyata keçirildi. İyulun 4-də isə Gəncə şəhərində növbəti konfrans olacaq. Eləcə də Masallıda, Qubada, Qəbələdə və digər regionlarımızda bu kimi konfranslar keçiriləcək. Yekun olaraq isə paytaxt Bakı şəhərində 140 illiklə bağlı möhtəşəm tədbirin şahidi olacayıq".
sia.az