PDF Oxu

Siyasət

  • 7

Nokaut - gözlənilməyən zərbə

Nokaut - gözlənilməyən zərbə

Yaxud Əli Kərimli ayağa qalxa biləcəkmi?

Nokaut. Gözlənilmədən vurulan güclü zərbəyə və həmin zərbə nəticəsində huşun itirilməsinə idman leksionunda belə deyilir. Xüsusilə, boks, əlbəyaxa, ya da qaydasız döyüş vaxtları rəqibə qarşı bu üsuldan istifadə olunur. Düzdür, nokatuda qədər nokdaun deyilən bir zərbə növü də var ki, o, birincidən zəif olur və rəqibin ayağa qalxmasına, yenidən döyüşməsinə zəmin yaradır. Ancaq nokautun yerini heç nə verməz.

Siyasətdə də belədir. Məsələ ondadır ki, bu idman termini özünü siyasi müxalifətdə kifayət qədər göstərib. Özü də ictimai rəy bunu dəfələrlə görüb. Əlbəyaxa davalar, vurub-yıxmalar, arxadan, öndən, hətta qurşaq altından vurulan zərbələr... Bütün bunlar 20 ildən artıqdır ki, müxalifətdə olan bir çoxlarına "mükafat" kimi verilib. Ələlxüsus, radikal müxalifət düşərgəsində tez-tez bizlər belə halların şahidinə çevrilmişik. Partiyalardan qopmalar, postlar uğrunda barışmaz mübarizələr, söz savaşları, istefalar və istefalarsonrası şok açıqlamalar və s. Beləliklə, məsələ yenə də gedir-çıxır nokauta. Kimin ayaqda qalması bacarığı, kiminsə də ayağa qalxa bilməməsi qalır onların özlərinin fərasətinə.

Beləliklə, bu hal son zamanlarda Müsavatda, Klassik Xalq cəbhəsi Partiyasında (KXCP) müşahidə olunsa da Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) elə də ciddi fəsadların baş vermədiyini düşünmək olardı. Düzdür, bir müddət öncə partiyanın bir neçə şəhər və rayon şöbələrində narazılıqlar baş qaldırdı, istefalar oldu, hətta sədr Əli Kərimliyə qarşı irəli sürülən ittihamlarda "kozırların" olduğu barədə də müəyyən hədəyanlar da səsləndi. Ancaq bütün bunların Müsavatdakı, KXCP-dəki kimi güclü rezonans doğuracağına elə də inam yox idi.

Məsələn, AXCP-nin Sumqayıt şəhər şöbəsindən olan Kəmaləddin Rəhimov ötən il istefa verdikdən sonra AXCP rəhbərliyini sərt şəkildə tənqid edərək, əlində Əli Kərimliyə aid olan videomaterialların olduğunu da bildirmişdi. Sitat: "Partiyada həqiqəti deyənlərə satqın damğası vururlar. Bəzən xahiş edirlər ki, baş verənləri ictimaiyyətə açıqlamayaq, gizlədək. Amma kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər. Mənim əlimdə də faktlar, kasetlər var. Lazım gələrsə, onları ictimaiyyətə təqdim edəcəm".

Digər cəbhəçi Şakir Abbasov da onun kimi Kərimlini partiyaya, dövlətə və xalqa xəyanət etməkdə günahlandırmışdı. Lakin bütün bu cür görünüşcə sərt, hətta sesnsasion bəyanatlardan sonra nə Kəmaləddin Rəhimov, nə də ki, Şakir Abbasov sonrakı addımlarını atmadılar. Bu isə müəyyən pərdəarxası məqamlardan xəbər verir. Ya onları Əli Kərimli hər hansı bir vasitə ilə susdurub, ya da Əli Kərimli ilə əlbir olan, AXCP-ni gizli şəkildə maliyyələşdirən qrup hətta iki sabiq cəbhəçini belə desək, "razı salıb".

Ancaq bu metod da işə yaramayıb. Son günlər AXCP-də baş verənlər Müsavatda, KXCP-də baş verən qarşıdurmaları kölgədə, hətta tozda belə qoymaqdadır. Hər şey isə partiyanın şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun AXCP-nin Rəyasət Heyətinin üzvü Sahib Kərimli arasında baş verdiyi qarşıdurmadan sonra üzə çıxıb.

Beləliklə də məlum olub ki, Ağaşirin Tanrıverdioğlu və Sahib Kərimli digər bir qrup AXCP üzvü ilə Əli Kərimliyə, eləcə də onun müavinləri Gözəl Bayramlıya, Həsən Kərimliyə, Fuad Qəhrəmanlıya qarşı qiyam hazırlayırmışlar. Lakin sonradan iki tərəf arasında yaranan narazılıq bu qiyamın baş tutmaması ilə nəticəsini tapıb. Yəni qiyamın əsas məqsədi AXCP-də avtoritar idarəçiliyə, diktatura rejiminə son qoymaq olub. Bütün bunlar isə hələ son deyilmiş. Belə ki, Ağaşirin Tanrıverdioğluna qarşı dərhal əks kampaniyaya başlamaq əmrini vermiş Əli Kərimli burada tələskənliyə yol verib. O, sosial şəbəkə vasitəsilə qarşı tərəfə təhqir kampaniyası başlatsa da sonradən bəlli olub ki, əslində, Ağaşirin Tanrıverdioğlu burada Əli Kərimliyə informasiya ötürüb ki, onun inandığı Sahib Kərimli, əslində, birbaşa AXCP sədrliyinə iddiasını ortaya qoyub və bu işdə ona yardım edənlər var. Beləliklə, bunun özü də cəbhə sədrinə bir nokaut zərbəsi oldu. Hətta o, bundan sonra Ağaşirin Tanrıverdioğlundan sosial şəbəkələrdə onu təhqir etdirdiyinə görə üzr istəsə belə, Tanrıverdioğlunun Kərimlini bağşlayacağı mümkünsüzdür. Nokaut isə Əli Kərimliyə ikitərəfli vurulub. Biri inandığı, bir də inanmadığı tərəflərdən. Bu isə həm də sübut edir ki, AXCP heç də ənənəvi düşərgədə "ana müxalifət" adına layiq olan siyasi təşkilat kimi möhkəm təməllərə söykənməyib və kökündən laxlayan bir partiyadır. Daha dəqiq desək, AXCP-nin illər ərzində aldığı nokaut zərbələri sonda onu və rəhbərliyi məlum vəziyyətə gətirib- çıxarıb.

Bu, həm də onu göstərir ki, artıq cəbhə daxilində kimsə Əli Kərimlini yenidən sədr postunda görmək istəmir. Uzaqbaşı, narazı cəbhəçilər partiyanın qurultayından sonra böyük qiyam qaldıraraq, vaxtilə partiyaya hay-hayla gələn Əli Kərimlini vay-vayla qovmalı olacaqlar. Artıq bunun başlanğıcı görünməkdədir.

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, ötən gün AXCP-dən daha bir fəal istefa verib. O, AXCP-nin Sabunçu şöbəsinin üzvü Teymur Kərimidir. Buna səbəb isə onun Sabunçu rayon təşkilatının sədri Allahverdi Allahverdi tərəfindən haqsız yerə döyülməsi və rəhbərliyin bunu bilə-bilə heç bir tədbir görməməsidir. Hətta Teymur Kərimi bu barədə sədr Əli Kərimlinin çox sevdiyi, ayrılmadığı facebook səhifəsinə yazsa da, qarşı tərəf buna reaksiya verməyib. Görəsən, Əli Kərmliyə nə olub, yoxsa aldığı nokautlardan ayılıb ayağa qalxa bilmir?

Digər xəbərlər