Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu iyulun 6-da "BakuBulvar" hotelində media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Qurumun icraçı direktoru Florian Sengstschmid tədbirdə çıxış edərək əsas fəaliyyət istiqamətləri, Konqreslər Bürosu ilə Görüşlər Sənayesinin əməkdaşlığı barədə ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonunda ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılıb, dövlət və özəl sektorun birgə layihəsidir. Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkənin beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması, beynəlxalq tədbirlərdə iştirak və digər biznes əhəmiyyətli işlər daxildir.
İcraçı direktor Azərbaycanın bu günlərdə çox yüksək səviyyəli bir tədbirə - ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayaraq dünyaya örnək ola biləcək bu təşkilatçılığa görə ölkəmizi təbrik etdi.
Konqreslər Bürosunun əldə etdiyi nailiyyətlərdən danışan Florian Sengstschmid qeyd etdi ki, qurum Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) turizm sahəsi üzrə tərtib olunan reytinqinə daxil olub. Onun sözlərinə görə, İCCA-nın beynəlxalq assosiasiya görüşləri üzrə reytinqi hər il dərc olunur. Bu reytinqə daxil olmaq üçün ölkədə görüşlər müntəzəm olaraq keçirilməlidir və ən azı üç ölkədən 50 nümayəndə iştirak etməlidir. Bu meyarlar nəzərə alınmaqla, Azərbaycan İCCA-nın dünya ölkələrinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və assosiasiyanın iclaslarının keçirilməsi üzrə hazırlanan 2014-cü il üzrə reytinqində 79-cu yeri tutub.
Qeyd olundu ki, Azərbaycan Konqreslər Bürosu İCCA-nın üzvləri sırasına 2014-cü ildə qoşulub. 100 ölkə arasında Azərbaycanın ilk dəfədən belə bir yüksək qiymət alması böyük bir uğurdur. Azərbaycan sözügedən reytinqdə Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistan kimi ölkələri geridə qoyub. Reytinqə ABŞ, Almaniya və İspaniya başçılıq edir. Şəhərlər üzrə reytinqdə paytaxt Bakı Kann, Lusern, Verona, Tbilisi, Tel-Əviv, Baltimor, Bonn və Lids kimi şəhərləri qabaqlayıb.
Florian Sengstschmid onu da bildirdi ki, Azərbaycan Konqreslər Bürosunun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqını yaratmaq və inkişaf etdirməkdir.
Büronun satış və marketinq üzrə menecerləri Anar Nərimanov Azərbaycanda Görüşlər Sənayesinin təşkilindən, Ayan Zeynalova ölkəmizdə keçiriləcək assosiasiya görüşlərindən və onlarınə həmiyyətindən danışdı.
Sonda Florian Sengstschmid jurnalistləri maraqlandıran sualları cavablandırdı.
ZÜMRÜD