"Ümumiyyətlə Əfv sərəncamının olub-olmaması cənab Prezident İlham Əliyevin şəxsi sərəncamında olan məsələdir. Çünki bu səlahiyyət Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət başçısına verilib". BunuSİA-ya millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Ramazan bayramı münasibətilə gözlənilən Əfv sərəncamı haqqında danışarkən deyib.Hüquq müdafiəçisinin sözlərinə görə, cənab Prezident olduqca hümanist şəxsdir: "Dövlət başçısı il ərzində bir neçə dəfə bu cür hümanist addımlar atır. Ola bilsin ki, Ramazan ayının başa çatması münasibətilə ölkə rəhbəri tərəfindən belə bir Əfv sərəncamı verilsin. Amma siyahılarda kimin adının olub-olmamasından asılı olmayaraq, hər bir əfvə düşən şəxs Azərbaycan vətəndaşıdır. Cənab Prezident kimləri əfv etməyi məsləhət biləcəksə, sayından asılı olmayaraq biz bu addımı həmişə alqışlamışıq və yenə də alqışlayacağıq. Təbii ki, beynəlxalq təşkilatların siyahılarında, onların sənədlərində adları hallanan bəzi şəxslərin üzərində iş aparılmasının tərəfdarıyam. Mən Azərbaycanla hər hansı bir təhdidlə, bəyanatla danışmağın tərəfdarı deyiləm və qətiyyətlə bunu rədd edirəm. Hətta ayrı-ayrı fərdlərin azad olunması üçün edilən çağırışlar həmin məhkumların işini daha da ağırlaşdırır. Çünki onlar cinayət törədiblər və Azərbaycan qanunvericiliyini pozublar. Belə olan halda təhdidlə deyil, xahişlər, təkliflə çıxış etmək daha məqsədəuyğun olardı".
sia.az