"Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu oynayır. Həmçinin, KİV hər bir ölkədə ictimai fikri formalaşdıran bir institut rolunda çıxış edir. Bu baxımdan KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda "dördüncü hakimiyyət" də adlandırırlar. Lakin KİV o zaman "dördüncü hakimiyyət" funksiyasını yerinə yetirə bilir ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vassalına çevrilməsin". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var: "Azərbaycan müstəqillik qazandıqdan sonra milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr meydana çıxdı. Mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamağa başladı".
Sədaqət Vəliyeva qeyd edib ki, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, milli mətbuatımızın yubiley tədbirləərinin keçirilməsi haqqında qərarlar, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirir: "KİV sahəsində konsepsiyanın qəbul edilməsi, fondun yaradılması, mətbuat mənsublarının fəxri adlar və medallarla təltif edilməsi, həmçinin, 2013-cü ildə jurnalistlərə mənzillərin verilməsi Prezident İlham Əliyevin iki dəfə mətbuatın dostu seçilməsinə səbəb olub".
Millət vəkili əlavə edib ki, bu gün görülən işlər nəticəsində Azərbaycanda dünya ölkələri üçün nümunə ola biləcək azad söz, müstəqil mətbuat və demokratik mühit formalaşdırılıb.
sia.az