Məlum olduğu kimi, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan keçirilən kütləvi etiraz aksiyaları polis zorakılıqla dağıtsa da aksiya iştirakçıları sona qədər mübarizələrini davam etdirəcəklərini bildiriblər. Məlumata görə, artıq bu günə kimi 1000 nəfərdən çox aksiya iştirakçıları həbs edilib.
Əslində Sarkisyan rejiminə qarşı kütləvi etirazlara çoxdan zəmin vardı. Ağır sosial-iqtisadi durum, gəlirlərin qeyri-bərabər bölgüsü, bürokratiya, məmur özbaşınalığı, dövlət qurumlarını ağuşuna almış korrupsiya cəmiyyətdə hakimiyyətə qarşı qəzəb yaratmışdı. Xüsusilə də, gənc nəslin bu ölkənin gələcəyinə inanmaması, Rusiyada, Avropa ölkələrində perspektiv axtarması ən böyük problemlərdəndir. Məhz bunun nəticəsidir ki, Ermənistanın sürətlə boşalması, məhsuldar qüvvələrin tədricən yoxa çıxması, hakimiyyəti ələ keçirmiş hərbçilərin, onlara bağlı oliqarxların iqtisadiyyata tam nəzarəti ələ alması yoxsul ermənilərin səbr kasasını daşırmalı idi.
Musa Qasımlı: "Ermənistanda gedən proseslər bütün erməniləri düşündürməlidir"
AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı Ermənistanda vəziyyətin daha da kəskinləşəcəyini bildirib: "Hər şeydən əvvəl, elektrik enerjisi qiymətlərinin artırılmasına etiraz yalnız bəhanə və ya görünən tərəfdir. Əslində, etiraz aksiyaları Ermənistanda ümumi böhranın - sosial, siyasi, iqtisadi və mənəvi-psixoloji böhranın tərkib hissəsidir. Bu hadisələr göstərir ki, Ermənistan enerji təhlükəsizliyini təmin edə bilməyən, xaricdən asılı olan, müstəmləkə sisteminin çoxdan dağılmasına baxmayaraq, yeni müstəmləkəçilik siyasətinin altında olan bir ərazidir, deməli, 1991-ci ildə müstəqilliyini elan etsə də, Ermənistan dövlətçiliyi baş tutmayıb."
M.Qasımlı hesab edir ki, ermənilərin mənəvi-psixoloji böhranı dərinləşir: "Etirazçıların siyasi tələblərinin olmadığını, yalnız qiymətlərin artırılmasının dayandırılmasını söyləmələri yalnız görünüən tərəfdir. İnsanlar Sarkisyan rejiminin təzyiqlərindən beziblər. Ermənistandan köçüb gedənlərin sayı ildən-ilə artır."
Mübariz Əhmədoğlu: "Ermənistanda üsyan: Rusiyanın "falstartı", yoxsa Qərbin hakim elitanı özününküləşdirməsinin başlanğıcı"
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qəzetimizə verdiyi açıqlamasında vurğulayıb ki, Ermənistanda korrupsiyanın əhatə etmədiyi heç bir sahə yoxdur: "Ermənistanda elektrik enerjisinin paylayıcı şəbəkəsi Rusiyaya məxsus olduğu üçün yaxın illərdə rəsmi Yerevan tərəfindən o şirkətə hədsiz çox təzyiqlər edilib. Şirkət rəsmi qaydada rüşvət verməyə razılaşdıqdan sonra təzyiqlər azaldı. Həm də Rusiya elektrik paylama şəbəkəsinə təzyiqə görə Ermənistana acıqlanmışdı. Ardıcıl yoxlamalar və təzyiqlər "Ermənistan Elektrik şəbəkəsinin" effektsiz menecmentinin əsas səbəbidir. Belə vəziyyətdə elektrik paylama şəbəkəsinin qiymət artırmaq müraciətinin əsas səbəbkarının Rusiya tərəfi, yoxsa həmin şirkətin Ermənistandakı hamiləri olduğunu müəyyən etmək çətindir". Politoloqun fikrincə, S.Sarkisyan ABŞ-ın marağına uyğun qiyməti qaldırır, amma bunun Rusiya tərəfinin diktəsi ilə edildiyi görüntüsünü yaradır: "Ermənistanda Qərbin nüfuzu artır, RF-in nüfuzu isə aşağı düşür. RF bunu başa düşdü və ola bilər ki, RF məhz bu amili nəzərə alaraq xalq hərəkatına vaxtından əvvəl start verdi. Mitinq iştirakçıları başa düşürlər ki, Avropa elektrik enerjisinin qiyməti onların indi etiraz etdiyi qiymətdən çoxdur. Eləcə də onu da bilirlər ki, RF-də elektrik enerjisinin qiyməti Ermənistandakından təxminən 3 dəfə ucuzdur. Əslində "erməni-rus" qardaşlığının fenomeni də burasındadır. Ermənilər Rusiya dövlətçiliyini əleyhinə gedə bilirlər, onu hətta dağıda bilirlər və bu zaman rusları inandıra bilirlər ki, düzgün addım atıblar. Qərbi Rusiyanın üzərinə ilhamlandıran ən əsas səbəb də budur. İndi Ermənistanın Qərblə Rusiya arasında manevr etmək imkanı yoxdur. İndiki Ermənistan Qərb və Rusiya nəhənglərinin arasında qalıb əzilən Ermənistandır. İndi Ermənistandakı bütün proseslər Qarabağın və Ermənistan dövlətçiliyinin itirilməsinə köklənib".
Politoloq hesab edir ki, Ermənistan bu prosesdə ən zəif həlqədir. O, kənar qüvvələrdən tamamilə asılıdır. Bu səbəbdən də hər iki böyük dövlət erməni faktorundan öz məqsədləri üçün istifadə edirlər. Erməni yazarlar bu vəziyyəti "Ermənistan rus çəkici ilə Qərb zindanı arasında qalıb" kimi qiymətləndirirlər. Bir sözlə, Qərblə Rusiyanın İrəvanda toqquşması indiki rejimin - Sarkisyan rejiminin iflası üçün ciddi əsas olacaq.
A.SƏMƏDOVA