"Ermənistanda vəziyyət gec-tez belə dəyişəcəkdi. Çünki xalqın güvənmədiyi, inanmadığı bir qrupun idarəçiliyi uçuruma yuvarlanmalı idi və bu gün həmin durum göz önündədir". Bu fikirləri SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi partiyasının sədr müavini Fəzail İbrahimli Ermənistandakı vəziyyəti şərh edərkən deyib.Millət vəkili qeyd edib ki, Sarkisyan və onun rejimi tamamilə kənardan idarə olunan, saxta yolla hakimiyyətə gələn bir qrupdur: "Onun apardığı siyasət Ermənistanda iqtisadi durumu ağırlaşdırmaqla, xalqın sosial vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb. Bu baxımdan xalq hakimiyyətə münasibətini aksiyalarla, piketlərlə ifadə etməyə vadar olub. Təbii ki, Ermənistan xalqı öz sözünü deməklə kənardan idarə olunan bu qrupu hakimiyyətdən getməyə təhrik edəcək ki, bu gün də olmasa sabah hakimiyyət dəyişikliyi baş verəcək".Fəzail İbrahimli cəbhə bölgəsindəki gərgin vəziyyətə, Azərbaycan tərəfinin Ermənistana məxsus pilotsuz təyyarələri məhv etdiyinə də münasibətini bildirərək qeyd edib ki, Ermənistanın hazırkı iqtidarı ölkədə iqtisadi, siyasi durumun ağırlığını görüb, bunun qarşısını ala bilmədikdə hansısa bir yolla cəbhədə hadisələr törətməklə xalqın fikirlərini başqa səmtə yönləndirir. Heç bir halda Ermənistan müharibə edə biləcək durumda deyil. Çünki hakimiyyət öz ixtiyarlarında deyil ki, istədikləri zaman müharibəyə başlasın. Xalqa söykənməyən bir hakimiyyət müharibə etsə belə, nəticələri olduqca ağır olar. İkinci bir tərəfdən isə onlar yaxşı bilir ki, Azərbaycan bu gün hansı səviyyədə siyasət yürüdür və hərbi cəhətdən qat-qat onlardan üstündür. Hesab edirəm ki, gündə bir pilotsuz təyyarə uçurmaqla Serj Sarkisyan ölkəsində siyasi sabitliyi bərpa etməyə cəhd göstərir".
sia.az