Bu gün Bakıda "Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda 25 ölkənin dövlət qulluğu sahəsində ixtisaslaşmış qurumlarının və təlim mərkəzlərinin rəhbər vəzifəli şəxsləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak edib. Həmçinin Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı ofislərinin rəhbərləri və əməkdaşları da qatılıb.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib ki, konfrans iki gün davam edəcək: "Bu, ardıcıl olaraq dördüncü konfransdır. Biz Azərbaycanda bu mövzuya çox önəm veririk. İnanıram ki, biz burada bir-birimizin təcrübəsini öyrənəcəyik. Beləcə, müasir təcrübədən faydalanmış olacağıq".Avropa Oyunları haqqında da danışan sədr deyib ki, oyunlar bitsə də şəhərdə hələ də o ab-hava yaşanmaqdadır: "Biz çox şadaq ki, Azərbaycan belə bir tədbirə ev sahibliyi etdi. İlk Avropa Oyunlarının keçirilməsi ölkəmizin növbəti uğuru idi".BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Antonius Broek qonaqları salamlayaraq, onların konfransda iştiraklarından məmnunluq duyub: "BMT-nin İnkişaf Proqramı qanunvericiliklə dövlət islahatlarını dəstəkləyir. Əhalinin ehtiyaclarına uyğun şəkildə dövlət qulluğunun gücləndirilməsi mühüm və vacib məsələdir".
Sonra Almaniya İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Sektorunun rəhbəri Jeroen Villems və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Templeinin çıxışları dinlənilib.Çıxışlardan sonra tədbir "Dövlət qulluqçularının potensialının inkişafına qoyulan investisiyaların geri qayıtması" və "Dövlət idarəçilik islahatları nəticəsində dövlət qulluğunda mədəni dəyişikliklər" mövzusunda plenar sessiya ilə davam edib.Konfransın ikinci günündə "Regional platformalar dövlət qulluqçularının potensialının artırılmasında alət kimi" və "Dövlət idarəçiliyi islahatları çərçivəsində dövlət qulluğu üzrə təlim mərkəzlərinin yaradılması" mövzusunda təqdimatlar olacaq və mövzular ətrafında müzakirələr aparılacaq.Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu Məsələləri üzrə Momissiya tərəfindən həyata keçirilən "Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Prezident yanında Dövllət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək" layihəsi çərçivəsində keçirilir.
sia.az