Politoloqlar nə deyir
Yerevanda iyunun 19-dan başlayan etiraz aksiyaları təlatümlər yaşayan Ermənistanda vəziyyəti gərginləşdirib. Hadisənin baş vermə səbəbləri və mümkün nəticələrilə bağlı politoloqlar bir neçə variant irəli sürürlər. Politoloq Aleksandr Çaçiyanın sözlərinə görə, qərbyönümlü qüvvələr hökumətin elektrik enerjisi tariflərini qaldırmasını bəhanə edərək, Rusiyayönümlü Sarkisyan hakimiyyətini devirməyə çalışırlar: "Ermənistanda Qərbin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti institutları çox uğurla fəaliyyət göstərir və ölkədəki Amerika səfirliyi, həmçinin xüsusi xidmət orqanları ilə inqilabın həyata keçirilməsi istiqamətində iş aparılır. Təbii ki, Qərb Ermənistanda "narıncı inqilab" həyata keçirməklə Cənubi Qafqazı bütövlükdə Rusiyanın təsirindən çıxarmaqda maraqlıdır. Bunun üçün müəyyən münbit şərtlər də yaranıb. Lakin Qərbin planının Ermənistanda baş tutması üçün lazımi şərait hələ ki, tam formalaşmayıb. Çünki uğurlu qərbyünümlü çevrilişin həyata keçməsi üçün hakim klandan qopmuş güclü müxalif liderlərin olması vacibdir.
Sosial gərginlik siyasi gərginliyə yol açır
Politoloq Rasim Musabəyov Ermənistanda mövcud gərginliyin aradan qaldırılması üçün heç bir imkanın olmadığını bildirib: "Hazırda Rusiyadan pul köçürmələrinin həcmi 40 faiz azalıb. Eyni zamanda Ermənistanın ixracat potensialı da təxminən bərabər miqdarda aşağı düşüb, büdcə boşalıb. Sabah dövlət insanların təqaüdlərini və hərbiçilərin əmək haqlarını ödəyə bilməyəcək. Təbii ki, belə olan halda ölkədə gərginlik artacaq. Vaxt ötdükcə Ermənistanda sosial gərginlik sonda siyasi gərginliyə yol açacaq. Eləcə də, Rusiya hərbi sahənin inkişafı məqsədilə Ermənistana 200 milyon dollar məbləğində kredit ayırıb. Bundan başqa Rusiya Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının yenidən qurulması üçün kredit ayıracağını bildirib". Politoloqun sözlərinə görə, bütün bunların hamısı sadəcə olaraq vəddir və onların həyata keçirməsi ilə bağlı dəqiq bir tarix göstərilməyib: "Bununla yanaşı Ermənistanın dövlət büdcəsi də boşdur. Belə olan halda hər hansı bir dövlət Ermənistana nağd şəklində pul verəsi deyil. Qərb Ermənistana müəyyən məbləğdə kredit verib. Kreditlər konkret olaraq nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə ayrılıb. Digər bir yandan da Ermənistan bundan öncədən götürdüyü kreditləri geri qaytarmalıdır. Onların belə bir vəziyyətdən çıxmaları üçün yolları yoxdur".
Nadana Fridrixson: "Ermənistandakı etiraz aksiyaları ermənilərin əksəriyyətinin əhval-ruhiyyəsini əks etdirir"
Siyasi ekspert, "YevrAzEs" İnstitutunun analitiki Nadana Fridrixson bildirib ki, hazırda Ermənistanda dəhşətli işsizlik hökm sürür: "Ölkədə orta aylıq əməkhaqqı 300 dollara yaxındır. Bu ilin martında Ermənistanda işsizliyin səviyyəsi keçən ilin mart ayı ilə müqayisədə 21 faiz artıb. Aylıq 60 dollar alan təqaüdçülər yoxsulluq içində yaşayırlar. Onlardan çoxu mağazalara sərgilərə getdikləri kimi gedirlər, ərzaqlara baxıb, toxunub, daha sonra mağazadan çıxırlar. Keçən ilin yay aylarından təqaüdçülər arasında intihar hallarının sayı artmağa başlayıb".
N. Fridrixson Ermənistandakı mövcud vəziyyətin Rusiyanın da imicinə təsir etdiyini söyləyib: "Sarkisyan Avrasiya İqtisadi Birliyinə daxil olarkən vətəndaşlarına yaxşı həyat vəd etmişdi. Faktiki olaraq, İrəvan Moskvadan qalxan kimi istifadə edir. İrəvan öz vətəndaşlarının problemini həll etmək iqtidarında deyil. Rusiyanı iqtisadi böhran vuran kimi, Ermənistanda vəziyyət daha da pisləşdi. İnhisarçı oliqarxlar ərzağın qiymətlərini artırdılar. Təəssüflər olsun ki, İrəvanda açıq tiraniya elementlərini müşahidə edirik. Ümid etmək istəyirik ki, Rusiya siyasətçiləri kuluarlarda erməni həmkarlarına konfliktin həll edilməsinin lazım olduğunu izah edəcəklər. Əhalini sıxmaq deyil, sosial-iqtisadi fəlakətin qarşısını almaq lazımdır".
Tevan Poqosyan: "Hakimiyyət çıxış yolu tapmasa, aksiyaların sonunda Ermənistan dağılacaq"
Ermənistan parlamentinin "İrs" fraksiyasından olan deputatı Tevan Poqosyan İrəvandakı son mitinqlər zaman yaranmış durumu şərh edərkən deyib ki, hakimiyyət aksiyaları dağıtsa da heç bir şey əldə edə bilməyəcək: "Aksiyaları dağıtmaqla problemi həll etmək olmur. Hakimiyyət çıxış yolu tapmalıdır, 8 ildir ki, Sarkisyan bu yolu tapa bilmir, bundan sonra tapması mümkünsüzdür. Bu proseslər ölkənin dağılmasına gətirib çıxara bilər."
Beləliklə, baş verən proseslər mütləq hökumət və xalq arasında növbəti amansız toqquşmaya gətirib çıxaracaq. Politoloqları fikirlərinə görə, təlatümlər içərisində yaşayan Ermənistandakı vəziyyət "narıncı inqilab"ın baş verəcəyi barədə ehtimallarının reallaşacağını təsdiqləyir.
A.SƏMƏDOVA