PDF Oxu

Siyasət

  • 12

Azərbaycan əhalisi prezident postunda İlham Əliyevə alternativ görmür

Azərbaycan əhalisi prezident postunda İlham Əliyevə alternativ görmür

Bunu isə son 11 il ərzində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işlər təsdiqləyir

Prezident İlham Əliyevin rəhbərliyi ilə I Avropa Oyunlarını belə yüksək səviyyədə keçirən Azərbaycan artıq özünü beynəlxalq arenada etibarlı və böyük hörmətə malik ölkə kimi təsdiqləyib

Məlum olduğu kimi, "Rəy" Monitorinq Mərkəzi iyulun əvvəlində ölkə üzrə ictimai rəy sorğusu keçirib və nəticələrə görə Azərbaycan əhalisinin ölkə Prezidenti İlham Əliyevə etimadı yüksəkdir. Cavablardan da görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

Rəy sorğusundan da göründüyü kimi Azərbaycan əhalisi prezident postunda İlham Əliyevə alternativ görmür. Bunu isə son 11 il ərzində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işlər təsdiqləyir.

Belə ki, Prezident İlham Əliyevin 11 il əvvəl siyasi düzənin arxitekturasını formalaşdıraraq Azərbaycanın siyasi mənzərəsində tamamilə yeni keyfiyyət dəyişiklilərinin əsasını qoydu. 2003-cü ildən sonrakı dövrü Azərbaycanın siyasi, iqtisadi, sosial, ictimai, humanitar, elmi-mədəni həyatında tamamilə yeni proseslərin baş verdiyi bir tarixi dövrdür və bu mərhələ ölkə iqtisadiyyatında yeniləşmə və keyfiyyət dəyişikliklərinin baş verdiyi bir mərhələ hesab olunmaqla, qarşıda modernləşmə üçün geniş imkanların astanasının başlanğıc tarixi kimi də səciyyələndirilə bilər. Azərbaycanın gələcəyinin xoş təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin yaratdığı milli inkişaf doktrinasını yeni dövrün iqtisadi meyarları əsasında zənginləşdirən Prezident İlham Əliyev ölkəmizin uzunmüddətli tərəqqisi üçün kompleks islahatlar kursunun həyata keçirilməsi üçün prinsipial addımlar atıb.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yaratdığı zəngin idarəçilik instititunun möhkəm dayaqları üzərində yeni dövrün reallıqları nəzərə alınmaqla çevik, unikal, modern bir idarəetmə platforması formalaşdırıb. Bu, dövlət idarəetmə aparatı sistemində mükəmməl və demokratik meyarlara əsaslanan unikal idarəetmə formullarını müəyyən etməklə, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsinə baza yaradır, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini əks etdirir. Bu idarəetmə modeli, eyni zamanda, demokratiyanın, milli birliyin, tolerantlığın, sivilizasiyalararası geniş əməkdaşlığın, multikulturalizmin dərinləşməsinə töhvəverici faktor qismində çıxış edir, regionda dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir.

Prezident İlham Əliyev xalq hakimiyyətinin bütün prinsip və metodlarını nəzərə alaraq ilk növbədə, xalqın, ictimai fikrin tələblərinə uyğun, onların istək və arzularına xidmət edən və xalqın maddi və mənəvi ehtiyaclarını ödəyən, vətəndaş həmrəyliyinin möhkəmlənməsini təmin edən, insanların dövlətə dərin inam və etibarını gücləndirən fəaliyyət institutu yaratdı. Bu demokratikləşmə prosesinin əsas avanqardına çevrilməklə ölkədə milli birliyin, vətəndaş cəmiyyətinin möhkəm bazalarını daha da gücləndirdi.

Prezident İlham Əliyevin birinci Prezidentlik dövrü Azərbaycan iqtisadiyyatının ən sürətli dövrü hesab olunur. Bu beşillikdə Azərbaycan tarixə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil olub. Bu dövr ərzində iqtisadiyyatın inkişafı 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artıb. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşüb, büdcə xərcləri 10 dəfədən çox yüksəlib. Eyni zamanda, cənab Prezidentin ilk beşillik fəaliyyəti dövründə növbəti beşillik üçün yeni iqtisadi meyarlar müəyyən olunub, qarşıdakı mərhələdə inkişafın sürətlənməsini təmin edə biləcək möhkəm zəmin yaradılıb.

Cənab İlham Əliyevin ikinci Prezidenlik dövrü iqtisadiyyatın struktur baxımından daha təkmilləşməsi, idarəetmə texnologiyalarının innovativ fazaya keçməsi ilə proqressiyası ilə xarakterizə olunur. Bu dövr sürətli inkişafın yeni milli model üzrə davamlılığının ən kreativ və sürətli fazaya qədəm qoyduğu dövr kimi səciyyələndirilə bilər. Bu mərhələdə milli inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də sosialllığı ilə seçilir. Yəni bu modelin alt qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata bağlıdır. Bu siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə, insanlar arasında maddi bölgülərin istehlakında bərabərsizliyin aradan qaldırılmasına və son nəticədə sosial rifahın yüksəldilməsinə hesablanıb. Bu, eyni zamanda, dövləti iqtisadi gücünün artımı əsasında yeni demokratik cəmiyyətinin qurulmasına kömək edir. Sosioiqtisadi reformalar makroiqtisadi dinamizmi möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyinə səbəb olub, sosial islahatların tamamilə modernizasiyasını sürətləndirib.

Azərbaycanın dövlət başçısının müəyyən etdiyi iqtisadiyyatın çoxşaxəli inkişafı ilə bağlı strateji xəttə uyğun olaraq hökumət zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub. Neft gəlirlərinin daxili sərmayələrə yönəldilməsi son illər ərzində iqtisadi və sosial bölmələrdə inkişaf meyillərinin yaranmasında mühüm rol oynayıb. Həm ölkə daxilində, həm də respublikamızdan kənarda həyata keçirilən strateji layihələrin maliyyələşdirilməsində neftdən daxil olan vəsaitlərin həcmi ilbəil artır. Bu siyasət diversifikasiya strategiyasının reallaşması üçün qarşıya qoyulmuş hədəflərə çatması üçün münbit şərait yaradıb, çoxşaxəli iqtisadiyyatın hərəkətini sürətləndirib.

Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi özünü təsdiq edib və bütün sektorların milli məhsulun yaranmasında payı artır, milli gəlirlərin həcminin yüksəlməsində qeyri-neft sektorunun aparıcı bölmələri xüsusi rol oynayır. Bu gün inkişaf baxımından yeni meyarlara uyğunlaşan iqtisadiyyat diversifikasiyanın yeni elementləri ilə zənginləşməkdədir. Neftdən daxil olan resursların, həmçinin, digər sahələrə - alternativ enerji mənbələrinin əldə olunmasına və ekoloji layihələrə də xərclənməsi nəzərdə tutulur ki, bu da iqtisadiyyatın diversifikasiyası üçün daha geniş imkanlara yol açır.

Azərbaycan milli məhsulda elm və təhsilin çəkisinin artırılması və kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi strateji addımlar atmaqdadır. Kadr potensialının yeni əsrə uyğun qurulması, demokratik idarəetmədə elektron hökumətin qurulması və funksional idarəetmənin gəncləşməsi yeni siyasi reformalarda mühüm üstünlüyə malikdir. Müasir sənaye iqtisadiyyatının inkişafını, onun ideya və platformasını biliklərə əsaslanan iqtisadi tədqiqatlar təşkil edir. Prezident İlham Əliyevin zəngin sərvətlərin insan zənginliyinə, kapitalın intellektual mülkiyyətə transformasiyasını təmin etməklə strateji bir ideyanın - İnsan Kapitalı Fondunun yaradılmasını təmin edib.

Bu gün dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi innovativ inkişafın əsas fundamentini təşkil edir. Elmi bazası, intellektual mülkiyyəti güclü olan dövlətin inkişafı, iqtisadi modernləşmə xətti öz uğurlu nəticələrini verir. İqtisadiyyatın elmi potensialının güclənməsi və "qara qızıl"ın insan kapitalına transformasiyası sayəsində Azərbaycan tamamilə postindistriual cəmiyyətə keçidi təmin etmiş olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək etapına qədəm qoyaraq davamlı inkişaf dialektikasının qanunauyğunluqlarına rəğmən öz milli intibah modeli ilə irəliləməkdədir. Xammal ehtiyatlarının olması, dövlətin maliyyə və infrastruktur gücü - bütün bunlar vətəndaşların potensialının reallaşdırılması üçün şərait yaradır. Azərbaycan yaxın onillikdə möhkəm siyasi sabitliiyin altstrukturlarını, iqtisadiyyatın məzmununu, sosial islahatların keyfiyyətini və ümumilikdə, ictimai-sosial yaşayış formulunu dəyişməklə ən yüksək keyfiyyətli həyat şəraiti təmin edən makrosivil cəmiyyətin qurulmasını strateji hədəflərə çevirib. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji plana əsasən Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmağı hədəf seçib. Təbii ki, ilkin mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.

Yeni onillikdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi də Cənab İlham Əliyevin hədəflədiyi sahələrdir.

Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir. Bu gün, hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir sosial obyektlər istifadəyə verilir. 11 il ərzində 3000-ə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilib, 40-dan artıq olimpiya idman kompleksi istismara verilib. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlayıb, 1 milyondan artıq yeni iş yeri açılıb.

Son illər ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, əsas agentliklər - "Fitch Ratings", "Standart & Poor's" və "Moody's" hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər. "Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-cidir. Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə "aşağı orta gəlirli" ölkələr qrupundan "yuxarı orta gəlirli" ölkələr qrupuna, İnsan İnkişafı hesabatında "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlib. Ancaq Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında çox iddialı, ancaq eyni zamanda, real hədəflər müəyyənləşdirilib. Konsepsiyada qeyd olunmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, adambaşına düşən Ümumi Milli Gəlir təsnifatında ölkəmizin "yuxarı orta gəlirli ölkələr", BMT-nin İnsan İnkişafı təsnifatına əsasən "yüksək insan inkişafı" qrupunda üst sıralara yüksəlməsi nəzərdə tutulur.

Əlbəttə, Azərbaycanın bu cür uğurlar əldə etməsinin əsas səbəblərindən biri və birincisi odur ki, ölkəmizdə siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. İqtisadi-sosial inkişafla yanaşı demokratiyanın da dərinlşdirilməsi Azərbaycanda sağlam və inkişaf edən cəmiyyəti formalaşdırıb. Məhz, ölkə başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycanda bütün azadlıqlar təmin edilir: "Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir. Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər".

Aydın məsələdir ki, iqtisadiyyatı güclü olan, sosial şəraiti yüksək səviyyədə qurulan bir ölkədə əlverişli demokratik vəziyyətlə yanaşı ictimai-mədəni dialoq da istənilən səviyyədədir. Ölkəmizdə bütün prosedurlar tam demokratik qaydalara uyğun olaraq həyata keçirilməkdədir, hətta, qanunvericilik bazası belə dünya standartları səviyyəsində təşkil olunub. Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib. Azərbaycanda multikulturalizm dəyərləri çox yüksək səviyyədə qorunur və bu baxımdan Azərbaycanın təcrübəsi başqa ölkələrdə öyrənilir. Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur.

Bir sözlə, Azərbaycanda siyasi islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur və müstəqilliyinin 24-cü ilini yaşayır. Hesab edirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə I Avropa Oyunlarını belə yüksək səviyyədə keçirən Azərbaycan artıq özünü beynəlxalq arenada etibarlı və böyük hörmətə malik ölkə kimi təsdiqləyib.

"Səs" analitik Qrupu

Digər xəbərlər