PDF Oxu

Siyasət

  • 11

ABŞ-ın "narahat" senatorları

ABŞ-ın "narahat" senatorları

Yaxud, müstəmləkəçilik hərisliyindən doğan antidemokratik addım

Bəlli olduğu kimi, ABŞ-ın 16 senatoru Azərbaycanın dövlət başçısına məktub yazaraq, niyyətlərini nümayiş etdiriblər. Hegemon dövlət statusundan sui-istifadə edən ABŞ-ın dövlət rəhbərliyi bu dəfə senatorları ortaya ataraq, ölkəmizdə yürüdülən müstəqil siyasətə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Məsələ ondadır ki, Qərb siyasi dairələri, eləcə də Avropa təşkilatlarının dəfələrlə Azərbaycana qarşı sərgilədikləri qərəzli münasibətlərindən fərqlənməyən məktub yenə də çeynənilmiş ifadələrlə zəngindir. Həmin məktuba imza atan amerikalı senatorlar guya böyük, hətta nəhəng "narahatlıq" hissləri ilə yazırlar ki, sən demə Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuat azadlığı üçün məkan daralır və s.

16 "narahat" senatora sual edirik və eyni zamanda cavab verməyi tələb edirik ki...

Bu zaman belə bir sual yaranır: əgər siz ABŞ Senatının təmsilçiləri olaraq öz burnunuzun qarşısında, hətta ağzınızın içində baş verən prosesləri görmürsünüzsə onda ölkənizdən minlərcə kilometr aralı məsafədə yerləşən Azərbaycan haqqında bu qədər "narahat" olmağınız əslində bizi də narahat edir! Narahat oluruq ki, ABŞ nəyə görə öz daxilindəki çoxminli problemləri həll etməsi yerinə başqa dövlətlərin daxili işlərinə qarışır, müdaxilə edir və adını da qoyur ki, bu "demokratiyadır". Bu məsələlər bizi -Azərbaycan vətəndaşlarını narahat edir ona görə ki, bu gün ABŞ-da yüz minlərlə insan işsiz vəziyyətdə küçə və zibilliklərdə gecələyir, iqrçilik problemi günü-günündən böyüyür, polis günahsızlığı onlar tərəfindən törədilən növbəti qətllərə səbəb olur, məhkəmələr güc orqanlarına hökm çxıarmır, çıxarırsa da onların xeyirlərinə qərarlar verilir, jurnalistlər hər hansı bir irqçilik hadisəsini işıqlandırarkən, həmin mətbuat işçiləri dərhal nəzarətə götürülür, onların fəaliyyətləri izlənilir, ölkə mətbuatı bilavasitə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nəzarəti altındadır və gizi senzuradan keçirilir. Ölkədə demək olar ki, hər gün əsasən təhsil müəssisələrində kütləvi qətliamlar törədilir və dövlət bunun qarşısını ala bilməkdə acizlik göstərir, Amerika vətəndaşları vergi ödəyiciləri kimi dövlətin onların həyatına biganə qaldığnı bar-bar bağırsalar da, ölkə rəhbərliyi sanki bunu eşitmir ya da eşitmək istəmir və s. Yəni bunlar hələ çox kiçik detallardır ki, həmin detallar ABŞ-da hökm sürməkdədir.

Xatırlatmaq yerinə düşərdi ki, bu həmin senatorlardır ki, ötən ilin avqust ayında da eyni məzmunlu yazı ilə çıxış edərək, "narahatçılıqdan" hətta gecələr gözlərinə yuxu getmədiyindən gileylənmişdilər. Onları "narahat" edən, gözlərinin yumulmasına mane olaraq yatmağa qoymayan məsələlər isə ilk növbədə dövlət maraqlarına qarşı çıxan Leyla və Arif Yunusların, onlardan geri qalmayan İntiqam Əliyevin, Anar Məmmədovun, Rəsul Cəfərovun həbsləri, eləcə də "xeyli sayda insan haqları fəalı və jurnalistin ya həbs olunması, ya da ölkədən çıxışlarına qadağa qoyulması" ilə bağlıdır.

Biz həmin məktubu yazan 16 "narahat" senatora sual edirik və eyni zamanda cavab verməyi tələb edirik ki:

ABŞ-da bu ölkənin dövlətçilik maraqlarını tutaq ki, İrana, Şimali Koreyaya, Çinə, yaxud da Rusiyaya satan bir kimsə asudə gəzə bilərmi? Yaxud, "WikiLeaks" saytının qurucusu- Assanc Amerikanın şəhərlərində rahat gəzib, araşdırmaçı jurnalsit kimi fəaliyyət göstərə bilərmi? Məsələn, bir neçə il öncə Fransa prezidenti Fransua Ollandan siyasi sığınacaq istəyən lakin istədiyinə çata bilməyən Assancın fikirləri "Le Monde"də belə qeyd olunmuşdu: ""WikiLeaks"ın qurucusu iddia edib ki, Amerika hakimiyyəti onu jurnalist fəaliyyətinə görə təqib edir". Hörmətli "narahat" ABŞ senatorları təkcə bu faktın özü sizə nə isə demirmi?!

Senatorlar yazırlar ki, Azərbaycanın üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ofisinin bağlanması, "Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı təmsilçilərinin ölkəyə girişinə qadağa qoyulması doğru addım deyildir. Sual olunur niyə? Ona görə ki, ATƏT kimi bir qurum siyasi korrupsiya burulğanında, daha dəqiqi isə erməni lobbisinin ödədiyi rüşvətlər hesabına Azərbaycana qarşı ağlına gələn sərsəm, qeyri-ciddi və sifarişli ittihamlar irəli sürəcək, bizim müstəqil dövlətimiz isə buna qarşı susacaqmı? YANILIBLAR! Yəni ATƏT nəticədə Azərbaycanda arzuolunmaz bir quruma çevrildiyini xodan fərq etməliydi! Və ya "Amnesty İnternational" da onun kimi...

Tələb etdiyini insan haqları barədə fikir bildirərkən niyə geri dönüb, ABŞ-ın rəsmi dövlət siyasətindəki axsaqlıqlara düzəliş vermirsiniz, cənab senatorlar? Yaxşı olmazmı hal-hazırda narkotik dövriyyəsinə, istifadəsinə, bunun səbəbindən cinayətlərnin sayına görə dünyada birinci yerə çıxan ABŞ artıq həbsxanalarda yer qalmadığını etiraf edəsiniz? Bəli, statistikalar da göstərir ki, ABŞ dünyada ən çox məhbusu olan ölkədir. Məhbusları bol olmağı qalsın bir yana, ABŞ həm də həbsxanalarda məhbuslara qarşı tədbiq edilən zorakılıqları ilə də seçilən ölkələrdən biri və birincisidir. Beləliklə, senatorlar bunları etiraf etməli və burunlarını onlara lazım olmayan yerlərə istiqamətləndirməkdən ehtiyat etməlidirlər. Çünki nəticə etibarilə dərk etməlidirlər ki, Azərbaycan onlar üçün Liviya, Suriya, Misir, Tunis, İraq deyil, nə də ki...

Azərbaycan güclü, qətiyyətli, demokratik dəyərlərə önəm verən, inkişaf edən, bununla da düşmənlərini gözünü kor edən azad, müstəqil bir ölkədir, dövlətdir. Ona görə də Azərbaycan dövlətinə müraciət edərkən, senatorlar bilməlidirlər ki, erməni lobbisinin onlara verdiyi rüşvət, sifariş burada keçməyəcək. Çünki həmin imzalar içində qondarma erməni soyqırımının tanınması üçün imza atan senatorların da adları (Barbara Boxer, Marco Rubio, Sheldon Whitehouse ) rastımıza çıxdı. Ona görə də əbəs yerə "narahat" olmasınlar. Hətta indidən əmin olsunlar ki, planları baş tutmadı. Çünki bu cür məktubların tərkib hissəsi ABŞ siyasətinin müstəmləkəçilik hərisliyindən doğan antidemokratik addımıdır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər