Azərbaycanda diaspora quruculuğu, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədi dünya azərbaycanlılarını ilə əlaqələrin sıx qurulması idi. Xatırladım ki, hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsətlənməsi, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətinin ("Vətən" cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşdığından Onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələrini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək ixtisaslara yiyələndi. Əlbəttə, bu kadrların bir çoxu yenidən Azərbaycana qayıdıb, respublikanın ümumi inkişafına töhfələrini verdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşdı. Bir sözlə, 70-80-ci illərdə sovet dövlətində gedən inteqrasiya prosesləri, gənclərimizin digər respublikalarda təhsil almaları onların miqrasiyasına təkan verdi. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər bir tərəfdən həmvətənlərimizin mütəşəkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərdilər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Dahi Öndər Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu oldu.
Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlıların I Qurultayını müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə olduğunu kimi qiymətləndirdi. Bütün dünyada yaşayan azərbaycanlılar, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşdı. Heydər Əliyev qurultaydakı çıxışında bildirdi ki, uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məhdud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çalışmışıq: "1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrimizi genişləndirək, onlara həmrəyliyimizi bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir."
Müasir dövrümüzdə dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıb. Son illər bu icmalar daha da möhkəm təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır.
Bu gün Ulu Öndər Heydər Əliyevin diaspor quruculuğunda qoyduğu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasəti uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti Prezident İlham Əliyevin fəaliyyətində davam etdirilir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da öz növbəsində Heydər Əliyevin azərbaycançılıq ideolgiyasının məntiqi nəticəsidir. Müasir dövrümüzdə Azərbaycan diasporunu gərgin işlər gözləyir. Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır.
Nəzakət ƏLƏDDİNQIZI