Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 46 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır. Bu mövzuda söhbət etdiyimiz bəzi müsahiblərimiz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu bildirdilər.
- YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva: "14 iyul 1969-cu il - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir"
- 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür - Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsidir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu.
Dahi Lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. Ulu Öndər Heydər Əliyevin 46 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin əvvllərində fəlakət astanasında olanda, yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildə əsası qoyulan yol, konsepsiya, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir və bu siyasətin bundan sonra da davam edəcəyi şübhəsizdir.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev: "46 il öncə başlanan yol Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub"
- 46 il öncə başlanan yol Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub. Bu illərin heç birində O, xalqından ayrı, kənarda olmayıb. Ən əsası isə odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib.
Xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğrunda fəaliyyətə, mübarizəyə başladı. Təsadüfi deyil ki, başabəla liderlərin, bivec hakimiyyətlərin "idarəçiliyinə" cəmi bir il tab gətirən Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə öz gerçək Liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, Onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi... Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 46 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. Həmin tarixdən 46 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov: "1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi idi"
- 1969-cu il 14 iyul tarixi Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi olub. 1969-cu ilədək Azərbaycan, SSRİ daxilində ən geridə qalmış respublikalardan biri idi. Eyni zamanda, imperiya daxilində Azərbaycan xalqına olan münasibət də söylədiyimiz dərəcədə fərqli idi. Erməni daşnakları isə hücumlarına ara vermir, hətta deportasiyalara da nail olmuşdular. Amma 1969-cu ilin 14 iyul tarixində Azərbaycana rəhbərliyə gəlmiş Ulu Öndər Heydər Əliyev bütün mənfi tendensiyaların və əks proseslərin qarşısını aldı.
Dahi Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dönəmində sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət və başqa sahələrdə sıçrayışlı inkişaf yaşandı. Bu inkişafın nəticələri isə vətəndaşların nəzərəçarpacaq dərəcədə yüksələn sosial rifahında, yaşayış səviyyəsində və maddi gəlirlərinin artımında özünü göstərdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası əsasında Azərbaycan xalqının siyasi və dövlətçilik şüuru da yüksəldi. Əlbəttə ki, XX əsrin 80-ci illərinin sonlarında baş vermiş hadisələrdə Azərbaycan xalqının milli maraqlar prizmasından çıxış etməsi, qəti mövqe ortaya qoyması və qəhrəmanlıq nümayiş etdirməsi məhz Dahi Lider Heydər Əliyevin siyasi-ideoloji istiqamətli fəaliyyətinin nəticə idi".
R.HÜSEYNOVA