PDF Oxu

Siyasət

  • 33

"Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz"

"Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz"

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan mətbuatı və milli mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbir Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 2 iyun tarixli Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə reallaşıb.Konfransda Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yola nəzər salınıb, müasir dövrdəki inkişaf perspektivləri təhlil olunub, mövzu ətrafında müzakirələr aparılıb. Toplantıda KİV rəhbərləri, dövlət rəsmiləri, elm xadimləri, ictimai təşkilatların təmsilçiləri, ziyalılar iştirak edir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbiri giriş sözü ilə açaraq deyib ki, artıq milli mətbuatımızın yaranmasının 140 illiyi ilə bağlı Azərbaycanın müxtəlif yerlərində silsilə tədbirlər keçirilir: "Biz tədbirə başlamamışdan öncə mətbuat nümunələri ilə bağlı sərgi ilə tanış olduq".Nazir milli mətbuatımızın yaranmasının 140 illiyi münasibəti ilə bütün mətbuat orqanlarının əməkdaşlarını təbrik edib: "Azərbaycanda milli mətbuatın yaranması tarixinin təntənə ilə qeyd edilməsi artıq ənənə halını alıb. Bu ənənə Ümummilli lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ildə verdiyi fərmanla başlayıb və bu günə qədər də uğurla davam etdirilir. Həsən bəy Zərdabi irsi, vicdanlı jurnalistika ənənələri 22 iyul tarixini əsl jurnalistika bayramına çevirib. Ötən müddət ərzində Azərbaycan mətbuatı çətin və mürəkkəb mərhələlərdən keçib. Zamanın müxtəlif dönəmlərində ağır sınaqlarla üzləşən milli mətbuatımız bu gün də sürətli inkişaf yolundadır. Mədəniyyət və turizm mövzularının daim gündəmdə olması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Doğrudur, medianın bu mövzulara bəzi hallarda subyektiv yanaşmasını müşahidə etsək də, ümumən, bu sahənin mətbuatın və cəmiyyətin diqqətində olması bizi sevindirməyə bilməz".Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, mətbuat səhifələrində "Əkinçi" qəzetindən başlayaraq, Azərbaycanın ailə dəyərləri, əxlaqi-mənəvi dəyələri, həyat tərzi, davranış, mədəniyyət, folklor, qiymətli məsələlər, mövzular bu və ya digər dərəcədə müxtəlif dövrlərdə öz geniş əksini tapıb: "Bizim o dövrki mətbuatda çıxış edən dəyərli ziyalılarımız, jurnalist kadrları müxtəlif aspektlərdən bu məsələlərə yanaşıb qiymət veriblər. Məsələn, "Kaspi" qəzetində vaxtilə Hacı Zeynalabdın Tağıyevin "Qız məktəbi"ni Bakıda açması ilə bağlı geniş yazılar gedib. "Ailədə ananın savadlı olması", "Uşaqların tərbiyəsində təhsilli ananın rolu" və s. digər məsələlər qəzet səhifələrində öz əksini tapıb. Nəriman Nərimanovun "Nadanlıq", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan İttifaq" əsərlərinin tamaşa qoyulması ilə bağlı geniş yazılar dərc olunub. O dövrdən başlayaraq bu günə qədər mətbuatımızı izləsək, biz həmişə müşahidə edirik ki, Azərbaycan mədəniyyəti, ölkə xalqının dünyagörüşü, milli-mənəvi dəyərləri mətbuat səhifələrində həmişə geniş şəkildə işıqlandırılır. Bu gün müstəqillik illərində bu mövzunun aktuallığı xüsusilə artır. Bildiyiniz kimi, müstəqillik illərində bizim üzləşdiyimiz bir sıra çətinliklər, problemlər, o cümlədən informasiya texnologiyalarının sürətlə inkişaf etməsi, dünyanın qloballaşması, sərhədlərin aradan qalxması və s. mədəniyyətlərin bir-birinə bağlanmasına geniş imkan açır. Biz dünyanı dərk ediriksə, daha yaxından öyrənə biliriksə, vaxtilə deyilən kütləvi mədəniyyətin də daha sürətlə maneəsiz yayılması prosesi ilə üzləşirik. Təbii ki, bu da istər-istəməz milli-mənəvi dəyərlər toplusuna öz təsirini göstərir".Mətbuat Şurasının sədri Əflatun Amaşov isə milli mətbuatımızın qloballaşan dünyada yeri, mövqeyi, qarşıda duran vəzifələri barəsində geniş danışıb. Ə.Amaşov həmçinin Mətbuat Şurasının fəaliyyətindən, dövlət və cəmiyyət arasında əlaqələrin daha da genişləndirilməsində xidmətindən danışıb.Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək öncə jurnalistləri Milli Mətbuatımızın 140 illiyi münasibətilə təbrik edib. Sonra icraçı direktor dövlətin mətbuata olan qayğısının bariz nümunəsi kimi KİVDF-nin yaradılmasını misal çəkib. V.Səfərli qeyd edib ki, dövlətimiz dünyada analoqu olmayan layihəni həyata keçirməklə jurnalistlərin sosial problemlərinin həllini, mənzil şəraitinin yaxşılaşdırılmasını öz üzərinə götürdü. Gələn il jurnalistər üçün inşa edilən binaya daha 256 mətbuat nümayəndəsi, mətbuat ailəsi köçəcək.Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev "Əkinçi" qəzetinin yaranmasından, çağdaş mətbuat üçün yaradılmış şəraitdən danışıb."Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının tarixindən, həmin dövrü geniş təhlil edərək "Əkinçi"nin milli ideyanın, milli şüurun inkişafında rolundan danışıb. H.Babaoğlu Azərbaycan dilinin yaşaması və formalaşmasında mətbuatın rolunu qeyd edib. Baş redaktor çıxışı zamanı diqqəti həm də müasir qəzetçilik və onun inkişafına yönəldib. Konfransda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının "Milli rəqslərimiz milli dəyərimizdir" mövzusundakı müsabiqəsinin qalibləri və jurnalistlər mükafatlandırılıb.

sia.az

Digər xəbərlər