"Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 140 illiyi ərəfəsində imzaladığı sərəncam sözsüz ki, çox əhəmiyyətlidir. Bu sərəncam Azərbaycanda sözə, qələmə, eləcə də ölkədə mətbuata verilən qiymətdir. Bu Azərbaycan mətbuatına göstərilən diqqətin və qayğının bariz nümunəsidir". Bunu SİA-ya millət vəkili Jalə Əliyeva deyib.Millət vəkilinin sözlərinə görə, düz 140 il bundan öncə hər bir azərbaycanlı üçün, xüsusilə də media mənsubları üçün bir mənəviyyat işığı olan Həsən bəy Zərdabi yolu bu gün böyük müvəffəqiyyətlə davam etdirilir: "Bu müvəffəqiyyətin, uğurun arxasında əlbəttə ki, Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidentinin mətbuata göstərdiyi böyük bir diqqət dayanır. Azərbaycan demokratik, plüralist bir ölkədir. İnsan hüquqlarına hörmətlə yanaşılan və hər bir insana söz azadlığının verildiyi ölkədir. Ölkə Prezidenti tərəfindən atılan hər bir addım, görülən iş, verilən hər bir sərəncam bu fikirlərin gündəlik həyatımızda öz təsdiqini tapdığının göstəricisidir. Bu gün hər bir mətbuat işçisinə böyük bir diqqət var. Hər il yüzlərlə mətbu orqanından dövlət tərəfindən maliyyələşdirilməsi üçün təkliflər irəli sürülür və bu orqanlar maliyyələşdirilir. Eyni zamanda Azərbaycanın açıq fikrinin, reallıqlarının dünyaya çatdırılması istiqamətində böyük işlər görən, Azərbaycan üçün fədakarlıq göstərən jurnalistlərimizin əməyi qiymətləndirilir və ayrı-ayrılıqda mükafatlandırılır. Bütün bunlar mətbuata dövlət qayğısından xəbər verir".
sia.az