"Bu gün sözün həqiqi mənasında ATƏT-in Minsk qrupunun fəaliyyətində aktivlik müşahidə olunur". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupu həmsədrlərinin iyulun 21-də regiona səfərinə və Moskvada keçirdikləri görüşə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, ABŞ-dan olan həmsədr Ceyms Uorlik ATƏT-in Minsk qrupunun digər iki həmsədrini ABŞ-a dəvət etdi və orada Amerika rəsmiləri ilə görüşdürdü: "İndi də C.Uorlikin özü Moskvaya gedib və orada rəsmilərlə görüşəcək. Əslində bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin müəyyən konkret istiqamət üzrə fəallaşmasının göstəricisidir. Moskvadakı görüşdən sonra həmsədrlər regiona səfər edəcəklər. Yəni bütün bunların hər biri konkretliyin, aktivliyin əlamətləridir. Amma hal-hazırda beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanı qane edən variant ortalığa qoymağa hazır deyillər. Hesab edirəm ki, onların mövqeyində müəyyən qədər ermənipərəstlikdən geri çəkilmə ola bilər. Amma bu hələ onların ədalətli sənəd, təklif ortalığa qoymasına dəlalət etmir".
sia.az