PDF Oxu

Siyasət

  • 13

AMEA jurnalistlər üçün iki günlük yay məktəbi təşkil edib

AMEA jurnalistlər üçün iki günlük yay məktəbi təşkil edib

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə "Science Activity-2015" adlı yay məktəbinin açılışı olub.

AMEA-nın 70, Milli Mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistlər üçün keçirilən iki günlük yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə İƏEPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev çıxış edərək bildirib ki, AMEA-nın və Azərbaycan elminin sürətli inkişafı ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanır: "Akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır. Bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür".

Sonra çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini vurğulayıb. Altmış illik tarixə malik rəsədxananın fəaliyyətindən danışan N.Cəlilov bu qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığının böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova "Elmin təbliğində mətbuatın rolu" adlı təqdimat ilə çıxış edib. Alim şuranın fəaliyyəti, məqsədləri, bu istiqamətdə görülən işlər, akademiya rəhbərliyinin həyata keçirdiyi islahatlar barədə geniş məlumat verib. Alim əldə olunan elmi yeniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara metodiki, informasiya yardımının göstərilməsi məsələlərinə toxunub.

Yay məktəbinin ilk gününün yekununda jurnalistlər rəsədxanada teleskopla səma cisimlərini müşahidə ediblər. Yay məktəbinin ikinci günündə isə yeni media üzrə ekspert Ellada Mustafayeva təlim çərçivəsində "Sosial Media - Ənənəvi medianın online mediaya inteqrasiyası" adlı təqdimatla çıxış edib. Bildirib ki, sosial media bloqlar, eləcə də şirkətlər tərəfindən maliyyələşən çat və forumlar, müştərilərarası e-maillər, istehlak məhsulu və ya xidmət reytinqləri ilə bağlı sayt və forumlar, internet müzakirə lövhələri və forumlar, mikrobloqlar da daxil olmaqla çoxsaylı onlayn və şifahi forumları birləşdirir. Həmçinin insanlara onlayn cəmiyyətlərdə informasiya təcrübələrini bölüşmək imkanı verir.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Daha sonra İƏEPİ-nin rəhbəri Zülfüqar Fərzəliyev çıxış edərək, media orqanlarının nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda yay məktəbində iştirak edən jurnalistlərə AMEA-nın sertifikatları təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər