PDF Oxu

Siyasət

  • 5

YAP Səbail rayon təşkilatının gənclər birliyi aztəminatlı ailələrə bayram sovqatı paylayıb

YAP Səbail rayon təşkilatının gənclər birliyi aztəminatlı ailələrə bayram sovqatı paylayıb

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının gənclər birliyi hər il olduğu kimi, bu il də Müqəddəs Ramazan ayı münasibətilə bir neçə uşaq evinə, o cümlədən Səbail rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylayıb. Tədbir çərçivəsində 15-ə yaxın aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Tədbir zamanı YAP Səbail rayon GB-nin sədri Rəşad Fərəcov qeyd edib ki, islamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında yardım göstərilməsi, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır: "Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur. Xalqımız daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib".

R.Fərəcov onu da bildirib ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür: "Buna görədir ki, ölkəmizdə dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də islamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir"

R.Fərəcov əlavə edib ki, bu kimi tədbirlərimiz davamlı olacaq: "Bu kimi tədbirlər hər il baş tutur. Artıq neçə ildir ki, partiya rəhbərliyi və hakim partiyanın rayon təşkilatının rəhbərləri bu tədbiri həyata keçirirlər. Hətta biz qeyri-əlamətdar günlərdə də rayon sakinləri ilə görüşür və onların problemləri ilə maraqlanırıq. Biz həmişə hiss etdirəcəyik ki, YAP və hakim partiyanın gəncləri olaraq biz onların yanındayıq və ailələrinin bir üzvüyük".

Daha sonra YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov, sədr müavinləri Fərid Nəsibov, Vüsal Əliyev, Pərviz Zeynalov aztəminatlı ailələrin qonağı olub və gətirdikləri bayram sovqatını təqdim ediblər.

R.HÜSEYNOVA

Digər xəbərlər