Qabil Hüseynli: "Görüşdə işğal altında olan 7 rayonun qaytarılması məsələsinin müzakirəyə çıxarıması nəzərdə tutulur"
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iyulun 21-də Azərbaycana səfəri gözlənilir. İyulun 12-də isə həmsədrlər Moskvada məsləhətləşmələr aparıblar. Ümumiyyətlə, bu kimi görüşlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaranan passivliyin aradan qaldırılmasına nə kimi yardımçı olacaq? Politoloq Qabil Hüseynlinin sözlərinə görə, artıq uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərir: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışırlar. Bu illər ərzində həmsədrlərin vasitəçiliyi ilə müxtəlif görüşlər, müzakirələr aparılıb. Amma Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllinə nail olmaq mümkün olmayıb. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin ilə bağlı sentyabr ayında Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü təşkil etmək istəyirlər. Görüşdə işğal altında olan 7 rayonun qaytarılması məsələsinin müzakirəyə çıxarıması nəzərdə tutulur".
"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən qeyri-konstruktiv mövqe nümayiş etdirilməsinə həmsədrlərin sərt reaksiya verməsi nə dərəcədə mümkündür" sualını cavablandıran Q.Hüseynli bildirdi ki, bu günə qədər həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın qeyri konstruktiv siyasətinə süni bəhanələr gətirməklə münasibət bildirməkdən yayınıb. Yəni Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən müxtəlif bəhanələrlə boyun qaçıraraq qeyri-konustruktiv mövqe nümayiş etdirib. İşğalçı ölkə olan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirməsinin əsas səbəbi həmsədrlərin işğalçı ölkəyə ciddi təsir və təzyiq göstərməməsi ilə bağlıdır. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu tərəflərdən birinin ədalətsiz olduğunu gördükdə ona qarşı müəyyən təzyiq tədbirlərini irəli sürməlidir".
Politoloq onu da bildirdi ki, məhz işğalçılıq siyasəti yolu tutduğuna görə, Ermənistan bütün regional layihələrdən kənarda qalıb: "Buna görə də işğalçı ölkənin siyasi, sosial-iqtisadi vəziyyəti uçuruma doğru gedir. Yəni, işğalçı ölkənin vəziyyətinin günü-gündən pisləşməsinin səbəbi Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır".
GÜLYANƏ