Çıxış yolu olmayan Ermənistan
Ermənistan paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə keçirilən etiraz aksiyası səngimir. Sarkisyanın elektrik enerji tarifləri problemi həll olunmamış, suyun qiymətini 2,4 dram (5 sent) artırılması ilə bağlı yeni qərarı vətəndaşların qəzəbinə tuş gəlib.
İrəvanın "Azadlıq" meydanında keçirilən mitinqdə etiraz hərəkatı koordinasiya qrupunun üzvü Qaqik Yeğiazaryan bəyan edib ki, "nəticələrə qarşı deyil, səbəblərə qarşı mübarizə etmək lazımdır". Onun sözlərinə görə, əsas səbəb hakim rejimin yeritdiyi məsuliyyətsiz, talançı, antimilli siyasətidir: "Biz mübarizəmizi talana qarşı deyil, talançılara qarşı yönəltməliyik".
"Talana yox" etiraz aksiyasının təşəbbüs qrupunun üzvü Maksim Sarkisyan deyib ki, hakimiyyətin bu ikibaşlı oyunbazlığı yeni qiyamın başlaması üçün ən yaxşı əsasdır: "İki həftədir elektrik enerjisi qiymətlərinin artımına qarşı xalq fasiləsiz mübarizə aparır, amma, görünən odur ki, bu, "Serj Sarkisyanın dəstəsi" üçün yaxşı dərs olmadı. Suyun qiymətinin artırılması ilə bağlı atacağı addımla Sarkisyana yaxşı dərs verəcək. İctimaiyyət hakimiyyətin xalqa divan tutmaq siyasətinə qarşı birləşməlidir. Biz bunu əhaliyə təzyiq kimi qəbul edirik. Əhali anlamalıdır ki, birgə mübarizə halında müəyyən irəliləyişə nail olmaq və müəyyən hərəkətlərin qarşısını almaq mümkündür".
Bir sözlə, İrəvan növbəti fəlakətin astanasındadır. Bütün baş verən hadisələr isə Ermənistandakı sosial-iqtisadi vəziyyətin gərgin və problemli olmasından doğan bir çarəsizlikdən xəbər verir. Fakt isə bundan ibarətdir ki, Ermənistan iqtidarının elektrik enerjisinin qiymətini qaldırması barədə qərarı xalqın ayağa qalxmasına təkan olub. Hətta, Ermənistanın quldur hakimiyyəti geri çəkilsə belə, aksiyalar dayanmadı. Son məlumatlara görə, aksiyaçılar erməni polisi tərəfindən mühasirəyə alınıb.
Ermənistan sosial-iqtisadi problemlər məngənəsində
Ekspertlər son 5 ildə işğalçı ölkənin iqtisadiyyatında müşahidə edilən geriləmənin gələcəkdə daha da intensivləşəcəyi barədə bədbin proqnozlar verirlər. Ekspertlərin bildirdikləri kimi, Ermənistandakı acınacaqlı sosial-demoqrafik vəziyyət bir tərəfdən ölkə rəhbərliyinin həyata keçirdiyi yanlış siyasətlə, digər tərəfdən isə onsuz da potensialı zəif olan iqtisadiyyatın ildən-ilə çökməsi ilə bağlıdır. Məsələn, Levon Ter-Petrosyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Qrant Baqratyan etiraf edib ki, son 5 ildə Ermənistanın iqtisadiyyatında ancaq tənəzzül müşahidə edilməkdədir. Ermənistan iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozlar isə daha bədbindir. Mütəxəssislər qarşıdakı illərdə ölkəyə yatırılacaq xarici investisiyaların miqdarının xeyli azalacağını, bunun isə onsuz da böhran keçirən Ermənistan iqtisadiyyatına ciddi zərər vuracağını bildirirlər. Beləliklə, Ermənistanın bir dövlət kimi gələcəyi ciddi sual altındadır.
Rəsmi rəqəmlərə görə, son 20 ildə Ermənistanı 2 milyon insan tərk edib. Qeyri-rəsmi rəqəmlər bu göstəricinin daha artıq olduğunu və 2,2 milyona yaxınlaşdığını göstərir. Ermənistanın ümumi əhalisinin rəsmi rəqəmlərdə 3,2 milyon nəfər olduğu nəzərə alınarsa, onda belə çıxır ki, hazırda işğalçı ölkədə təxminən 1 milyon insan qalıb. Onun da böyük əksəriyyətini qocalar və qadınlar təşkil edir. Bütün bunlar Ermənistanın bir cəmiyyət olaraq öz məhvinin astanasında olduğunu aydın şəkildə nümayiş etdirir
Çıxış yolu olmayan Ermənistan
Ermənistanda əhalinin sosial vəziyyətinin günü gündən pisləşməsi heç kimə sirr deyil. İnsanlar çıxış yolu kimi kütləvi şəkildə ölkəni tərk etməkdə görürlər. Bu gün Rusiyadan asılı vəziyyətdə yaşayan Ermənistan müstəqil olaraq hər hansı qərar qəbuletmə iqtidarında deyil. Heç bir resursa, təbii sərvətə malik olmayan bu dövlətin Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi onun vəziyyətini daha da ağırlaşdırıb. Təsadüfi deyil ki, İrəvanda etiraz aksiyaları başlayanda ekspertlər ağır durumda olan Ermənistan rəhbərliyinin bu vasitə ilə Rusiyadan əlavə güzəştlər qoparmaq niyyətində olması versiyasını da irəli sürmüşdülər.
Əslində Rusiya tərəfindən atılan addımlar ekspertlərin bu versiyasının doğruluğuna şübhə yeri qoymadı.
Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, aksiyaların əsas səbəbi sosial səbəblərdir, ona görə ki, Ermənistan əhalisinin vəziyyəti dözülməzdir: "Rusiyadan pul köçürmələr azalıb, ixrac potensialı 40 faiz enib. Ermənilərin dolanmağa sadəcə olaraq pulları yoxdur. Əhalinin 40 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Birdən birə elektrik enerjisinin qiymətlərinin qalxması təkcə insanlarının işıq pulu ödəmələrinin artması deyil, bu həmçinin bütün istehsalın qiymətini artıracaq. Yəni qalan məhsulların da qiymətlərinin artmasına təsir göstərəcək. İnsanlar bunu anlayırlar və ona görə də etiraz edirlər. Sadəcə olaraq yaşamaq imkanları yoxdur və sözsüz ki etiraz aksiyalarının iştirakçıları heç də siyasi partiyalar, ənənəvi müxalifət deyildi. Bu, küçədə formalaşmış bir etiraz idi. Aksiya zamanı Avropa bayrağını cırdılar ki, bizim tələbimiz siyasi deyil, ilk növbədə hökumət qərarını geriyə çəkməlidir. Tək bu qərar deyildi. Əslində buna nail olmaq istəyən əhali hökuməti buna bənzər ayrı addımlardan da çəkindirmək istəyirdi".
Politoloq məsələnin başqa bir tərəfinə, aksiyaların Rusiyaya qarşı bir təzyiq vasitəsi ola bilməsinə də toxunub: "Bu etirazlar həm qiymətin məhdud saxlanılmasına, həm də Rusiyadan yardımlar qoparmağa istiqamətlənmişdi. Müəyyən mənada bu baş verdi. Rusiyadan həm qazın qiymətlərinin aşağı salınması, həm də hərbi kreditin ayrılmasına nail oldular. Yəqin ki, Ermənistan həmin kreditdən yaxın zaman üçün öz pul boşluqlarını doldurmaq üçün istifadə edəcək".
Politoloq Mübariz Əhmədoğlu isə düşünür ki, Ermənistanda baş verən aksiyaların siyasi və hətta geosiyasi səbəbləri var: "Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ məsələsində olduğu kimi enerji məsələsində də Rusiya və Qərbdən eyni dərəcədə faydalanmağa çalışır. Son hadisələrdə ABŞ-ın təsiri daha çoxdur. ABŞ Ermənistanda Varatan su elektrik stansiyasına investisiya qoymaqla bu ölkənin enerji sistemində mövqeyini möhkəmləndirmək niyyətindədir. Rusiya isə buna qarşı müqavimət göstərir".
Görünən odur ki, ermənilər hələ uzun müddət Sarkisyan bəlasından qurtula bilməyəcəklər. Necə deyərlər, Sarkisyanla talana davam!
A.SƏMƏDOVA