PDF Oxu

Siyasət

  • 10

14 İYUL 1969-CU İL - MİLLİ TARİXİMİZİN DÖNÜŞ ANI

14 İYUL 1969-CU İL - MİLLİ TARİXİMİZİN DÖNÜŞ ANI

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 46 il ötür. Bu 46 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı kifayət qədər geniş danışmaq olar.

Bu dahi şəxsiyyət 34 ilə yaxın bir dövrdə Azərbaycana rəhbərlik edib, 5 ildən artıq SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olub. Böyük Öndər hakimiyyətinin birinci dövrü haqqında öz müsahibələrindən birində belə deyirdi: "14 il burada çalışdım. Beş ildən artıq Moskvada işləyərkən yenə də Azərbaycana daha çox vəsait ayırmaqla, respublikamızın işini daha da irəliyə aparmaqla məşğul oldum. Mən üst-üstə 20 il bu işləri gördüm". Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 46 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır.

1969-cu il iyul ayının 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi. Nəticədə Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən 1970-ci ildə SSRİ-də milli gəlir 2 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə qədər, Azərbaycanda isə, 1,6 dəfə artmışdır) geri qalır, bu göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünü daha qabarıq surətdə göstərirdi. 1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yer tuturdu. 1966-1969-cu illərdə bu gerilik daha da artmışdı (bu müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı).

Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdə ölkənin sosial-iqtisadi həyatı bütün sahələrdə geridə qalırdı. Həmin zamanlar Sov. İKP MK-da belə düşünürdülər ki, Azərbaycanın neft ehtiyatları, tükənməkdə, iqtisadi, sənaye, eləcə də aqrar sahələrindəki potensial vəziyyəti isə yox səviyyəsindədir. Hətta belə bir amildən çıxışlar edilirdi ki, bütün bu kimi sahələrə yönəldiləcək sərmayə iqtisadi cəhətdən faydasız olacaqdır. Amma bu yanlış fikir idi və bu yanlış fikri alt-üst edən də məhz Dahi Öndərimiz Heydər Əliyev oldu. Məhz belə bir vaxtda Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsi Azərbaycanın həyatında inkişafın başlanğıc nöqtəsi oldu. Respublikanın hərtərəfli, dinamik inkişafı ilə bağlı kompleks proqramlar işlənib hazırlandı. Azərbaycan iqtisadiyyatının hərtərəfli və intensiv inkişaf etdirilməsi naminə beş xüsusi qərar qəbul edildi ki, bu qərarlar respublikanın və xalqımızın mənafeyi baxımından böyük tarixi əhəmiyyət kəsb edirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, təşkilatçılıq qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində respublika sürətli inkişaf yoluna qədəm qoydu. Əldə olunmuş nailiyyətlər Azərbaycanı keçmiş SSRİ-nin iqtisadi, sənaye və kənd təsərrüfatı cəhətdindən ən qabaqcıl respublikalarından birinə çevirdi. Məhz həmin dövrdə yaranmış güclü iqtisadi potensial SSRİ-nin dağıldığı dövrdə və ondan sonrakı illərdə də Azərbaycanın ayaq üstə durmasına səbəb oldu.

Çünki Ulu Öndər Heydər Əliyev dərindən dərk edirdi ki, hər bir millətin siyasi azadlığını təmin etmək üçün ən vacib şərt onun iqtisadi azadlığıdır. Bu prizmadan baxdıqda görünür ki, Azərbaycanın dövlət müstəqilliyi, iqtisadiyyatının sərbəst idarə edilməsi və dünya iqtisadiyyatına inteqrasiya prosesi hələ 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində təməli qoyulmuş siyasi-iqtisadi potensiala əsaslanır. Ümumiyyətlə, o illər ərzində Azərbaycanda 200-dən çox iri və orta sənaye müəssisəsi istifadəyə verildi ki, bu da əvvəlki illərdə yaradılmış istehsal sahələrinin sayından xeyli miqdarda fərqlənirdi.

Ulu Öndərin uzaqgörən siyasətinə qarşı təzyiqlərin olmasına baxmayaraq, o vaxt Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan ehtiyacını ödəmək məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan "Araz" SES tikilib istifadəyə verildi. Gənclik şəhəri olan Sumqayıtın artan sənaye potensialını və əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək üçün mövcud elektrik stansiyasının gücü artırılaraq 220 MVt-a çatdırıldı. Hazırda erməni faşistlərinin işğalı altında olan Qarabağ bölgəsinin əhalisini və kənd təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün Tərtər çayı üzərində gücü 50 MVt olan Sərsəng SES istifadəyə verildi.

Həmin dövrdə 3,5 milyard kVt-saat elektrik enerjisini qonşu respublikalardan idxal etmək zorunda olan respublikamızı bu asılılıqdan azad etmək üçün tezliklə Şəmkir SES və indiki Azərbaycan İES-in inşa edilməsinə başlamaq qərarı verildi. Lakin bu qədər böyük bir layihəni həyata keçirmək o qədər də asan deyildi. Ulu Öndərin Sovetlər Birliyinin rəhbərləri ilə apardığı gərgin görüşlərin nəticəsi olaraq 80-ci illərdə gücü 80 MVt olan Şəmkir SES və Cənubi Qafqazda ən böyük elektrik stansiyası sayılan, gücü 2400 MVt olan Azərbaycan İES tikilib istismara verildi. Ulu Öndər Heydər Əliyevin elektroenergetika sənayesi sahəsində həyata keçirdiyi mühüm layihələr Azərbaycan elektroenergetika sisteminin müstəqil fəaliyyət göstərməsinə səbəb olmuşdur.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər yüksək nailiyyətlər əldə etməyə imkan verdi. Bu müddət ərzində üzüm istehsalı 272 min tondan 1 milyon 481 min tona, pambıq istehsalı 335 min tondan 830 min tona, tərəvəz istehsalı 400 min tondan 850 min tona qədər yüksəlmişdi. Respublikanın milli gəliri 2,5 dəfə artmışdı. Ümumiyyətlə, aqrar sahədə əldə edilən ardıcıl uğurlar Azərbaycanı respublikalar içində ilk yerə çıxardı.

Digər tərəfdən ölkəmiz aqrar sektorun inkişafında texniki baxımdan da möhtəşəm uğurlara imza atmışdır. Belə ki, respublikamızda fəaliyyətə başlayan maşınqayırma müəssisələrində kənd təsərrüfatına lazım olan bütün texniki avadanlıqlar istehsal olunur, hətta qonşu respublikalarla yanaşı, xarici ölkələrə də göndərilirdi.

Paytaxt Bakı şəhərində, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Naxçıvanda, digər şəhər və rayonlarda abadlıq, quruculuq işləri sürətlə həyata keçirilirdi. 1969-1986-cı illər ərzində təxminən 18 milyon kvadratmetr mənzil tikilmişdir ki, bu da 1920-1983-cü illərdə istifadəyə verilmiş mənzil fondunun 33 faizinə bərabər idi. Kəndlərin abadlaşması, yolların yenidən qurulması, elektrik enerjisi, qaz təchizatı və içməli su xətlərinin çəkilməsi əhalinin rahatlığının təmin olunmasında əhəmiyyətli rol oynayırdı.

Respublikanın ümumi həyatında davamlı inkişafa nail olmaq üçün təhsilin, elmin, səhiyyənin hərtərəfli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər planı həyata keçirilirdi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış bu addımları ölkənin elmi və kadr potensialının artmasına, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına və bu gün keçmiş İttifaq məkanında Azərbaycan diasporunun yaranmasına səbəb olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər.

Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz onun təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə də Azərbaycana qayğısını əsirgəməmişdir. Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. XX əsrin ən nəhəng layihəsi kimi tanınan "Baykal-Amur Magistralı" (BAM) tikintisinin müvəffəqiyyətlə başa çatması Onun adı ilə bağlıdır.

XİLASKARLIQ MİSSİYASI

Tale elə gətirdi ki, Ulu Öndər birinci dəfə SSRİ-nin müttəfiq respublikasına, ikinci dəfə isə müstəqil Azərbaycana rəhbərlik etdi. Dahi Lider Heydər Əliyev hər iki mərhələdə öz Vətənini hərtərəfli inkişaf yoluna çıxardı. Ən mühümü isə, 1993-cü ildə o, milli xilaskar kimi dövlətçiliyimizin taleyinin həll olunduğu çətin bir vaxtda tarixi qayıdışı ilə müstəqil Azərbaycan dövlətini məhv olmaqdan qurtardı. Azərbaycanın bu təhlükələrdən qurtulmasına ən təcrübəli dövlət xadimləri də inana bilmirdilər. Artıq parçalanmaqda olan ölkəni yaxınlaşan fəlakətdən qurtarmaq çox çətin bir vəzifə idi. Beləliklə, Ulu Öndərin hakimiyyətə gəlişi müstəqil respublikamızda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Ulu Öndər nəinki Azərbaycanın bütövlüyünü qoruyub saxladı, həm də ölkəni sabit inkişaf yoluna çıxardı. İnkişafımızın konsepsiyasını, strategiyasını işləyib hazırladı. Bu yolda ən uğurlu addımlardan biri "Əsrin müqaviləsi" oldu. 1994-cü ildə imzalanmış bu müqavilə görkəmli siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft strategiyasının məhsulu idi. "Əsrin müqaviləsi"ndən sonra dünya ölkələrinin Azərbaycan iqtisadiyyatına marağı artdı. Alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Çox qısa zaman kəsiyində bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu layihə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixə düşdü.

1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Demokratik şəraitdə prezident, parlament, bələdiyyə seçkiləri keçirildi. Bazar iqtisadiyyatı mexanizmi ön plana çəkildi, mühüm dövlət proqramları qəbul edildi, bütün sahələrlə bağlı qanunvericilik bazası hazırlandı.

Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevi xatırlayır və iftixarla deyir ki, bəli, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı qəlbimizdə daim yaşayır və əziz tutulur.

Bu gün yaradıcısı Ulu Öndər Heydər Əliyev olan, sıralarında Vətənini, xalqını, torpağını sevən insanların olduğu bir partiya var - Yeni Azərbaycan Partiyası. Bu partiya zamanın ən çətin sınaqlarından üzüağ çıxdı, dünənin partiyası olduğunu təsdiqlədi, günümüzün uğurlarına imza atdı, bu günün partiyası kimi sevildi, rəğbət qazandı, bütün fəaliyyəti ilə daha xoşbəxt gələcəyi hədəfləyib. İnamla demək olar ki, YAP həm də sabahın partiyasıdır.

Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan bütün sahələrdə çox böyük inkişafa nail olmuşdur. Siyasət aləmində öz sözünü deyən, beynəlxalq arenada böyük nüfuz qazanan dövlətimizin başçısı Cənab İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır. Bu gün siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qazanılan bütün nailiyyətlərin qayəsi böyük siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçildiyi vaxtdan başlayıb. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə daim yaşayacaqdır.

R.KAMALQIZI

Digər xəbərlər