PDF Oxu

Siyasət

  • 6

İlham Əliyev: “Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz”

İlham Əliyev: “Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz”

Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

Xəbər verdiyimiz kimi, iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başladı. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edib. O bildirib ki, Ramazan ayında - "Qurani-Şərif"in nazil olduğu bu müqəddəs ayda Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri ilə birlikdə iftar süfrəsi arxasında dövlət başçısı ilə bir yerdə olmaq həm böyük şərəfdir, həm də bu, bir ənənə halı alıb: "Bu ənənənin bünövrəsini qoyan, milli mənəvi dəyərlərimizə həyat verən ulu öndər Heydər Əliyev həzrətləri olmuşdur. Allah-Təala Heydər Əliyev həzrətlərinə, onun ömür-gün yoldaşı Zərifə xanıma rəhmət eləsin!

Zati-aliləri, dindarlarımız həmişə sizinlədir və Sizin müzəffər olmağınız üçün həmişə Allah-Təalaya dualar edirlər. Peyğəmbər əleyhissəlamın hədisi var, buyurur ki, əgər Allah bir xalqı istəsə ona müdrik rəhbər göndərər, o, xalqı zülmətdən nura tərəf aparacaq. Bu, həqiqətən belə oldu. Azərbaycan dağılmaqda, xəritədən silinmək ərəfəsində ikən Allahın mərhəməti, xalqın dəstəyi və çağırışı ilə ulu öndər Heydər Əliyev həzrətləri Azərbaycana gəldi, dövlətçiliyin bünövrəsini bərpa etdi və müstəqilliyi bizə əmanət qoyub getdi. Heydər Əliyev həzrətlərinin Azərbaycan xalqına ən böyük əmanəti isə onun siyasi kursunun və məktəbinin davamçısı İlham Əliyev həzrətləridir. Mən deyərdim ki, bu, həm də Allah-Təalanın Azərbaycan xalqına böyük lütfü və kərəmidir. Zati-aliləri, bu ilin aprel ayında Sizin Səudiyyə Ərəbistanına səfəriniz və İki Müqəddəs Ocağın Xadimi Kral həzrətlərinin hava limanına gələrək Sizi qarşılama mərasimində iştirak etməsi və Sizə olan münasibəti məndə qürur hiss oyatdı, mən bununla fəxr etdim. Çünki Kral həzrətləri çox az dövlətlərin rəhbərlərinin pişvazına çıxır. Bu, fəqət Səudiyyə Ərəbistanının Azərbaycana və onun rəhbərinə olan münasibəti deyildi. Bəlkə də bütün İslam dünyasının Azərbaycana və onun rəhbərinə olan münasibəti idi.

Xüsusən, Zati-aliləri, müqəddəs Kəbə Evinin qapılarının Sizin üzünüzə açılması. Kəbə Evinin daxilində ibadət zamanı Siz xalqımıza, Vətənimizə, torpağımıza, şəhidlərə, Ulu Öndərə dua etdiniz. Mən orada bir daha əmin oldum ki, Allah-Təalanın yandırdığı Heydər çırağını söndürmək olmaz. Xüsusən, mən bir şeyi demək istərdim. Bu 35 il ərzində mən heç bir dövlət rəhbəri üçün, ya da bir şəxsiyyət üçün Peyğəmbər zərihinin qapısının açılmasının şahidi olmamışam, nə də eşitməmişəm. Zati-aliləri, bu qapılar Sizin üzünüzə açıldı. Siz Heydər qapısından Peyğəmbərin sevimli övladı Fatimeyi-Zəhra əleyhissalamın otağına daxil oldunuz, ziyarət etdiniz. Oradan Peyğəmbər Məscidinə daxil oldunuz və Peyğəmbər mehrabını ziyarət etdiniz, əl sürtdünüz. Oradan isə Peyğəmbər əleyhissalamın qəbrinin üstünə gəlib dualar etdiniz. Bu, ancaq Allahı istəyən və Allahın istədiyi insanlara nəsib ola bilər. Mən arzu edərdim ki, Allah-Təala bütün müsəlmanlara, arzu edənlərə həm Məkkəni, həm Peyğəmbər zərihini ziyarət etməyi nəsib etsin, inşallah. Əlbəttə, Allah-Təala buyurur ki, sən mənə tərəf bir addım at, mən sənə tərəf on addım ataram. Azərbaycanda milli mənəvi dəyərlərimiz inkişaf edir. Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tikilir, ya da bərpa olunur, dindarların istifadəsinə verilir. Azərbaycan dindarlarına ən böyük töhfəniz isə paytaxtımızın mərkəzində əzəmətlə ucalan Heydər məscidi oldu. Qafqazda analoqu olmayan bu məscidin, arxitektura baxımından, deyərdim, bəlkə də dünyada analoqu yoxdur. Heydər məscidinin 95 metrlik minarələri Azərbaycanda milli mənəvi dəyərlərin ucalığını göstərir."

Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr çıxış edərək, bütün dindarları səmimi qəlbdən Ramazan ayı münasibətilə təbrik edib: "Oruc dindarların həyatında xüsusi yer tutur. Bu dövrdə biz heç vaxt olmadığı qədər dərk edirik ki, bu hökm Tanrı tərəfindən verilib. Biz dərk edirik ki, yalnız öz dünyəvi varlığımızın qayğısına qalmamalıyıq, həm də Allah-Təala tərəfindən bizə göndərilən hökm və nəsihətləri yerinə yetirməliyik. Əlbəttə ki, mən bu ayın uğurla başa çatmasını və Ramazan bayramının layiqincə qeyd olunmasını arzulayıram. Ən başlıcası isə yaddaşımızda olan Bakıda keçirilmiş birinci Avropa Oyunlarının bizdə yaratdığı təəssüratlardır. Lakin tolerantlığın və multikulturalizmin dini fəaliyyətin, dini həyatın bir hissəsi olduğunu düşünmək bir o qədər düzgün deyil. Çünki multikulturalizm özünü hər sahədə təzahür etdirir. Elə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycanda həyata keçirilən daxili siyasətin parlaq ifadəsi, mən deyərdim, apofeozudur.

Multikulturalizm özünü tam şəkildə büruzə verdi, nə demək olduğunu və nə kimi bəhrələr verdiyini göstərdi. 1990-cı illərin sonlarını, ümummilli liderimiz Heydər Əliyevin Zuğulbada idman kompleksini bərpa etdiyi vaxtları xatırlayıram. Bəziləri çaşqınlıq içərisində düşünürdülər ki, ölkədə çətinliklərin olduğu bir dövrdə idman komplekslərinin bərpasına ehtiyac varmı? Mən deyərdim ki, istənilən ölkənin gələcəyi gənclərdən asılıdır. O zaman Azərbaycanın bütün çətinliklərinə, dövlətin üzləşdiyi sınaqlara baxmayaraq, ölkə böyükməkdə olan nəslin qayğısına qalırdı. Cənab Prezident, Bakıda ilk Avropa Oyunlarının keçirilməsinin təşkilinə verdiyiniz böyük töhfəyə görə Sizə xüsusilə təşəkkür etmək istəyirəm. Bu, bizim üçün əsl bayram idi. Başa düşürəm ki, bu Oyunların keçirilməsinin təşkil edilməsi o qədər asan məsələ deyildi, lakin buna baxmayaraq, Azərbaycan özünün layiqli dövlət, dünya birliyinin layiqli ölkəsi olduğunu, dövlətlərarası siyasətdə, iqtisadiyyatda və mədəni münasibətlərdə həyata keçirilməli olan xeyirxah işlərdə hər hansı dövlətin tərəfdaşı ola biləcəyini tam şəkildə göstərdi. Buna görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm."

Daha sonra Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də çıxış edərək, arzu və istəklərini ifadə edib:

"Möhtərəm Prezident.

Şeyx həzrətləri.

Əziz və hörmətli qonaqlar.

Şeyx həzrətləri çıxışında bütün məqamlara toxundu. Mən belə fikirləşirəm ki, o məqamlara bir daha toxunmaq lazım deyil. Mən yalnız bir məsələni qeyd etmək istərdim, Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi Prezidenti var. Allah-Təala onları Azərbaycan xalqına əziz və əvəzsiz bir nemət olaraq bəxş etmişdir. Möhtərəm Prezident, Sizin bugünkü arzularınız bizim sabahkı günlərimizdir.

Arzunu yazmışam mən arzularda,

Arzunu görmüşəm ayna sularda.

Dərdi tək çəkmişəm, çətində, darda,

Sevinci hamı ilə bölən olmuşam.

Möhtərəm Prezident, Siz sevinci nəinki bizimlə, bütün dünya ilə böldünüz. Biz böyük qürur hissi ilə Sizin Atəşgahda Avropa Oyunlarının məşəlini yandırmağınızı izləyirdik. Bu məşəl Azərbaycan xalqının ürəyinin məşəlidir. Həmçinin o məşəl Sizin qəlbinizin, ürəyinizin odu, atəşidir. Çox müdrik bir addımla o məşəli Siz Azərbaycanın bütün guşələrinə göndərdiniz. Bununla da Siz Azərbaycanı öz ürəyinizin odu ilə qızdırıb, işığı ilə nura qərq etdiniz. Möhtərəm Prezident, biz yəhudilər də Azərbaycanda, bu məmləkətdə bu xalqın, bu dövlətin bütün qələbələrinə sevinir və Sizinlə çiyin-çiyinə addımlayırıq. Bizim xalqımıza qəriblik qisməti yazılıb və biz də onu qəbul etmişik. Amma bizim harada olmağımızdan, harada yaşamağımızdan asılı olmayaraq, biz Azərbaycanı doğma bilib onu qəlbimizdə, ürəyimizdə, gözümüzdə, ruhumuzda, şüurumuzda yaşadırıq."

Daha sonra dövlətimizin başçısı mərasimdə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli məsələdir:

"Hörmətli Şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Hörmətli mərasim iştirakçıları.

İlk növbədə, sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Hər bir Azərbaycan ailəsinə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Bizim mübarək Ramazan ayında görüşlərimiz ənənəvi xarakter daşıyır. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə yaşayır və yaşayacaqdır. Əslində bu, din-dövlət münasibətlərinin çox gözəl təzahürüdür. Azərbaycanda din-dövlət münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir. Bu, hər bir ölkə üçün önəmli məsələdir. Bizim amalımız birdir. Bizim amalımız Azərbaycanı inkişaf etdirmək, Azərbaycan xalqının maraqlarını müdafiə etmək və Azərbaycanı daha da güclü dövlətə çevirməkdir. Biz bu məqsədə doğru inamla, uğurla irəliləyirik. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vardır. Əgər 1993-cü ildə Azərbaycan xalqı onu hakimiyyətə dəvət etməsəydi, Azərbaycanın taleyi çox ağır ola bilərdi. Əslində müstəqilliyimizin ilk illəri bunu əyani şəkildə göstərmişdir. Məhz onun qətiyyəti, siyasəti, cəsarəti, müdrikliyi nəticəsində Azərbaycan ağır sınaqlardan üzüağ çıxmışdır, inkişaf yoluna qədəm qoymuşdur və bugünkü Azərbaycan reallıqları məhz o illərdə başlanmışdır.

Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda, dünya miqyasında din xadimi kimi böyük rəğbətə malik olan bir şəxsiyyətdir. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığı, şeyx həzrətlərinin din aləmində bacarığı, dünyagörüşü, müasirliyi bugünkü Azərbaycanın reallıqlarını 1990-cı illərin ortalarında mümkün etmişdir. Bu gün din-dövlət münasibətləri, o cümlədən mənimlə şeyx həzrətləri arasındakı münasibətlər dostluğa söykənir. Bir daha demək istəyirəm ki, Azərbaycanın inamlı, uğurlu inkişafı çox möhkəm təməl üzərində qurulubdur.

Əlbəttə ki, iqtisadi inkişafımız bizi sevindirir. Bu da düşünülmüş siyasətin nəticəsidir. Beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan dünya miqyasında böyük dəstəyə və hörmətə malik olan bir ölkədir. Ancaq möhkəm təməl olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik, din-dövlət münasibətlərinin möhkəm təməl üzərində qurulması bizim uğurlarımızın əsas şərtidir. Bu gün Azərbaycan müstəqil dövlət kimi ən yüksək zirvələrə çatıb. Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamamışdır, Azərbaycan heç vaxt indiki kimi güclü olmamışdır. Bu uğurlar cəmi 24 il ərzində qazanılıb. Özü də müstəqilliyin ilk illəri acınacaqlı və fəlakətli illər idi. Dünyada 200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımçıqdır, ya da şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir.

Dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır. Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək. Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilibdir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, "İmamzadə" Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. Əlbəttə ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi.

Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm. "

Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, dinlərarasi münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir: "Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həsrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur, normal həyat tərzi, budur, normal siyasət. Bir daha demək istəyirəm ki, Azərbaycanın gələcək uğurlu inkişafı məhz bu istiqamətdə ola bilər. Biz heç vaxt imkan verə bilmərik ki, hansısa kənar bir qüvvə Azərbaycanda dini, yaxud da ki, milli zəmində nifaq toxumlarını səpsin. Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və Azərbaycan reallıqları bunu əyani şəkildə göstərir.

Biz Azərbaycanda əlbəttə ki, bu işləri ən yüksək səviyyədə tənzimləmişik. Bizim gələcək inkişafımız uğurla davam etdiriləcək. Ancaq biz istəyirik ki, hər yerdə belə olsun. Əgər hər yerdə belə olarsa, o zaman dini zəmində qarşıdurmalar da olmayacaq, qan tökülməyəcək və insanlar yaradıcılıqla məşğul olacaq, öz həyatlarını quracaq, ailələrinə diqqət yetirəcəklər. Ona görə Azərbaycanda multikulturalizmlə, dinlərarası dialoqla bağlı keçirilən tədbirlərin çox böyük mənası var.

Azərbaycan nümunəvi bir ölkədir. Onu Azərbaycana gələn hər bir qərəzsiz qonaq görür və etiraf edir. İstənilən sahədə - şəhərimizin gözəlliyi, təhlükəsizlik, iqtisadi inkişaf, sosial ədalət, din-dövlət münasibətləri, dinlərarası dialoq, imkanlarımız və Avropa Oyunlarının keçirilməsi bizim potensialımızı bütün dünyaya göstərdi. Biz bu potensialı bilirdik. Biz bilirdik ki, nəyə qadirik. Ancaq bəziləri bunu bilmək, görmək istəmirlər, ağa qara deyirlər, bizə şər, böhtan atırlar. Bizim heç kimlə işimiz yoxdur, öz həyatımızı qurmuşuq, heç kimə də heç bir məsələni diktə etmirik. Ancaq heç vaxt imkan vermərik ki, hansısa bir kənar qüvvə bizə diktə etsin. Biz müstəqil ölkəyik, ləyaqətli ölkəyik. Azərbaycan xalqının taleyi onun öz əlindədir. Ona görə Azərbaycana gələn qərəzsiz, xoşniyyətli insanlar bu reallıqları görürlər. Biz ölkə daxilində bütün əsas məsələləri həll etmişik. Əlbəttə ki, sosial problemlər var, torpaqlarımız işğal altındadır, qaçqınların bir hissəsi hələ ki çox ağır vəziyyətdə yaşayır, ancaq onların problemləri həll olunur. Bu, qarşımızda duran problemlərdir, biz onları həll edəcəyik, o cümlədən Dağlıq Qarabağ məsələsi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunun başqa yolu yoxdur. Azərbaycan heç bir başqa variantla heç vaxt razılaşmayacaq. Ancaq biz digər sahələrdə, - sosial ədalət, iqtisadi inkişaf, dinlərarası dialoq, - artıq bütün lazımi tədbirləri görmüşük ki, bax, bu möhkəm təməl qurulub. Biz istəyirik ki, dünyada da belə olsun. Biz istəyirik ki, ölkələr arasındakı əlaqələr əməkdaşlıq üzərində qurulsun. Rəqabət üzərində qurulmasın, xoş niyyət üzərində qurulsun. Biz öz işlərimizi bu istiqamətdə davam etdirəcəyik.

Bir sözlə, əziz dostlar, bugünkü iftar məclisində biz bir daha ürək sözlərimizi ifadə edirik. Ölkəmizin gələcəyi ilə bağlı fikirlərimizi bildiririk. Qeyd etməliyəm ki, mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Çünki biz haqq yolundayıq, ədalət yolundayıq. Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabitdir. Xalqla iqtidar arasındakı birlik bizi daha da gücləndirir. Heç bir qüvvə bizim uğurlu yolumuza təsir edə bilməz.

Bütün dünya müsəlmanlarını qarşıdan gələn mübarək bayram münasibətilə bir daha təbrik edirəm."

Digər xəbərlər