İlham Əliyev: "Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik"
Məlum olduğu kimi, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib. Müşavirədə dövlət başçısı bir çox məsələlərə, o cümlədən sosial-iqtisadi siyasətin hədəflərinə toxunaraq vurğulayıb ki, bu siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir.
Prezident İlham Əliyev müşavirədə 2015-ci ilin 6 ayının yekunlarını çox müsbət qiymətləndirərək qeyd edib ki, Azərbaycan uğurla inkişaf edir: "Son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub".
Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdadır. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial-müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Prezident İlham Əliyev müşavirədə sözügedən məsələyə toxunaraq bildirib ki, sosial sahədə bütün proqramlar icra edilir: "Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, bu, təbiidir. Biz büdcəni qəbul edəndə neftin qiymətini 90 dollardan hesablamışıq, əslində indi 60 dollar səviyyəsindədir. Bir neçə ay bundan əvvəl daha da aşağı səviyyədə idi, əlli dollardan aşağı düşmüşdü. Ancaq bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik. Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız."
"Azərbaycanda son 12 il ərzində 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimi iş yeridir"
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur: "Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur. Birinci 6 ayda ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ancaq biz bu statistikaya fikir verəndə mütləq bağlanan iş yerlərini də diqqətdən qaçırmamalıyıq. Bilirəm ki, bəzi yerlərdə iş yerləri bağlanıb. Ona görə, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır. Digər tərəfdən, bu, statistika da açılan iş yerləri ilə bərabər verilməlidir ki, biz təhlili düzgün aparaq. Bu, əslində hər bir ölkədə olan bir vəziyyətdir. İş yerləri açılır, bağlanır. Burada əsas balans məsələsidir, nə qədər açılıb, nə qədər bağlanıb. Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür."
Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb
Prezident İlham Əliyev müşavirədə qeyd edib ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb: "Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb. Ancaq, eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər. Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıbdır. Kapital qoyuluşu azalıbdır".
"İlin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir"
Dövlət başçısı ipoteka kreditləşməsi ilə bağlı məsələyə də toxunaraq bildirib ki, ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın: "Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın".
Beləliklə, son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Xüsusilə də, sosial problemlərin aradan qaldırılması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın sürətli iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq.
RƏFİQƏ KAMALQIZI