PDF Oxu

Siyasət

  • 10

Azərbaycanın xarici siyasəti milli maraqları üzərində qurulub

Azərbaycanın xarici siyasəti milli maraqları üzərində qurulub
İlham Əliyev:"Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi"

Son illər mühüm geosiyasi məkanda yerləşən müstəqil Azərbaycan dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyanı zəruri hesab edərək, beynəlxalq ələqələrin möhkəmlənməsinə diqqət ayırır. İkitərəfli siyasi münasibətlərin qurulması, həyata keçirilən xarici siyasət dünyanın aparıcı dövlətlərinin Azərbaycana marağını artırıb və qarşılıqlı əlaqələr genişlənib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın siyasi və iqtisadi məkanında Azərbaycan etibarlı tərəfdaşa çevrilib. Təbii ki, Azərbaycanın xarici siyasəti ölkənin milli maraqları üzərində qurulub.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Azərbaycanın bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurduğunu və Azərbaycan fəaliyyətini bu prinsip üzərində davam etdirdiyini vurğulayıb.

Etiraf edək ki, sülh, əmin-amanlıq zəminində bu siyasəti həyata keçirən Azərbaycana qarşı xarici qüvvələrin apardığı ikili standartlar da mövcududur. Bu da xarici qüvvələrin qərəzli mövqeyinin ifadəsidir. Azərbaycana qarşı xoşagəlməz kampaniya aparılır. Bu kampaniyanın dayanmadığını bildirən Prezident İlham Əliyev önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını, gücləndiyini diqqətə çatdırıb: "Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir"

Ölkə başçısı bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamofob siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəd niyyətin dayandığını diqqətə çatdırıb: "Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda beşinci kalonun qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi".

Bu gün Azərbaycanın xarici siyasətinin əsas xəttini işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası təşkil edir. Bu baxımdan münaqişə barədə həqiqətlərin üzə çıxarılması, beynəlxalq müstəvidə siyasi dəstəyin əldə olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı tədbirlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi aspektlərinin kifayət qədər qabardılması, Ermənistanın qonşu ölkələrə olan torpaq iddialarının regionun iqtisadi potensialının tam reallaşdırılmasına yaratdığı maneələr və məhdudiyyətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması və s. istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ölkə başçısı Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamədə münaqişə ilə bağlı əks olunan bəndin də qərəzli olduğunu bildirib: "Qətnamənin mətnində məruzəçilər tərəfindən təklif edilmiş mətndə yazılmışdır ki, Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. O cümləni götürürlər dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir".

Azərbaycan müstəqil dövlət olaraq sülh, əmin-amanlıq, mehriban qonşuluq meyillərini gücləndirir, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə bu istiqamətdə addımlar atır.

Nəzakət ƏLƏDDİNQIZI