"Milli Məclislə mətbuat arasında münasibətlər hər zaman daha yaxşı ola bilər. Açıq deyə bilərəm ki, bu gün parlament mətbuatdan narazı deyil. Ancaq hərdən narazılıqların da olduğunu deyə bilərik". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Mətbuat Şurası ilə parlament arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanma mərasimində deyib.Millət vəkili qeyd edib ki, əsas narazılıqlar informasiyanın dəqiq çatdırılmamasından, bəzən deyilən fikrin, sözün ictimaiyyətə yanlış verilməsindən olur: "Parlament də mətbuat qədər demokratik qurumdur. Ona görə də demokratik fikir mübadilərlərində bir-birini yaxından anlamaq çox vacib şərtdir. Milli Məclisin gördüyü işlər qaldırdığı məsələlər, qəbul etdiyi qanunların həyata keçirilməsi kimi məsələlərlə bağlı analitik yazıların azlığından deputatlar şikayət edirlər. Yəni qanun necə həyata keçirilir və nəticəsi nə oldu. Hesab edirik ki, bu məsələ əsasən Milli Məclisdə akreditasiyadan keçən jurnalistlərə aiddir. Çünki onlar daimi bizimlə birlikdədirlər və parlamentin gördüyü işlərə daha yaxşı bələddirlər. Bu baxımdan da düşünürəm ki, onların təhlili yazıları və münasibətləri bütövlükdə jurnalistikaya təsir etməlidir".
sia.az