PDF Oxu

Siyasət

  • 6

Sahibkarlıq həm də məsuliyyətli olmaq deməkdir

Sahibkarlıq həm də məsuliyyətli olmaq deməkdir

İlham Əliyev: "Xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq"

Azərbaycanda mövcud olan inkişaf amili sahibkarlıq sektoruna da öz müsbət təsirini göstərməkdədir. Belə ki, möhkəm əsaslara dayanmış iqtisadiyyat faktoru sənaye və istehsalat sahələrində şaxələnir, bu isə sahibkarlığın bütün istiqamətlərdəki tərəqqisinə, xüsusilə də qeyri-neft sektorunun inkişafına zəmin yaratmış olur.

Lakin bütün qeyd edilənlərlə yanaşı, sahibkarlar həm də vergi ödəyiciləri kimi, gördükləri işləri müqabilində həm də vergi ödəməlidirlər. Daha dəqiq desək, vergi ödəyicisi olaraq, ölkənin inkişafına dəstək olmalıdırlar. Ancaq təəssüf ki, bəzi hallarda əks tərəfi də olur.

Dövlətin sahibkarlara dəstəyi həm də onlara müxtəlif güzəştlər etməsi, kreditlər ayırması ilə öz əksini tapmaqdadır. Yəni aqrar, sənaye və başqa istehsalat sahələrində iş aparan sahibkarlar dövlətin onlara verdiyi bu fürsətdən yararlanırlar. Xüsusilə, dövlət tərəfindən yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun bu işlərdə apardığı məqsədyönlü iş öz uğurlu nəticələrini verməkdədir. Dövlət başçısı bildirib ki, bununla bağlı güzəştlər edilir, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün də hazırda yeni şərait yaradılır. Qeyd olunanlarla yanaşı, sahibkarların kreditlərdən davamlı qaydada yararlanmaları üçün həmin kreditlərin faiz dərəcələri də aşağı salınması üçün də müəyyən işlərə başlanılıb: "Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".

Bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir

Dövlət başçısı əvvəlki illərlə hazırkı dövrün müqayisəsini də aparıb və bunu belə izah edib ki, neftin qiyməti yüksək olduğu zamanlar ölkəyə böyük valyuta axını, gəlir, sərmayələr də artmaqda davam edirdi. İndi isə neftin qiymətinin dünya bazarında aşağı həddə düşməsi müəyyən qabaqlayıcı tədbirlər görməyə şərait yaradır. Sitat: "Əvvəlki dövrlərdə neftin qiyməti yüksək idi. Ölkəyə çox böyük valyuta axını gəlirdi. Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıbdır. Kapital qoyuluşu azalıbdır".

Ölkə Prezidenti indiki halda xarici sərmayənin daxili sərmayəni üstələdiyini də deyib. Belə ki, bu kimi faktorun yaranmasında da vergilərin tam şəkildə ödənilməməsi amillərinin dayanması şübhəsizdir. Dövlətimizin rəhbəri vurğulayıb ki, buna digər səbəb həm də daxili investisiyaların azalmasıdır. Sitat: "Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda, əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni, əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur. Digər dövlət qurumları da vergiləri tam şəkildə ödəyirlər. Amma özəl sektor vergini tam şəkildə verirmi? Yox, vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə, sahibkarlar sadə dillə desək dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər".

Ölkə başçısı göstərişlərini verdi və xəbərdarlıq etdi

Prezident İlham Əliyev Bakıda və bölgələrdə vergilərin yığımı ilə bağlı neqativ hallar barədə də xəbərdar olduğunu deyib və sərt xəbərdarlıq edib. O cümlədən, bu kimi hallarla qarşılaşan sahibkarlara bilavasitə Onun özünə müraciət etmələrini tapşırıb: "Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, "krışalıq" edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq".

Göründüyü kimi, Prezident İlham Əliyev müşavirədə toxunduğu bir çox məsələlərlə yanaşı, qeyd olunan mövzuya da toxunmaqla, əslində, sahibkarlığın dövlətin tərəqqisi və inkişafı üçün nə qədər önəmli rol oynadığını bir daha xatırladıb. Eyni zamanda, bu sahənin irəliləməsində baryer rolu oynayanlara da son xəbərdarlığını verib. Bu isə hər bir sahənin məhz Onun nəzarətində olduğunun bariz sübutu və göstəricisidir.

Rövşən RƏSULOV

Digər xəbərlər