PDF Oxu

Siyasət

  • 10

Sadələşdirilmiş viza və ucuz qiymətlər turizmin sürətli inkişafı üçün əlverişli imkandır

Sadələşdirilmiş viza və ucuz qiymətlər turizmin sürətli inkişafı üçün əlverişli imkandır

Prezident İlham Əliyev: "Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam"

"Üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi"

Son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanın turizm potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradıb. Davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rolu olan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması diqqət mərkəzində saxlanılır. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, beynəlxalq əlaqələrinin genişlənməsi, mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizmin davamlı inkişafının təməlini təşkil edir. Bu sahədə əldə olunan nailiyyətlər beynəlxalq təşkilatlar və maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Ümumdünya İqtisadi Forumunun hesabatlarında dünya ölkələrinin turizm sahəsində rəqabət qabiliyyətinə görə tərtib etdiyi reytinq cədvəlində respublikamızın irəliləməsi bunun əyani göstəricisidir.

Son illər ərzində turizm sahəsində çalışan işçilərin sayında 3 dəfə, yerləşdirmə obyektlərində yerlərin ümumi sayında isə 4 dəfə artım olub. Ölkə üzrə ÜDM-də turizmin xüsusi çəkisi isə 2 dəfədən çox artıb. Xüsusilə də, qış turizminin inkişafına dövlət dəstəyi özünü daha qabarıq şəkildə göstərməkdədir. Prezident İlham Əliyev "Şahdağ" və "Tufandağ" qış-yay turizm kompleksində mühüm turizm obyektlərinin açılışında iştirak edərkən bildirib ki, Azərbaycanın gələcək inkişafının əsas təməl nöqtələrindən olan turizm sektoru özünün inkişaf mərhələsinə qədəm qoyub.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirib ki, Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Qeyd etməliyəm ki, bu məsələlər qonaqların daim diqqət mərkəzində idi. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər.

"Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək" - deyə qeyd edən Prezident İlham Əliyev qarşıda duran vəzifələrlə bağlı aidiyyatı qurumlara göstərişlərini də verib: "İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək".

Əlbəttə ki, turizmin inkişafı üçün sadələşdirilmiş viza və ucuz qiymətlə yüksək xidmət göstərən otellərlə yanaşı ucuz avia uçuşların olması da vacibdir. Məhz bu məsələyə də toxunan Prezident İlham Əliyev aviabiletlərin də qiymətlərinin ucuzlaşdırılması ilə bağlı fikirlərini diqqətə çatdırıb: "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır".

Bütün bunlarla yanaşı həm daxili turizmin inkişafı, həm də xarici turistlərin bölgələrə axınını təmin etmək məqsədilə 2 və 3 ulduzlu otellərin də tikilişi reallaşdırılmalıdır.

"Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər" - deyən Prezident İlham Əliyev müvafiq qurumlar qarşısında qısa müddət, lakin uğurlu nəticə ilə yekunlaşdırılmalı olan vəzifələr qoyub. Əlbəttə ki, ekspertlərin, ictimaiyyət nümayəndələrinin də ümumi fikri ondan ibarətdir ki, Prezident İlham Əliyevin bu tapşırıqlarının yerinə yetirilməsi turizmin ümumi sürətli inkişafına səbəb olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər