Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) sədri Səmyar Abdullayev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.DQİDK sədri Mübariz Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb: "Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərim Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edilib. Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqqət və qayğı yüksək səviyyədədir. Bu özünü hərtərəfli biruzə verir. Prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çap olunmasına əlavə vəsaitlər ayrılıb. Bu vəsaitin bir hissəsi isə Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib".Komitə sədri əlavə edib ki, islami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin təbliğ olunması mühüm amildir: "İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək".Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri olan akademik Vasim Məmmədəliyev çıxışnda bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması olduqca əlamətdar hadisədir: "Bunun üçün biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin atdığı addımı yüksək qiymətləndiririk".Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov müqəddəs Ramazan bayramı münasibətilə bütün islam dünyasını, Azərbaycan xalqını təbrik edərək qeyd edib ki, Azərbaycan tolerant ölkədir: "Ölkəmizdə bütün dinlərə eyni münasibət göstərilir. Burada müxtəlif dini icmaların yaxşı yaşamaları üçün hərtərəfli şərait yaradılıb. Bundan başqa Azərbaycanda insanların sosial qayğıları hər zaman dövlətin diqqət mərkəzində olub. Gözdən əlillərə, əlil insanlara, ahıllara diqqət və qayğı dövlətin əsas prioritetləri sırasındadır. Bu baxımdan da bugünkü tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu işin bir başlanğıcıdır və gələcəkdə də davam etdiriləcək".Millət vəkili Siyavuş Novruzov həmçinin onu da vurğulayıb ki, I Avropa Oyunlarının məşəlinin paralimpiyaçı İlham Zəkiyev tərəfindən alovlandırılması dünya ölkələri üçün bir nümunədir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Qurani-Kərimin Brayl əlifbası ilə çapının təşkil edilməsinə görə, DQİDK-ya təşəkkür edərək deyib ki, gözdən əlil insanlar, o cümlədən də idmançılarımız dövlətin birbaşa nəzarətindədir və onlar bütünlüklə qayğı ilə əhatələniblər: "Buna misal olaraq təkcə paralimpiyaçı idmançılarımızın dünya çempionatlarında qazandıqları uğurları göstərmək kifayət edər".
sia.az