PDF Oxu

Siyasət

  • 10

"Beşinci kolon"un ikrahdoğurucu əməlləri heç bir nəticə verməyəcək

"Beşinci kolon"un ikrahdoğurucu əməlləri heç bir nəticə verməyəcək
İlham Əliyev: "Avropanın aparıcı ölkələrinin liderlərinə iradlarımı deyirəm"

Bu gün Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Hər kəs görür ki, Azərbaycanın xarici siyasəti açıqdır, prinsipialdır, ədalətə və beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı dövlətin qətiyyətli mövqeyinin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə nüfuz və hörmət qazandırır. Azərbaycanın hər il artan dövlət büdcəsi hərtərəfli inkişafın əyani sübutudur. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Borc alan ölkədən borc verən ölkəyə çevrilən Azərbaycanın bu uğurları bizə əlavə imkanlar yaratsa da, eyni zamanda dost və düşmənimizi tanımağa da yardım edir. Təbii ki, bu nailiyyətləri qəbul edə bilməyən bəzi dairələr müxtəlif çirkin vasitələrlə kampaniyalar təşkil edib Azərbaycanı gözdən salmağa can atırlar və bunu bacarmayanda isə beynəlxalq təşkilatlar vasitəsilə təhdid dili ilə danışmağa çalışırlar. Ancaq yenə də "istəklərinə" nail ola bilmirlər. Çünki hazırda Azərbaycanın apardığı dövlət siyasəti buna imkan vermir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət isə çoxlarını narahat edir. Anti-Azərbaycan şəbəkələr vasitəsilə bu siyasətə kölgə salmaq, qara yaxmaq "arzuları" da ürəklərində qalır. Tək ümidləri isə hansısa vasitələrlə əla aldıqları ölkəmizdəki "beşinci kolon"un üzvlərinə qalır. Bu vətən xainlərinin əli ilə ölkəmizdə xaos, iğtişaş yaratmaqla, ictimai-siyasi sabitliyi pozmaqla, yalan "donoslar", heç bir siyasi anlamı olmayan "siyasi məhbus" siyahısı hazırlayıb öz maraqlarına xidmət edən beynəlxalq təşkilatlara göndərməklə Azərbaycanın əleyhinə hansısa sanksiyaların tətbiq olunmasına çalışırlar. Ancaq təqdirəlayiq haldır ki, "beşinci kolon"un üzvlərinin vətənə xəyanətinə xalq öz kəskin qiymətini verir.

"Beşinci kolon"un I Avropa Oyunları missiyası

2012-ci ilin dekabr ayında Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvlərinin böyük əksəriyyətinin dəstəyilə Avropanın və dünyanın yüksək həyəcanla izləyəcəyi I Avropa Oyunlarına ev sahibliyini qazandı. Elə həmin vaxtdan Azərbaycana qarşı bütün sahələrdə total hücumlara start verildi. Xarici qərəzli dairələrin maliyyələşdirdiyi "beşinci kolon"un bütün strukturları Azərbaycana qarşı reallaşdırılan çirkin planın həyata keçirilməsi üçün sinxron fəaliyyət sərgiləməyə başladılar. Azərbaycana qarşı aparılan anti-təbliğatın ilk mərhələsində Azərbaycandakı "beşinci kolon"un mətbuat orqanları və QHT-lər fəaliyyətə keçdilər. Xarici qərəzli dairələrin maliyyəsilə işləyən həmin QHT-lər əsası olmayan, qeyri-obyektiv məlumatların əsasında saxta hesabatlar hazırlayaraq, "mərkəzi ofislərinə" göndərirdilər. Həmin hesabatlara siyasi don geyindirildikdən sonra isə digər kanallar vasitəsilə yayıldı. Bu kanallar qismində isə beynəlxalq QHT-lər - "Human Rights Watch", "Amnesty İnternational" və digərləri çıxış edirdilər. Həmin materialları isə Azərbaycandakı "beşinci kolon"un mətbuat orqanları, o cümlədən "Azadlıq" olmaqla digərlərində də çap edirdilər. Lakin reallığın və həqiqətlərin diqqətə çatdırılması, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın hərtərəfli gücünü göstərən işlərin həyata keçirilməsi nəticəsində anti-Azərbaycan dairələrin ilk cəhdləri boşa çıxır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsində Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, önəmli beynəlxalq tədbirlər ərəfəsində bunun daha da alovlandığını, bəzi riyakar Qərb siyasətçilərinin, erməni pulları ilə özlərinə həyat quran konqresmenlərin, senatorların, islamofob siyasətçilərin Azərbaycana qarşı müharibə elan etdiklərini, bunun təməlində də paxıllığın və bəd niyyətin dayandığını diqqətə çatdıraraq dedi: "Bu gün əfsuslar olsun ki, Avropada faşizm baş qaldırır, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm, yəni təkcə müsəlmanlara qarşı deyil bu hərəkət. Əlbəttə ki, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar birləşiblər. Eyni zamanda, Azərbaycanda "beşinci kalon"un qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdur, ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəldi. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz".

"Almaniya Bundestaqı özünü nə zənn edir?"

Prezident İlham Əliyev bildirib ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoyub: "Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır".

Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamə də anti-Azərbaycan mövqeyini əks etdirir: "Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik".

Beləliklə, "beşinci kolon" təmsilçilərinin ikrah doğuran əməlləri ortadadır. Lakin "sapı özümüzdən olan baltalar"ın xəyanətkarlıqla, milli maraqları qurban verməklə əldə etdikləri sərvətin onlara heç bir halda xoşbəxtlik gətirməyəcəyini bəri başdan əminliklə söyləmək mümkündür.

RƏFİQƏ KAMALQIZI