Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Xətai rayon icra hakimiyyəti Milli Mətbuatın 140 illiyi ərəfəsində jurnalistlərlə görüş keçirib.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən görüşü rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov açaraq bildirib ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur: "Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Ulu Öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilmiş, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilmişdir".
Görüşdə Xətai rayon icra hakimiyyətinin başçısının müavini Jalə Abdiyeva Milli Mətbuatın 140 illiyi ilə bağlı geniş məlumat verib: "Bu günlərdə yaradılmasının 140 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı bir neçə tarixi dövrdə çətin və şərəfli inkişaf yolu keçmişdir. Böyük Həsən bəy Zərdabinin nəşr etdiyi ilk milli qəzetimiz "Əkinçi"dən üzübəri bütün dövrlərdə jurnalistikamız qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız daim mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir".
J.Abdiyeva ölkəmizdə azad, demokratik KİV prinsiplərinin həyata vəsiqə almasının dövlət müstəqilliyi dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: "Ulu Öndərin iradəsi ilə siyasi plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran tarixi maneələr aradan qaldırıldı, demokratik medianın mükəmməl hüquqi bazası yaradıldı, onun problemlərinin həlli istiqamətində ciddi addımlar atıldı. Ulu Öndərin müvafiq fərmanı ilə mətbuat üzərində senzura ləğv edildi, qəzetlərin borcları silindi, jurnalistlərin səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradıldı. Ümummilli Liderin KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xəttini bu gün Prezident İlham Əliyev uğurla və ardıcıl davam etdirir".
Rayon icra hakimiyyətinin müavini J.Abdiyeva sonda əlamətdar yubiley münasibətilə mətbuat nümayəndələrini səmimi təbrik etdi, onlara milli jurnalistikamızın inkişaf etdirilməsində yeni uğurlar arzuladı.
Sonda bir qrup mətbuat nümayəndələring Xətai rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
RƏFİQƏ HÜSEYNOVA