Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 İyul - Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ-nın sədr müavinləri, media kapitanları və müsabiqə qalibləri iştirak edib.Tədbiri giriş sözü ilə açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, bu il bizlər üçün ən yadda qalan və əlamətdar illərdən biridir: "Bizi Milli Mətbuatın yaranmasının 140 illiyindən artıq iki gün ayırır. Biz bu bayramlar münasibətilə jurnalistlər arasında bir neçə müsabiqələr elan etmişik. Həmin müsabiqələrdən biri də bu gün təqdimatına yığışdığımız fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimidir".V.Səfərli müsabiqə haqqında ətraflı məlumat verərək deyib ki, bu ilin aprelin 27-dən iyulun 9-na kimi müsabiqəyə sənədlər qəbul olunub: "Fonda 64 kütləvi informasiya vasitəsindən (KİV) 153 yazı daxil olub. Onlardan da 111 qalib müəyyən edilib. Müsabiqədə 114 qalib nəzərdə tutulsa da, müəyyən istiqamətlərlə bağlı müsabiqəyə yazı təqdim edilməyib. Bütün yazılar ekspertlər tərəfindən yoxlanılıb və qiymətləndirilib. 1-ci yer 500 manat, 2-ci yer 400 manat, 3-cü yer 300 manat müəyyənləşib".Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, bu yazı müsabiqəsində inkişaf göz qabağındadır: "Mən bunu müşahidə edirəm. Ancaq yazılarda jurnalistin fərdi üslubu az müşahidə edilir. Hesab edirəm ki, jurnalistin yazılarda fərdi üslubu da müşahidə edilməlidir. Digər bir problem isə internet resurslarından çox istifadə edilməsidir".Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli diqqətə çatdırıb ki, artıq jurnalistlərin araşdırılmasında ciddi irəliləyişlər var: "Biz bütün yazılarda demək olar ki, hansısa mənbələrə istinad olunmasının, geniş araşdırılma aparılmasının şahidi olduq. Bu tendensiya davam etdirilməlidir. Bu, çox xoş bir haldır"."İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə tədbirdə bildirib ki, müsabiqəyə təqdim edilən yazıların qiymətlənsirilməsində ekspertlər düzgün seçim ediblər: "Bəzi yazılarda qüsurlar da olur. Ancaq ötən müsabiqələrə nisbətən araşdırma yazıları çoxdur. Ümumiyyətlə, yazılarda müsbət tendensiya müşahidə edilir"."Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında vurğulayıb ki, müsabiqəyə təqdim olunan məqalələrdə analitik yazı üslublarından çox az istifadə edilir.Tədbirin sonunda qalib jurnalistlər mükafatlandırılıb. Mükafata layiq görülənlər arasında SƏS Media Qrupun bir sıra əməkdaşları da olub.
sia.az