Azərbaycanda medianın inkişafı keyfiyyətcə yeni mərhələdədir
Prezident İlham Əliyev: "Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm"
Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır. Mətbuat azadlığı hər bir ölkənin inkişafı üçün vacib amil kimi önə çəkilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanda azad mətbuatın inkişafı daim diqqətdə olan məsələlərdəndir.
Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Doğrudur, Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı, amma, dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu düz bir əsr boyunca meydana gəlmədi. Bunun səbəbləri isə hər kəsə bəllidir. Lakin sevindirici hal ondan ibarətdir ki, keçmiş SSRİ rəhbərliyinin, erməni daşnaklarının Azərbaycan xalqının "düşünən beynini" - ziyalılarını, alimlərini, yazıçılarını, mədəniyyət nümayəndələrini məhv etməsi prosesinin qarşısını alan Ümummilli Lider Heydər Əliyev eyni zamanda, cəmiyyətimizin "güzgüsü" olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdı. Hələ 1970-1980-ci illərdə respublikaya rəhbərliyi dövründə Ümummilli Lider Heydər Əliyev yazılı mətbuat, kitab çapı ilə yanaşı televiziya və radionun da inkişafına xüsusi diqqət ayırırdı. Elə televiziya yarandığı 50-60-cı illərdə onun yayımı gün ərzində 2 saat idi, lakin Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə isə 18 saata çatdırdı.
Müstəqil və azad mətbuatın formalaşması Ulu Öndərin mediaya olan diqqətinin nəticəsi idi
Ölkə reallıqlarına bələdçilik funksiyasını yerinə yetirən mətbuatımızın Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra inkişafı istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar məlumdur. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr digər sahələr kimi, mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcı oldu. O, bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, svilizasiyalı cəmiyyət yaradılması, insan hüquqlarının qorunması, mətbuat azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəlcədən qəbul etdiyimiz prinsiplərdir.
Ümummilli Lider Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılması, beynəlxalq tələblərə cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" Qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi bir-birindən əhəmiyyətli addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı.
Ümummilli Lider Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul etmişdir. "Kütləvi informasiya vasitələri haqqında" qanunda da bu fikirlər öz əksini tapır ki, KİV-in təsis olunması, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz.
Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Ulu Öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında" fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür.
2003-cü ilin martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Qurum fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılması üçün müsbət nəticələr əldə etmişdir.
Azərbaycan KİV-i inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil oldu
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on iki ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 4 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birilklər fəaliyyət göstərir.
Dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı əsasında isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürü kimi dəyərləndirildi.
Bunlarla yanaşı, 2009-cu ilin martında keçirilən referendumda da Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklər arasında mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasına xidmət edən əlavələr də olmuşdur. "Şəxsiyyət toxunulmazlığı hüququ" maddəsinə edilən əlavəyə görə qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin "Məlumat azadlığı" maddəsinə edilən əlavə də demokratik prinsiplərin inkişafına yönəlib. Əlavəyə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
Bütün deyilənlərdən irəli gələrək, Prezident İlham Əliyevin iki dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi azad mətbuatın inkişafına diqqət və qayğısına verilən dəyərdir. "Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, aldığı bu mükafatdan asılı olmayaraq, bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq: "Ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm."
Dövlət başçısı İlham Əliyevin Azərbaycan mətbuatının 140 illik yubileyi münasibətilə, həmçinin, media nümayəndələrinin mükafatlandırılması və mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalaması KİV-ə olan dövlət qayğısının davamlı və sistemli olduğunu sübut edir. Prezident İlham Əliyev bir daha sübut edir ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.
"Səs" Analitik Qrupu