Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ucaldılan Ümummilli Liderin abidəsini ziyarət edib və Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Mərkəzin Elektron lektoriya zalında keçirilən konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, bu günlərdə ölkəmizin hər yerində Milli Mətbuatın yaranmasının 140 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir: "Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Azərbaycan mətbuatı sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.
S.Hüseynova çıxışında onu da qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib: "Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Hazırda ölkəmizdə çoxtərəfli mətbuat və informasiya sistemi yaradılmışdır. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir".
Konfransda çıxış edən "Həftə içi" qəzetinin əməkdaşı Qələndər Əhmədov, "Respublika" qəzetinin əməkdaşı Rauf Allahverdiyev və başqaları qeyd etdilər ki, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Sonda bir qrup mətbuat işçisi qiymətli hədiyyə ilə mükafatlandırıldı.
ZÜMRÜD