PDF Oxu

Siyasət

  • 7

Azərbaycan-İsrail münasibətləri inkişaf mərhələsində

Azərbaycan-İsrail münasibətləri inkişaf mərhələsində

A.H.Frankel: "Hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudilərə qarşı ikili standartlar siyasətinin davam etdiyi vaxtda müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir"

Dünən Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata əsasən, görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də, Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qonaqları salamlayaraq onlara komitənin fəaliyyəti və dünyadakı yəhudi diasporu ilə sıx əlaqələri haqqında məlumat verib. Daha sonra Azərbaycandakı tolerantlıqdan danışan V.Hacıyev tarixən bu torpaqlarda müxtəlif xalqların və dinlərin nümayəndələrinin, eləcə də yəhudilərin qarşılıqlı anlaşma, hörmət şəraitində yaşadığını qonaqların diqqətinə çatdırıb.

AYK nümayəndə heyətinin rəhbəri, "ACCESS" şirkətinin direktoru Aleksis Hillari Frankel isə öz növbəsində Azərbaycandakı qonaqpərvərlikdən və tolerantlıqdan məmnunluğunu ifadə edib. O bildirib ki, hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudilərə qarşı ikili standartlar siyasətinin davam etdiyi bir vaxtda müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir. A.H.Frankel azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib: "Yəhudi icması ilə görüşdə bizə dedilər ki, Azərbaycandan İsrailə köçən bəzi yəhudilər geri qayıdır. Bu o deməkdir ki, onlar burda özlərini çox rahat hiss edirlər". AYK üzvü Azərbaycanla İsrailin ikitərəfli əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

A.H.Frankel dünyada ikili standartlara məruz qalmış xalqın nümayəndələri kimi Azərbaycanın hazırda üzləşdiyi vəziyyəti çox yaxşı anladığını bildirib. O, bu yanaşmada ikili mövqenin aradan qaldırılması məqsədilə təşkilatla ölkəmiz arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. AYK üzvü həmçinin Azərbaycanın dünyaya daha çox tanıdılmasına ehtiyac olduğunu vurğulayıb.

Görüşdə qeyd olunub ki, Amerika Yəhudi Komitəsinin Azərbaycan-ABŞ, Azərbaycan-İsrail əlaqələrinin, eləcə də, Azərbaycan və yəhudi icmaları arasında münasibətlərin inkişafında, həmçinin Azərbaycanın səsinin dünyaya çatdırılmasında xüsusi rolu var və bu fəaliyyət gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycana 3 günlük səfər çərçivəsində AYK nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Azərbaycanın qədim tarixi abidələri ilə tanış olub, ABŞ, İsrail səfirliklərində və digər qurumlarda görüşlər keçirib.

NƏZAKƏT

Digər xəbərlər