"Milli mətbuatımızın 140 illik yubileyi münasibətilə Dövlət başçımızın kütləvi informasiya vasitələri əməkdaşlarının təltif edilməsi və onlara fəxri adların, habelə KİV nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi, mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər barədə növbəti Sərəncamlar imzalaması Azərbaycan jurnalistlərinə Prezident qayğısının növbəti əməli təsdiqi oldu". Bu fikirləriSİA-ya açıqlamasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib.Elman Babayev qeyd edib ki, ölkə jurnalistlərinin əməyinə verilən bu yüksək dəyər, onlara göstərilən bu böyük etimad hər bir KİV nümayəndəsini bundan sonra da milli mətbuatımızın və ümumən ölkəmizin, dövlətimizin inkişafında səylərini artırmağa ruhlandırır: "Milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunduğu bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncam ilə təltif etdiyi kütləvi informasiya vasitələri əməkdaşları sırasında mənim də adımın olması və "Əməkdar Jurnalist" fəxri adına layiq görülməyim, mənim üçün böyük şərəf, yüksək etimad deməkdir. Fürsətdən istifadə edib cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentin yüksək diqqəti və etimadı, eyni zamanda bizim bu günə qədərki fəaliyyətimizi bundan sonra da məhz bu yüksək diqqətə, etimada layiq səviyyədə daha uğurla, daha səmərəli şəkildə davam etdirmək, öz əməyimizlə, səylərimizlə mətbuatımızın, ümumən ölkəmizin, dövlətçiliyimizin inkişafına yeni töhfələr vermək məsuliyyəti və öhdəliyi müəyyən edir. Onu da bildirim ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi, müasir və şəffaf, əhali üçün əlçatan xidmətlər sisteminin qurulması yönündə aparılan islahatlar, görülən işlər barədə cəmiyyətin məlumatlandırılmasında, ictimai rəyin öyrənilməsində KİV-lə əməkdaşlığa xüsusi önəm verir. Nazirliyin fəaliyyəti həmişə mətbuat üçün açıqdır və nazirlik tərəfindən gündəlik olaraq KİV-ə məlumatlar verilir, aidiyyəti məsələlərlə əlaqədar mətbuat konfransları və birifinqlərin, müsahibələrin təşkili, jurnalist sorğularının cavablandırılması mütəmadi olaraq təmin edilir. Bu baxımdan əmin edirəm ki, qarşıdakı dövr bizim üçün daha işgüzar bir dövr olacaq".
sia.az