"Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gözəl bir ənənə var. Bu, hər beş ildən bir Azərbaycan milli mətbuatının yubileyinin keçirilməsidir. Heç bir sahənin, strukturun yubileyi beş ildən bir keçirilmir. Amma bu gözəl ənənəni bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev yaşadır. Bu dəfə də 200-ə yaxın jurnalist dövlət mükafatına, fəxri adlara layiq görüldü. Bu, yubileyin bəzəyidir". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüş barədə danışarkən deyib.Baş redaktorun sözlərinə görə, jurnalist həmişə hamının harayına çatır və onun yaxşı günündə yanında olur. Lakin hər saat jurnalistin əməyi qiymətləndirilmir. Amma çox yaxşı ənənə, gözəl bir haldır ki, Azərbaycan iqtidarı bu sahədəki çatışmazlığı aradan qaldırır. Beləcə, jurnalistlər artıqlaması ilə mükafatlandırılır. Ötən gün Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüş də yadda qalan oldu. Dövlət başçısı jurnalistlərin əməyinə, Azərbaycan mətbuatının inkişafına, ölkə jurnalistikasının bugünkü durumuna çox yüksək qiymət verdi. Eyni zamanda qarşıya da çox mühüm vəzifələr qoydu.Bu vəzifələrin ən əsası iki istiqamətdir. Birincisi, Azərbaycanın qazandığı uğurları dünyaya, beynəlxalq aləmə çatdırmaqdır. İkincisi, dünya erməniliyinə xidmət edən müxtəlif qurumlar, mətbuat orqanları, saytlar var ki, onlar zaman-zaman fürsət gözləyirlər ki, Azərbaycanda uğurlu bir layihə, tədbir keçirilən kimi ölkəmizə qarşı şər-böhtan atırlar. Onların bu yalanlarının ifşa olunması istiqamətində müəyyən işlər görülür".
sia.az