"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Mətbuatımızın 140 illiyi münasibətilə bir qrup mətbuat işçilərinin fəxri adlar, orden və medallarla təltif olunması Azərbaycan dövlətinin mətbuatın inkişafını daim diqqətdə saxladığının göstəricisidir". Bunu SİA-ya Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilən, "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev deyib.Şöbə müdirinin sözlərinə görə, Prezidentin sərəncamı həm də, Azərbaycanda sözə, qələmə, eləcə də mətbuata göstərilən diqqətin və qayğının bariz nümunəsidir: "Bu diqqət o faktı bir daha təsdiq edir ki, 140 il bundan öncə Həsən bəy Zərdabinin "Əkinci" qəzeti ilə yaranan mənəviyyat işığı bu gün müvəffəqiyyətlə şölə saçır. Söz yox ki, bu müvəffəqiyyətin, uğurun arxasında Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi böyük diqqət dayanır. Ölkədə mətbuatın, söz və fikir azadlığının inkişafına dövlət tərəfindən həmişə yüksək diqqət göstərilib. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da siyasi sabitsizlik nəticəsində mətbuata senzura tətbiq olunurdu. Bu qayda televiziyaya (15 mart 1992) və mətbuata (2 aprel 1993) şamil edilmişdi. Hərbi senzura 1996-cı ildə ləğv edilsə də, "Qlavlit" 1998-ci ilin yayına kimi formal da olsa, fəaliyyətini davam etdirirdi. Yalnız 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə senzura birdəfəlik ləğv edildi. Eyni zamanda qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, Prezident İlham Əliyev isə həmin borcları redaksiyaların üzərindən götürdü. Bu fakt Ulu Öndərin Azərbaycan mətbuatına göstərdiyi diqqətin, qayğının təzahürü idi. Ümummmili Lider Heydər Əliyev mətbuatla bağlı demişdir: "Azərbaycan mətbuatı zəngin və şərəfli tarixi boyu həmişə böyük ictimai idealların carçısı olmuş, xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi tərəqqisində, yüksək əxlaqi dəyərlərinin qorunub saxlanılmasında və daha da inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib"."Tərəqqi" medalı mükafatçısı İ.Əliyev onu da əlavə edib ki, KİV-lərin inkişafına dövlət dəstəyi Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevin prezidentliyi dövründə də geniş xarakter daşıyıb: "2005-ci ildə "Əməkdar jurnalist" adının bərpa olunması, ölkənin aparıcı media nümayəndələrinə dövlətin fəxri adlarının verilməsi, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrin Dövlət Dəstəyi Fondunun yaradılması, redaksiyaların maddi texniki bazalarının möhkəmləndirilməsi və jurnalistləri sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması yönündə atılan addımlar Prezident İlham Əliyevin mətbuata qayğısının bariz nümunəsidir. Bütün bunlar mətbuat tərəfindən də yüksək qiymətləndirilir və Prezident İlham Əliyev iki dəfə ardıcıl "Jurnalistlərin dostu" seçilib. Prezident İlham Əliyev hər zaman Öz əməli fəaliyyəti ilə Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə diqqətini ortaya qoyur. Hər il olduğu kim bu ildə Prezident İlham Əliyev Milli Mətbuatın yubilyeyini jurnalistlərlə görüşlər keçirməklə və bir qrup KİV nümayəndəsini fəxri fərman, orden və medallarla təltif etməklə qiymətləndirməsi dövlətimizin öz prinsiplərinə sadiqliyini nümayiş etdirmiş oldu. "Tərəqqi" medalı ilə məni də təltif etdiyinə görə, Prezidentimizə təşəkkürümü bildirir, minnətdarlığımı ifadə edirəm".
sia.az