İlham Əliyev: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq"
"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.
Ölkə Prezidentindən bu sözləri eşitmək, əlbəttə hər bir vətənpərvər azərbaycanlı üçün etibarlı istinad mənbəyi, mənəvi dayaqdır. Bu gün Azərbaycan Respublikası tarixi torpaqlarının bir qismində öz müstəqilliyini bərpa edib. Ötən əsrin əvvəllərindən etibarən xalqımıza qarşı yürüdülən məkrli siyasət nəticəsində tarixi Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti yaradıldı və qədim şəhərimiz İrəvan onlara paytaxt olaraq verildi. Bundan sonra sovet imperiyası tərəfindən Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar da Ermənistana birləşdirildi. Bütün bunlar azmış kimi, ermənilər həyasızcasına Qarabağ bölgəsinə də iddialar irəli sürür, bu əzəli yurdumuzu qondarma Ermənistana birləşdirmək istəyirdilər. Lakin istər cümhuriyyət, istərsə də sovet dövründə bəzi prinsipial dövlət xadimlərimizin sayəsində onların bu məkrli planı baş tutmadı. Hərçənd, onlar öz havadarlarının dəstəyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmağa nail oldular.
Dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda gedən siyasi proseslər, özbaşınalıq, ölkənin iqtisadi və hərbi cəhətdən zəifliyi, ermənilərin havadarlarının çox olması bizi müvəqqəti də olsa torpaq itkisi ilə üzləşdirdi. Ermənilər Azərbaycan xalqının həm torpağını işğal etmiş, həm də həmin torpaqlarda yaşayan yerli əhaliyə qarşı misilsiz vəhşiliklər törətmişdilər. Təbii ki, bununla Azərbaycan heç vaxt barışmayacaq. Bu gün Azərbaycan Prezidentinin, demək olar ki, bütün dövlət tədbirlərində, beynəlxalq arenalarda Dağlıq Qarabağla, tarixi Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı göstərdiyi fəaliyyət göz önündədir.
Ölkə Prezidenti mətbuat nümayəndələri ilə görüşü zamanı onu da vurğulayıb ki, erməni xalqı kriminal diktatura rejimindən əziyyət çəkir və bu vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq: "Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət çəkir. Bu rejim erməni xalqını elə pis vəziyyətə qoyub ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq".
"Erməni lobbiçiliyinin Azərbaycana qarşı kampaniyası ölkəmizin daxili və xarici siyasətinə heç bir təsir etməyib və heç vaxt etməyəcək"
Prezident İlham Əliyev erməni lobbisinin Azərbaycana qarşı kampaniyasının ölkəmizin daxili və xarici siyasətinə heç bir təsir etməyəcəyini də bildirib. Prezident dövlət orqanları, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlarla yanaşı, medianın da bu sahədə böyük işlər gördüyünü bildirib: "Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur. Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik. Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı internetdən əldə edənlərin sayı daha da artacaq. Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır".
Prezident İlham Əliyev Azərbaycan mediasının xarici media resursları ilə daha sıx əlaqələr qurulmasını da tövsiyə edib: "Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik. Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu yaşamışdır".
Bütün bunlar sübut etdi ki, Azərbaycan Prezidentinin açıqlamalarının əsasında ciddi məqsədlər dayanır. Əgər ermənilər "səbr kasamızı" doldurarsa, bu, onlara baha başa gələ bilər. Çünki Azərbaycan Ordusunun gücü ilə Ali Baş Komandanın bəyanatları üst-üstə düşür və bir-birini tamamlayır. Ermənilər və onların havadarları yaxşı düşünməli və işğalçı, talançı əməllərindən daşınmalıdırlar.
RƏFİQƏ KAMALQIZI