İlham Əliyev: "Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var"
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşıladı. Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Prezidentlər rəsmi foto çəkdirdilər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri yüksələcək və qarşılıqlı şəkildə faydalı, Avropa və Azərbaycanın maraqlarını, regional təhlükəsizlik və regional inkişaf kimi məsələləri əks etdirən yeni mərhələyə qədəm qoyacaq: "Cənab prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Bütün nümayəndə heyətiniz xoş gəlib. Bu, bizim əlaqələrimizdə əhəmiyyətli gündür. Sizin səfəriniz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında mühüm addımdır. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var. Bu gün biz əməkdaşlığımızın perspektivlərini müzakirə edəcəyik. Hələlik isə bizim mövqeyimizə gəlincə, biz gündəliyin çox geniş olmasından, Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə etməsindən razıyıq. Biz sözsüz ki, əsas diqqəti siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirməklə tərəfdaşlığımızı dərinləşdirməyi, əlaqələri intensivləşdirməyi və əməkdaşlıq üçün yeni sahələr tapmağı planlaşdırırıq. Ona görə də ümidvaram ki, səfəriniz zamanı nə etdiyimizi və hansı işləri planlaşdırdığımızı müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri yüksələcək və qarşılıqlı şəkildə faydalı, Avropa və Azərbaycanın maraqlarını, regional təhlükəsizlik və regional inkişaf kimi məsələləri əks etdirən yeni mərhələyə qədəm qoyacaq. Bir daha xoş gəlmisiniz."
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə, qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Çox sağ olun cənab Prezident. Xüsusilə dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə təşəkkür edirəm. Mən Bakıya ilk səfərimi çox yaxşı xatırlayıram. Bu, 5 il bundan əvvəl olub. Lakin bu, mənim Avropa İttifaqı Şurasının prezidenti kimi ilk səfərimdir. Təmkinli olduğunuza görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün Sizə təşəkkür edirəm. İndi mən buradayam və razıyam.
Prezident İlham Əliyev: "Xoşbəxtlikdən bütün çətin zamanlar artıq geridə qalıb."
Donald Tusk: "Cənab Prezident, mən Sizin qədər nikbin deyiləm. Lakin ümidvaram ki, Yunanıstanla bağlı olan bu böyük problemin öhdəsindən gələ biləcəyik. Bir daha Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mənim üçün burada olmaq təkcə dostluq baxımından deyil, ilk növbədə, Sizin qeyd etdiyiniz sahələrdəki əlaqələrimizin vacibliyi baxımından böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim üçün əməkdaşlığımızla əlaqəli olan "Enerji Birliyi" adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil, əslində bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır."
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bildirildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olundu. Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında söhbət təkbətək görüşdə davam etdirildi.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.
"Azərbaycanla və digər qonşular ölkələrlə münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi qeyri-müəyyən ola bilər." Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə keçirdiyi mətbuat konfransında deyib.
Prezident İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyanın bu yaxınlarda D.Tuskla keçirdiyi mətbuat konfransında Azərbaycana dair bəyanatı ilə bağlı sualı cavablandırıb: "Sözün düzü, bu gün ən az Avropa İttifaqı Şurasının prezidenti ilə mətbuat konfransından Azərbaycanı demokratiyanı pozmaqda və təcavüzdə ittiham etmək üçün istifadə edən cənab Sarkisyanın bəyanatı barədə danışmaq istərdim". Dövlət başçısı bildirib: "Bu, tamamilə mənasızdır, çünki Sarkisyan yəqin ki, demokratiyadan danışmalı olan son insandır. 2008-ci ildə öz sələfi tərəfindən Ermənistan rəhbəri təyin edilmiş bu insan seçkiləri saxtalaşdırıb, sonra isə ordudan dinc nümayişləri yatırtmaq üçün istifadə edib. Onun demokratiyadan danışmağa haqqı yoxdur".
Prezident əlavə edib: "Azərbaycan və Ermənistanın eyni səviyyəyə qoyulması ilə bağlı ittihamlara gəlincə, belə demək mümkündürsə, daha çox Azərbaycan belə ittiham irəli sürə bilər. Bu, daha təbii olardı, çünki beynəlxalq ictimaiyyət təcavüzkar və onun qurbanı arasında dəqiq fərq qoymalıdır. Təcavüzkar öz cəzasını almalıdır". Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi öz vəziyyətini nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq: "Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirməklə özünü Azərbaycan və digər qonşularla regional əməkdaşlıqdan məhrum edir. Sarkisyanın idarəçiliyi dövründə Ermənistanda müşahidə edilən yoxsulluq bunun nəticəsidir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı yaşayır".
Ölkə başçısı diqqətə çatdırıb ki, hazırda Azərbaycan və Ermənistan münaqişənin sülh yolu ilə həllini tapmaq üçün danışıqların müddəti və formatları üzərində işləyirlər, lakin münaqişənin kökü və yaranması səbəbləri unudulmamalıdır: "Erməni separatçılar Dağlıq Qarabağda Ermənistanın dəstəyi ilə Azərbaycana qarşı təcavüzə başladılar. Bu münaqişənin ilk qurbanları azərbaycanlılar olub. Bu təcavüzün nəticəsi etnik təmizləmə, Xocalıda soyqırım və torpaqlarımızın təqribən 20 faizinin işğalı oldu. Və bu işğala heç bir haqq qazandırılmamalıdır". Prezident vurğulayıb ki, Azərbaycanın böyük hissəsinin erməni işğalı altında olmasını görmək üçün xəritəyə baxmaq kifayətdir: "Onlar bütün azərbaycanlıları qovdular, onların insan haqlarını pozdular, bütün tarixi və dini abidələrimizi məhv etdilər. İndi onlar Azərbaycanı blokadada, təcavüzdə və ksenofobiyada ittiham edirlər. Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ölkə vətəndaşları olan bir çox dinlərin nümayəndələrinin evidir". Prezident İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycan dünya miqyasında müxtəlif etnik qrup və dinlərin nümayəndələrinin dinc yaşamasına yaxşı nümunədir.
"Azərbaycan Avropa İttifaqının etibarlı strateji və enerji tərəfdaşıdır". Bu açıqlama ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) məqsədi qazın təhdid qismində istifadə edilməsinin aradan qaldırılmasıdır: "Ukraynadakı münaqişə göstərdi ki, bu cür təhdid hələ də mövcuddur". D.Tusk bildirib ki, bu səbəbdən Aİ tədarüklərin şaxələndirilməsinə istiqamətlənib, Azərbaycan isə bu istiqamətdə İttifaqın əsas tərəfdaşıdır: "Hər iki tərəf üçün strateji cəhətdən əhəmiyyətli olan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafı üzrə səylərimizi birləşdirməklə bağlı razılığa gəldik". O, qeyd edib ki, rəqiblərinin fəaliyyətinə baxmayaraq, Azərbaycan və Aİ layihənin vaxtında başa çatmasını təmin etməlidir: "Bu məsələ Avropa üçün tədarüklərin diversifikasiyası olduğu halda, Azərbaycan üçün ixrac imkanlarının genişlənməsi deməkdir". Avropa İttifaqı Şurası prezidentinin sözlərinə görə, Azərbaycanın regionda Aİ-nin ən iri ticarət tərəfdaşı olmaq potensialı var: "Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə mühüm investorlardan biridir". O bildirib ki, Aİ Azərbaycanla gələcək ticarət əlaqələrinin genişlənməsində maraqlıdır: "Əlverişli ticarət və investisiya mühitinin yaradılmasında yaxşı idarəetmə və qanunun aliliyi əhəmiyyətli məsələdir. Ehtiyac olduğu təqdirdə, Aİ bu məsələdə Azərbaycana kömək etməyə hazırdır". D.Tusk həmçinin qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqla bağlı danışıqları tezliklə başa çatdıracaq: "Görüş çərçivəsində yeni ambisiyalı ikitərəfli razılaşma vasitəsilə ikitərəfli münasibətlərin daha effektiv möhkəmləndirilməsi imkanlarını müzakirə etdik". O deyib ki, tərəflər strateji tərəfdaşlıq sazişi üzrə danışıqların tezləşdirilməsinin zəruriliyini də qeyd ediblər. D.Tusk əlavə edib ki, Azərbaycan Prezidenti ilə görüş çərçivəsində "Şərq Tərəfdaşlığı" proqramı da müzakirə edilib: "Aİ hər bir tərəfdaşın fərdi istəklərini və maraqlarını ən yaxşı halda əks etdirmək niyyətindədir".
Avropa İttifaqı Şurasının prezidenti həmçinin vurğulayıb ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir: "Aİ və üzv ölkələr Dağlıq Qarabağı tanımır, status-kvo qeyri-sabitdir, münaqişənin sülh yolu ilə həll edilməsi isə Aİ üçün prioritet məsələ olaraq qalır. Bu məsələdə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləməyə davam edirik". D.Tusk Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin qüvvəyə minməsini, habelə ötən ilin payızında qüvvəyə minən readmissiya ilə bağlı müqaviləni alqışlayıb: "Bu, mühüm addımdır. Ötən il Şengen zonasına 70 min azərbaycanlı səfər edib ki, bu da 20 faizlik artım deməkdir. Verilən vizaların üçüncü hissəsi multivizalardır".
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun şərəfinə rəsmi nahar verilib.