PDF Oxu

Siyasət

  • 7

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi...

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi...
Həmsədrlər "nə etməli" sualına cavab tapa bilmirlər

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tam bir passivliyin müşahidə edilməsi, hətta cəbhədə atəşkəsin Ermənistan tərəfində daha çox pozulduğu müşahidə olunur. Vəziyyətin qeyri-müəyyən durumla üzləşməsi Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması hərbi əməliyyatların istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. Bunu ekspertlər 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə əlaqələndirirlər.

Elman Nəsirli: "ATƏT-in Minsk Qrupunun fəaliyyəti fəaliyyətsizlik kimi dəyərləndirilir"

"Hesab edirəm ki, olduqca mürəkkəb bir problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT rəhbərliyində hər hansı bir dəyişikliyin baş verməsi, elə də münaqişənin həlli imkanlarına təsir göstərən məsələ deyil". Bunu "SƏS" qəzetinə Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli bildirib: "Uzun illərdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olsalar da real addımlar ata bilməyiblər. Elə buna görə də 1992-ci ildən münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun fəaliyyətini fəaliyyətsizlik kimi dəyərləndirmək olar".

E.Nəsirli onu da qeyd edib ki, həmsədrlərin regiona çoxsaylı səfərləri, xarici işlər nazirləri, prezidentlər səviyyəsində görüş təşkil etmələri yalnız kəmiyyət əmsalı baxımından dəyərləndirilən məsələdir: "Amma bütün bu cəhdlərin keyfiyyət əmsalı yoxdur və o, sıfıra bərabərdir. Məhz buna görə də Minsk Qrupunun üzərinə böyük məsuliyyət düşür. Çünki onların Ermənistana təqdim etdikləri heç bir təklif düşmən tərəfdən qəbul edilmir. Hətta onların sonuncu dəfə irəli sürdükləri "Madrid" prinsipləri də faktiki olaraq Ermənistan tərəfindən rədd edilib. Belə olan halda hansı addım atmaq, hansı mövqe irəli sürmək olar? Hesab edirəm ki, bu suala ATƏT-in Minsk Qrupu cavab tapmalıdır. Amma ATƏT-in rəhbərliyində baş verən dəyişikliklər təəssüf ki, bu sualların cavab tapılmasına gətirib çıxarmayıb".

E.Nəsirli bildirib ki, regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun 2004-cü ildə start verdiyi "Praqa prosesinə" sadiqdir: "Bu proses çərçivəsində münaqişənin "mərhələli həll" yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı "Madrid prinsipləri"ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir".

Həmsədrlərin müəmmalı mövqeyi şübhə doğurur

Amerikalı həmsədr Ceyms Uorlik Rusiyanın "Vedomosti" qəzetinə verdiyi müsahibəsində ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarından ilk növbədə çıxarılmasını demir. O, Azərbaycan tərəfinin işğalın aradan qaldırılmasına olan yanaşmasını rədd edir və Uorlikin dünya erməniləri ilə çoxsaylı görüşlərinin nəticəsi olaraq indi ortaya "kompleks nizamlama" termini atıb. Bu, erməni tələblərini təmin edən paket həlli metodudur və paketdaxili müəyyən ediləcək (edilə biləcəksə) daxili mərhələlərdən ibarətdir. Göründüyü kimi, Uorlik ermənilərin torpaqlardan çıxmasını tələb etmir və ya birqiymətli olaraq torpaqlar qaytarılmalıdır demir, o buna "kompleks nizamlama"nın bir hissəsi kimi baxır. Ortada digər amillər var deyir və burada amillər dedikdə ermənilərin tələblərini nəzərdə tutur və bu tələblər yerinə yetirildiyi halda "kompleks nizamlama" çərçivəsində torpaqlar qaytarılmalıdır" bildirir.

Göründüyü kimi, həmsədrlərin erməni tərəfinə rəğbətli münasibəti və özlərinin təsdiq etdikləri kimi onların "Dağlıq Qarabağ məsələsində heç bir fikir ayrılıqlarının olmaması" nəticəsində bu cür yanaşmanın üzə çıxmasına gətirib. Həmsədrlər artıq açıq-aydın vasitəçi kimi yox, ermənilərin hüquqşünasları kimi çıxış edirlər və erməni tərəfinin arqumentini əldə əsas tutaraq işğalın bitməsini ermənilərin tələblərinə uyğunlaşdırmağa çalışır və ona da "kompleks nizamlama"nın bir hissəsi kimi baxırlar: Bu da Dağlıq Qarabağa müstəqillik verilmədiyi halda torpaqların qeyri-müəyyən olaraq erməni işğalında qalmasına aparır. Beləliklə də, C.Uorlik verdiyi müsahibəsi ilə həmsədrlərin ermənilərə olan rəğbətlərini təsdiq edib.

Mübariz Əhmədoğlu: "Uorlik qədər açıq ermənipərəst mövqedə dayanan digər həmsədr olmayıb"

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının, bunun əvəzində Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasının tərəfdarıdır: "Bu isə həm də Rusiya ilə Ermənistan arasında kommunikasiyaların müstəqillik dövründə yeni mərhələyə qalxmasıdır. SSRİ dövründə Ermənistana gedən dəmiryolu Azərbaycan ərazisindən keçirdi və bu yolla Ermənistana lazım olan məhsulların 85%-i daşınırdı. Rusiya hesab edir ki, Dağlıq Qarabağın statusu xeyli sonra müzakirə edilməlidir. Bu variant Azərbaycanın maraqlarına zidd deyil. Eyni dərəcədə Rusiyanın da maraqlarına cavab verir. Rusiya ilə Ermənistan arasında etibarlı kommunikasiyanın olması Ermənistanın Rusiyaya daha sıx inteqrasiya olunması anlamındadır".

Mərkəz rəhbəri hesab edir ki, ABŞ isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bütün məsələlərin və eyni vaxtda razılaşdırılmasının tərəfdarıdır: "Amerikalı həmsədr C.Uorlik "Madrid" prinsiplərini müdafiə edərkən də, sonradan bu variantı "Amerikan variantı" adında erməniləşdirərkən də məhz paket tənzimlənməsi ideyasını dəstəkləyirdi. Amerikalı həmsədr Uorlikin Rusiyanın "Vedomost"-i qəzetinə verdiyi müsahibə bunu aydın göstərir. "İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır" deyən həmsədr eyni zamanda iddia edir ki, işğal olunmuş ərazilər bütün məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu razılaşdırıldıqdan sonra Azərbaycana qaytarılmalıdır. Məhz bu yanaşma Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində əsas maneələrdən biridir. ABŞ-ın ermənipərəstliyi və Ermənistanın imitasiyaçılığı da buna söykənir.

Lakin bilmək lazımdır ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və sonda dövlətimizin başçısının dediyi fikirləri qeyd etmək yerinə düşərdi: "Bütün dünya ictimaiyyəti Azərbaycanı dəstəkləyir və mən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir".

A.SƏMƏDOVA