Bu mövzuda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatında tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında YAP Masallı rayon təşkilatı qadınlar şurasının "Erkən nikah və onun fəsadları" mövzusunda tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova müasir cəmiyyətin formalaşmasında müəyyən problemlər yaradan erkən nikahlara qarşı maarifləndirmə işlərinin daha geniş bir şəkildə aparılmasının vacibliyini vurğuladı.
Daha sonra çıxış edən qadınlar şurasının üzvü Nuranə Əliyeva erkən nikahlarla bağlı konkret statistik məlumatlar verməklə yanaşı bu neqativ halın qanunla tənzimlənmə mexanizmi ilə bağlı tətbiq olunan inzibati və cinayət məsuliyyəti haqqında danışdı. Bu qeyd olunan problemin həlli üçün cəmiyyətin birgə çalışması vacibdir. Təkcə qadınların deyil kişilərin də bu sahədə məsuliyyət daşıdığını və onların da maarifləndirilməsinə ehtiyac duyulur.
YAP Masallı rayon təşkilatı qadınlar şurasının üzvü Sevil Ağəmmədova erkən nikahların qarşısının alınmasında təhsilin böyük rol oynadığını vurğuladı: "Orta məktəbdən başlayaraq qız uşaqlarında təhsilə böyük marağın yaradılmasında və onların sonrakı həyatlarında təhsilin əhəmiyyətli yerə malik olması erkən nikah probleminin qarşısını alan amillərdən ən önəmlisidir. Çünki, ilk növbədə mükəmməl təhsil almağı düşünən gənc qızın həyatında ailə qurmaq ikinci plana düşür. Təhsil aldıqdan sonra ailə quran qızlar savadlı ana deməkdir və bu da yeni nəslin savadlı yetişməsində böyük rol oynayır".
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirdi ki, son zamanlar Heydər Əliyev Mərkəzində keçirilən nikah mərasimləri çox gözəl şəkildə təşkil olunur: "Gənclərin iştirakı ilə keçirilən bu mərasimdə Azərbaycan dövlətinin qanunları və Azərbaycan xalqının milli-mental dəyərləri çərçivəsində iki gəncin öz razılıqları əsasında qurduqları ailə həyatının təməli qoyulur. Sevindirici haldır ki, çox sayda gənc bizə müraciət edərək nikah mərasimlərinin məhz Heydər Əliyev Mərkəzində keçirilməsini istəyirlər".
Sonda çıxış edən YAP Masallı rayon təşkilatı qadınlar şurasının üzvü Göyçək Ələsgərova bu səpkidən olan problemlərin həllində təkçə müəyyən təşkilat və qurumlarla yanaşı yerlərdə də həmin təşkilatların nümayəndəlirinin rolu olmalıdır: "Cəmiyyətdə baş verən bu cür problemlərin həlli ilə məşğul olan qurumlar daim məlumatlandırılmalı və vaxtında informasiya ötürülməlidir ki, problemin qarşısı hüquqi əsaslarla alınsın. Ona görə də biz hamımız bu cür məsələlərdə diqqətli olamlıyıq, yaşadığımız ərazidə əsl vətəndaşlıq mövqeyindən çıxış edərək problemin qarşısının alınması təbliğat və maarifləndirmə işləri aparmalı, müvafiq qurumları xəbərdar edtməyə çalışmalıyıq".
Rəfiqə Kamalqızı