Son vaxtlar Azərbaycanın xarici siyasət kursu ciddi proseslərlə yadda qaldı. İlk olaraq Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər etdi və burada çox yüksək səviyyədə qarşılandı. Daha sonra ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdə Bakını Vaşinqtonun strateji tərəfdaşı olduğunu bildirdi. Eyni zamanda Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri ilə diplomatik əlaqələr özünün pik həddinə çatdı.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Elman Nəsirli: "Bu səfər göstərdi ki, Avropa Birliyi Azərbaycanla tərafdaşlığın inkişaf etdirilməsində olduqca maraqlıdır və israrlıdır"
"SƏS" qəzetinə açıqlama verən ekspertlər bildirirlər ki, Avropa Birliyi Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir və onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirib ki, hər iki tərəfin mövqeləri üst-üstə düşür və bu səfər deyilən həqiqətləri bir daha təsdiqlədi: "Avropa Birliyi Şurasının prezidenti Doland Tuskun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-Avropa Birliyi münasibətləri inkişafdadır. Eyni zamanda, onun çox geniş imkan potensialı mövcuddur. Bu səfərin əhəmiyyətli cəhəti ondan ibarətdir ki, İlk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı heç bir tutarlı faktlara əsaslanmayan qarayaxma kampaniyasının geniş vüsət aldığı, ard-arda Azərbaycanın beynəlxalq imicini zədələmək üçün heç bir hüquqi əsası olmayan "qətnamələr" qəbul edilirdi. Həmçinin, Avropa Birliyinin daxilində də müəyyən anti-Azərbaycan mövqeyi yaranmışdı. Lakin bütün bunlara baxmayaraq, səfər çərçivəsində AB Şurasının prezidenti bir daha şahid oldu ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müstəqil siyasət həyata keçirir və Azərbaycanın siyasəti yalnız ölkənin maraqlarına söykənir. İlk Avropa Oyunları başa çatdıqdan sonra Avropanın siyasi liderləri də, beynəlxalq təşkitların rəhbərləri də bu qərara gəldilər ki, Azərbaycan kimi regionun həlledici dövləti ilə qarşıdurma yolu səmərəli yol deyil. Ona görə də, Azərbaycanın regionda rolunu düzgün qiymətləndirmək və onunla səmərəli münasibətlər qurmaq lazımdır. Hesab edirəm ki, Avropa Birliyi Şurasının prezidentinin Azərbaycana səfəri dediklərimizi bir daha təsdiqlədi. Xüsusilə də, AB Şurasının sədri Azərbaycan Prezidenti ilə ikitərəfli formatda və eyni zamanda genişləndirilmiş tərkibdə, həmçinin mətbuatla ünsiyyətində olduğu zaman bir daha aydın oldu ki, Azərbaycan AB münasibətləri strateji xarakter daşıyır".
E.Nəsirli, həmçinin strateji münasibətlər məsələsinə də toxunaraq bildirdi ki, bu münasibətlər o zaman yaranır ki, tərəflər fundamental məsələlərdə bir-birlərinin mövqeyini müdafiə etsinlər: "AB ilə Azərbaycan münasibətlərinə qiymət verərkən iki fundamental məsələlər üzərində dayanmaq lazımdır: birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, ikincisi isə, enerji təhlükəsizliyi məsələləri. Səfər bir daha təsdiqlədi ki, bu məsələlərdə hər iki tərəfin mövqeləri üst-üstə düşür. Belə ki, Donald Tusk Bakıda olarkən bir daha aydın şəkildə bildirdi ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyirlər. İkincisi bəyan etdi ki, qondarma Dağlıq Qarabağ Respublikası deyilən bir qurumu tanımırlar. Üçüncüsü də, qeyd etdi ki, "status-kvo" vəziyyəti dəyişilməlidir. Bu üç mühüm məsələ Avropa Birliyinin münaqişəyə münasibətdə mövqeyini ifadə edir. Bir daha aydın oldu ki, AB bu məsələdə Azərbaycanla əməkdaşlıq etməyə prioritet sahə kimi baxır. AB enerji təhlükəsizliyi deyəndə, o enerji mənbələrinin şaxələndirməsi ideyasını dəstəkləyir, Azərbaycan isə enerji təhlükəsizliyi deyəndə enerji marşrutlarının şaxələnməsi ideyasını müdafiə edir. Göründüyü kimi, hər iki tərəf enerji məsələsində şaxələndirmə siyasətinə üstünlük verir. Eyni zamanda, ildə 500 milyard kubmetr qaza tələbatı olan Avropa Birliyi ölkələri çalışır ki, yeni alternativ enerji mənbə hesabına - yəni Azərbaycan hesabına bu sahədəki problemlərin həllinə nail olsunlar. D.Tuskun da Cənub Qaz Dəhlizi layihəsini müdafiə etməsi bir daha bu məsələdə də Bakı ilə mövqeləri üst-üstə düşdüyünü təsdiqləyir".
Beləliklə də, səfərin ümumi yekunlarının, səsləndirilən bəyanatların, müzakirə edilən məsələlərin müqayisəli təhlilini apardıqda belə bir nəticəyə gəlmək mümkündür ki, D.Tuskun səfəri Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial və yaxşı zəmin olduğunu göstərdi.
RƏFİQƏ KAMALQIZI